Xəbər verdiyimiz kimi azərbaycanlı oliqarx, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun adı son aylar İŞİD-la neft biznesində hallanır. Dünyanı lərzəyə salan İŞİD-in Fransadakı amansız terror aktlarından sonra supergüclər bu terror təşkilatına qarşı birgə mübarizəyə razılaşıb.
Türkiyədə keçirilən G-20 sammitində isə ilk növbədə bu terrorçu qruplaşmanın maliyyə kanallarının bağlanması razılaşdırılıb və bu istiqamətdə ciddi hərəkətlilik başlayıb. ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin bir müddət əvvəl açıqladığı məlumatda bildirilirdi ki, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanır. Bu xüsusda Mübariz Mənsimovun adı son aylar terrorçu qruplaşma ilə neft biznesində hallanır.
Maraqlı detallardan biri də budur ki, “Palmali”nin sahibi olduğu və neft daşımaçılığında istifadə olunan gəmilər sırasında “Əhməd Mahmudov” adlanan gəmi də var. Bu gəmi oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun atasının adını daşıyır. Gəmini 2007-ci ildə, Eldar Mahmudov nazir ikən istismara veriblər.
Həmin vaxt nazir olan Eldar Mahmudov da gəminin atasının adına adlandırılması münasibəti ilə Rusiyanın Nijni Novqorod şəhərinin “Krasnoye Sormovo” gəmiqayırma zavodunda olub. Təntənəli şəkildə keçirilən gəminin suya salınma mərasimindən Azərbaycanın dövlət teleqraf agentliyi – Azərtac (bu linkə keçid etməklə həmin tazı ilə tanış ola bilərsiz - http://azertag.az/xeber/AKADEMIK_AHMAD_MAHMUDOV_GAMISI_ISTISMARA_VERILMISDIR-378275) rəsmi məlumat yayıb.
Həmin rəsmi məlumatdan sitat:
“Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Əhməd Mahmudovun ailə üzvləri, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonunun rəhbərliyi, “Krasnoye Sormovo” zavodunun nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edən Əhməd Mahmudovun oğlu, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtirama görə “PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova ailə üzvləri adından minnətdarlığını bildirmişdir”.
Azərtac-dakı həmin məlumat bu sözlərlə bitir: “PALMALİ” əsasən neft məhsulları, xam neft, ərzaq və sənaye məhsullarının daşınması üzrə ixtisaslaşmışdır. Şirkətə məxsus quru yük gəmiləri isə bütün növ quru yüklərin daşınmasını həyata keçirir”.