İnsanlara hürriyət, millətlərə istiqlal!

Lapşinin Azərbaycandan üzr istəməsi yetərlidirmi?

992 23.01.2017 10:26 Gündəm A A
Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan Rusiya, İsrail və Ukrayna vətəndaşı olan blogger Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyev qarşısında üzr istəyib. Blogger məktubunda öz hərəkətlərinə görə üzr istəyib və bunun sadəlövhlükdən baş verdiyini qeyd edib. 

Lapşinin məktubu konsul tərəfindən təsdiq edilib və İsrailin Bakıdakı diplomatik nümayəndəliyi vasitəsi ilə Azərbaycan prezidentinə təqdim edilib.

Lakin üzrxahlıq məktubunda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını isə yazıb-yazmadığı barədə İsrail səfirliyinin konsulu heç bir açıqlama verməyib. Elə isə təkcə üzrxahlıq kifayətdirmi? Bu üzrxahlıqdan sonra Azərbaycan Lapşinlə bağlı necə davranmalıdır?

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Lapşinin üzrxahlıq məktubu İsrailin məsləhəti və bu ölkənin Belarusdakı konsulunun iştirakı ilə yazılıb. Bu isə Azərbaycana ikili vətəndaşlığı olan Lapşinə münasibətdə İsrail vətəndaşı kimi davranmağa imkan verir: “Ola bilsin ki, bu amil Azərbaycan tərəfindən nəzərə alınsın. Amma məsələnin digər tərəfi də var. Azərbaycan Lapşinin saxlanılması ilə bağlı Belarusa rəsmi müraciət edib. Daha sonra onun Azərbaycana ekstradisiyasını əsaslandıran sənədlər Belarusa göndərilib və adıçəkilən ölkənin prokurorluğu da ölkəmizin tələbini təmin edib. Belarus qanunvericiliyinə əsasən Lapşin prokurorluğun qərarından 10 gün müddətində apelyasiya verə bilər. Artıq bu 10 günün bir hissəsi geridə qalıb. Əgər Azərbaycan Lapşinin üzrxahlığını nəzərə alacaqsa, o zaman bu, müvafiq hüquqi prosedurlar səviyyəsində həyata keçirilə bilər. Ortalıqda cinayət işi və hüquqi qərarlar var. Yəni ya Lapşinin apelyasiyası təmin edilməli, ya da ekstradisiyadan sonra Azərbaycan tərəfi müvafiq qərar verməlidir. Bu, cinayət işinə xitam verilməsi, məhkəmə qərarı, yaxud əfv yolu ilə ola bilər”.

Siyasi analitik Şahin Cəfərli bildirdi ki, indiyə qədər Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş çoxlu sayda xarici ölkə vətəndaşının adı Azərbaycan tərəfindən “qara siyahı”ya salınıb, onların ölkəyə girişinə qadağa qoyulub: “Bu, şübhəsiz ki, doğru praktikadır, çünki Dağlıq Qarabağın ziyarətlərin sərbəst olduğu bir bölgə halına gəlməsi tədricən separatçı rejimə beynəlxalq legitimlik qazandıra bilər. Eyni zamanda, Azərbaycan XİN belə bir praktika da tətbiq edir ki, “qara siyahı”dakı şəxslər sonradan Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ üzərindəki suverenliyini tanıdıqlarını bəyan edərək üzr istədikdə, onlar əfv edilir, adları siyahıdan çıxarılır. Bunu da düzgün sayıram, çünki həmin şəxslərin bu addımından sonra onların adını siyahıda saxlamağa davam etmək bizə heç nə qazandırmaz. Aleksandr Lapşinin durumu isə bir az fərqlidir. Səhv etmirəmsə, o, işğal olunmuş ərazilərə qanunsuz səfərinə görə bu səviyyədə hüquqi təqibə məruz qalan ilk xarici vətəndaşdır. Bu da onun səfərlə kifayətlənməyib, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar etməsi, Ukrayna pasportunda adının fərqli yazılışından sui-istifadə edərək Azərbaycan dövlət orqanlarını aldatması və ölkə ərazisinə qanunsuz daxil olması ilə əlaqədardır. Ona görə də Lapşinin barəsində cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. Belarusun onu həbs etməsi və Azərbaycana ekstradisiya etmək qərarı bir tərəfdən iki ölkə münasibətlərinin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir, digər tərəfdən isə bu hadisənin çəkindirici amil kimi əhəmiyyəti böyükdür. Bu olay bir növ, başqaları üçün görk olacaq və onlar Lapşinin əməlini təkrarlamaqdan çəkinəcəklər”. 

Ekspert qeyd etdi ki, bloggerin Azərbaycandan rəsmi şəkildə üzr istəməsi və bu məsələdə İsrail tərəfinin iştirakı isə vəziyyəti dəyişir: “Məlum olduğu kimi, onun İsrail, Rusiya və Ukrayna vətəndaşlığı var. Rusiya hökuməti də Lapşinin həbsindən narahatlığını bildirib və Belarusu onu ekstradisiya etməməyə çağırıb. Məncə, həm üzrxahlıq, həm də İsrail və Rusiya kimi Azərbaycan hökumətinin yaxın tərəfdaşı olan mühüm dövlətlərin narahatlığı bu məsələdə öz rolunu oynayacaq. Lapşinin  Azərbaycan tərəfindən bağışlanmasını mümkün sayıram. Ola bilər ki, Belarus məhkəməsi ekstradisiya qərarından verilən şikayəti qəbul etsin və Lapşin azadlığa buraxılsın”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR