İnsanlara hürriyət, millətlərə istiqlal!

İKİNCİ QARABAĞ MÜHARİBƏSİ DÜNYANI ƏHATƏ EDƏ BİLƏR

10041 14.09.2012 09:55 Gündəm A A
Məsələ ondadır ki, Ermənistanın regional müttəfiqi Rusiya ilə kollektiv təhlükəsizliklə bağlı müqaviləsi var. Öz növbəsində Azərbaycanın NATO üzvü Türkiyə ilə sazişi var. NATO-nun bir üzvünə hücum isə blokun bütün 28 üzvünə hücum sayılır. Budəfəki müharibə 90-cı illərin ”aşağı texnologiyalı" konflikti ilə müqayisədə qat-qat dağıdıcı olacaq. O daha qanlı olacaq və nəticələri bilinməyən genişmiqyaslı dövlətlərarası konfliktə çevriləcək".
Politoloq Qabil Hüseynli hesab edir ki, “Röyter”də çıxan məqalə ehtimallardır. Həmin ehtimallar bugünkü reallığa əsaslanaraq söylənib. Belə ehtimalları yaradan səbəblər isə Ermənistandakı urapartiotizmin baş götürüb getməsi, Ermənistanın təmas nöqtələrinə qoşunlar cəmləşdirməsi və davakar bəyanatlar verməsi ilə bağlıdır: “Azərbaycan tərəfindən isə yalnız ölkə başçısı bu günlərdə bir bəyanat səsləndirdi və burda da müharibəyə çağırış yox idi. Sadəcə, Azərbaycanı hədələyənlərə, qorxutmağa çalışanlara qətiyyətli cavab idi. Əslində Ermənistanda müharibə istəyən yoxdur. Çünki ermənilər yaxşı başa düşürlər ki, bu müharibədə onun itirəcəyi qazanacağından qat-qat çox olacaq. Üstəlik də Ermənistanda fevral ayında prezident seçkiləri yaxınlaşır. Belə bir şəraitdə Ermənistanın müharibəyə gedəcəyi məsələsi bir az şübhəli görünür. Digər tərəfdən, Azərbaycan da müharibə məsələsində hər şeyi ölçüb-biçir. Yaxşı başa düşür ki, Rusiya ilə hələ bir çox məsələləri həll eləməyib. Mən müharibə ehtimalının real olduğunu çox zəif görürəm. Müharibənin qarşısında dayanan Qərb dünyası var. Qərbin Azərbaycanda böyük sərmayəsi var və yeni layihələri gündəmdədir. Bütün bunlar strateji layihələrdir. Müharibə isə bu layihələrin hamısının üstündən xətt çəkə bilər. Ona görə Qərb ölkələri və hələlik Azərbaycanın özü də bölgədə geosiyasi vəziyyətin onun xeyrinə olmadığını yaxşı başa düşür. Bu nöqteyi-nəzərdən müharibə variantını ağlının bir guşəsində saxlasa da açıq bəyan etməyə çox da meyllənmir. Bölgədə müharibəni istəyən bir Rusiyadır, bir də İrandır. Əgər Rusiya aranı qarışdırıb Ermənistanı Azərbaycanın üzərinə qısqırdsa, Qərb biganə qalmayacaq. Nəticədə ”Röyter"in yazdıqlarına bənzər mənzərə yarana bilər".    
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri “Röyter” agentliyində ikinci Qarabağ müharibəsinin daha böyük arealı əhatə edəcəyi barədə yazılanların doğru olduğunu bildirdi: “Dünya güclərinin təmsilçiləri də zaman-zaman bəyan edirlər ki, Qarabağda müharibə alovlanacağı halda onun alovu bütün bölgəni bürüyəcək. NATO-nun baş katibi Rasmussenin Azərbaycana səfəri zamanı da belə bir fikri oldu ki, Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Bu fikrin arxasında duran məqam ondan ibarətdir ki, proses hərbi fazaya keçdiyi təqdirdə Azərbaycan-Ermənistan savaşından çıxaraq regional və qlobal səviyyədə böyük bir münaqişə ocağına çevrilə bilər. Təbii ki, onlar bunu deyəndə prosesə Ermənistanın strateji müttəfiqi olan Rusiyanın müdaxiləsi və bunun fonunda Azərbaycanın strateji müttəfiqi qardaş Türkiyənin prosesə müdaxiləsi, sonra isə İranın bu vəziyyətdən sui-istifadə etməsi ehtimalının olduğunu nəzərə alırlar. Qarabağ savaşının qlobal müharibəyə gətirməsi ehtimalı kifayət qədər yüksəkdir. Belə bir geniş miqyası alacaq savaşdan təkcə Ermənistan və Azərbaycan deyil, bütün regiona böyük zərərlə çıxacaq. Çünki cənubi Qafqazda başlayan savaş dərhal Şimali Qafqaza da sıçrayacaq. Şimali Qafqaza keçən yanğın isə Gürcüstanı, Rusiyanı, Qara Dənizi əhatə edə bilər. Yəni vəziyyət çox təhlükəli həddə qədər inkişaf edə bilər. Bu da böyük dağıdıcı proses olacaq. Ona görə də hesab edirəm ki, Azərbaycan böyük müharibə deyil, terror və separatizm əleyhinə lokal, cəld hərbi əməliyyatlar keçirə bilər. Bu cür əməliyyatların keçirilməsi zaman-zaman lazımdır ki, bütövlükdə danışıqlara dinamika gətirə bilsin. İndiki vəziyyət çox təhlükəli həddə gəlib çıxıb. Artıq Ermənistan danışıqlardan imtina edir, dünya gücləri prosesin yeni şəkil aldığı haqqında xoşagəlməz bəyanatlar verirlər. Sülh danışıqları bitirsə, Azərbaycanın hərbi yola əl atmasından başqa yol qalmır. Regionda isə elə həssas vəziyyət yaranıb ki, ən kiçik qığılcım belə bütövlükdə bütün regionu yandıra bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR