İnsanlara hürriyət, millətlərə istiqlal!

“HİNDİSTAN QANQSTERİ AZƏRBAYCANDADIR”

9058 07.05.2011 09:59 Gündəm A A

Qəzet Hindistan kəşfiyyatının məxfi dosyesinə istinadən bildirir ki, İSİ bu məşhur terrorçunu, “Hindistan qanqsteri” kimi tanınan Davud İbrahimi ya Azərbaycana, ya Tacikistana qaçırıb. Qəzetin yazdığına görə, Pakistan xüsusi xidmət orqanları bin Ladendən sonra onun ölkənin başına problem açmasını istəməyib. Hindistan uzun müddətdir Davud İbrahimin Pakistanda gizləndiyini bildirir, onun tutulub təhvil verilməsini tələb edir. D.İbrahimin adı Hindistanın Pakistandan tələb etdiyi 40-dan çox cinayətkarın siyahısında yer alır.
Bəs Davud İbrahim kimdir? Vikipediya internet ensiklopediyasında yer alan məlumatla görə, onun əsl adı Şeyx Davud İbrahim Kaskardır. 1955-ci ilə anadan olub. O, Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəridir. D.İbrahimin mütəşəkkil qruplaşması “D-Company” adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi “əl-Qaidə” ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu “qlobal terrorçu” elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. Bildirilir ki, D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, “həvalə” kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir. Bu sistem terrorçuların bir-birlərinə pul ötürməsi üçün geniş istifadə olunur. Bildirilir ki, D.İbrahimin “əl-Qaidə” lideri Üsəma bin Ladenlə də əlaqələri olub. Onun haqqında Hindistanın “Bolliwuud” studiyası çoxlu sayda film çəkib, əksər hind filmlərində mafiya lideri və qanqster obrazı D.İbrahimin personası üzərində qurulub. Bir sözlə, D.İbrahim kifayət qədər təhlükəli şəxsdir və dünyanın ən güclü mafiya liderlərindən biridir. Ona görə də onun Pakistan kəşfiyyatı tərəfindən ölkədən çıxarılaraq iddia olunduğu kimi Azərbaycana, yaxud Tacikistana qaçırılması barədə xəbərə ciddi yanaşmaq lazım gəlir.
Məlumdur ki, Hindistanla Pakistan arasında müharibə vəziyyəti hökm sürür, bu baxımdan bu iki ölkənin bir-birlərinə ən müxtəlif ittihamlar yönəltməsi təəccüblü görünmür. Ancaq indi tərəflərdən birinin digərinə qarşı irəli sürdüyü iddiada Azərbaycanın da adını hallanır.
Bu iddia ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. O xəbərin məzmunu ilə tanış olandan sonra bildirdi ki, məsələ ilə bağlı araşdırma apardıqdan sonra şərh verə bilərlər. MTN-dən isə bildirdilər ki, onlar da sözügedən qəzetdə yer almış xəbərlə tanış deyillər və ancaq araşdırmadan sonra rəsmi şərh verə bilərlər. “Ümumiyyətlə, xəbərin məzmunundan da belə görünür ki, iddia heç bir ciddi mənbəyə, dəlilə əsaslanmır, ağlabatan görünmür və ciddi xarakter daşımır. Aydın deyil ki, bu cür iddialar irəli sürərkən nəyə görə Azərbaycanın adını hallandırıblar” deyə, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR