İnsanlara hürriyət, millətlərə istiqlal!

İstintaq rus səfiri öldürənin arxasındakı adamı axtarır

2196 20.01.2017 09:40 Gündəm A A

Ötən il dekabrın 19-da Ankarada bir sərgi salonunda öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı terror üzrə istintaq davam edir. Türkiyə mediası daha iki nəfərin şübhəli şəxs qismində həbs olunduğunu yazır.

Həbs olunanlardan biri polis əməkdaşıdır. Artıq onlar barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib və cəzaçəkmə müəssisəsinə göndəriliblər. Polislər terror təşkilatına üzvlükdə ittiham olunurlar. Xəbərlərdə qeyd olunur ki, şübhəli polis əməkdaşları Sercan Başar və Hasan T. ilə yanaşı kiçik sahibkar Enes Asım Silim, vəkil Serkan Ö., universitet müəllimi Əbdülqadir Ş. da saxlanılıb. Ancaq ilkin ifadələri alındıqdan sonra Əbdülqadir Ş. azad edilib. Məhkəmə Sercan Başar və Enes Asım Silimin FETÖ üzvü olmaq ittihamı ilə barələrində həbs qərarı çıxarılıb. 

İlkin araşdırmalara görə, polis əməkdaşı Sercan Başar polis məktəbində səfir Karlovun qatili Mevlüt Mert Altıntaşın “böyük qardaşı” olub. Bundan başqa, Altıntaşın ünvan olaraq göstərdiyi Ankaranın Demetevler rayonunda yerləşən ev də Sercan Başar tərəfindən kirayələnibmiş. 

Xatırladaq ki, səfir Karlov dekabrın 19-da Ankaranın mərkəzində təşkil olunan sərginin açılışı zamanı nitq söyləyərkən öldürülüb. Qatil Çevik Polis Qüvvələrinin əməkdaşı 22 yaşlı Mevlüt Mert Altıntaş olub. Türkiyə xüsusi xidmət orqanlarına görə qatil FETÖ üzvü olub və iki ölkə münasibətlərinə zərbə vurmaq üçün qətlə yetirilib. İstintaqçılara görə qatilin cinayət zamanı Hələb şüarı səsləndirməsi və radikal islamçı qruplaşma üzvlərinin jestlərini təkrarlaması iz azdırmaq məqsədi daşıyır. Sui-qəsdin istintaqını Türkiyə tərəfi aparır, eyni zamanda Rusiya tərəfi də gedişatla bağlı məlumatlandırılır. 

Image result for rus səfir

Ekspertlərə görə, bu qəsd Rusiyaya qarşı gizli kəşfiyyat savaşının bir epizodudur. İcraçının FETÖ və ya ən-Nusra üzvü (ikinci fikrə görə qatil bu qruplaşmanın üzvü olub - K.R) olması əsl məqsədə təsir etmir. Bu sui-qəsd Rusiyanın güclü dövlət imicini zədələmək, üstəlik, Rusiya ilə münasibətləri qaydaya salmağa çalışan rəsmi Ankaraya zərbə vurmaq məqsədi daşıyır. Rusların soyuqqanlı davranması, iki ölkə münasibətlərini zədəyələyəcək və ya qarşılıqlı ittihamlara səbəb olacaq ritorikaya yol verməməsi Moskvanın “daşın hardan atıldığını” bilməsi və ya ehtimal etməsi ilə bağlıdır. Ancaq qatilin hansı qruplaşma üzvü olması ilə bağlı həm Rusiya, həm də Türkiyədə birmənalı fikir yoxdur, hər iki qruplaşmanın adı səsləndirilir. 
Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov bir qədər əvvəl bildirib ki, istintaq hazırda bu qətli həyata keçirənin arxasında dayanan əsl sifarişçini tapmağa çalışır. “Kommersant” qəzetinə danışan Krasnov Rusiyada da səfirin öldürülməsi ilə bağlı cinayət işi açıldığını, türklərlə birlikdə istintaq apardıqlarını deyib. O deyib ki, indi əsas məsələ qatilin kimliyindən çox bu qətli sifariş edənlərdir: “Çünki cinayəti təşkil edən, planını quran və ilham qaynağı qatil qədər təhlükəlidir. Qatil Karlovun arxasında dayanırdı, bizim vəzifəmiz isə qatilin arxasında kimin dayandığını tapmaqdır”.

Cinayətin məhz FETÖ tərəfindən sifariş edilməsi sübuta yetirilərsə, bu işin ABŞ kəşfiyyatı ilə bağlılığı iddiası ortaya atılacaq. Çünki Türkiyə rəsmi dairələri də artıq FETÖ-nü ABŞ kəşfiyyatı ilə bağlı terror təşkilatı olaraq təqdim edir. Səfirə qarşı sui-qəsdin FETÖ ilə bağlılığının sübuta yetirilməsi bu hadisənin siyasi qalmaqala çevrilməsinə səbəb ola bilər. Bu səbəbdən də son zamanlar istintaq prosesi daha çox sakit qalmağa üstünlük verir. 

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR