İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZ PROBLEMLƏRLƏ ÜZLƏŞİB

1786 12.01.2012 09:57 Gündəm A A
“Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı bildirdi ki, Gürcüstanın Saqareco rayonunun Qaraçöp adlanan ərazisində yeddi kəndə məxsus 5200 hektar ərazi gürcü iş adamına satılır. Həmin rayon Tiflisdən 47 kilometr aralıda yerləşir. 25 min azərbaycanlının yaşadığı Düzəyrəm, Keşəli, İor-muğalı, Ləmbəli, Tüllər, Baldo, Qarabağlı və Qazlar kəndlərinin sakinləri örüş və əkin sahələrini itirmək təhlükəsi ilə üz-üzə qalıb".
Kamran Ramazanlı qeyd etdi ki, torpaq haqqında qanuna görə, torpaq birinci növbədə yerli icarədara təklif olunmalıdır, lakin bu qanun pozulur: “Borçalıda 30 faizə qədər özəlləşdirilmiş torpaq sahəsi azərbaycanlılara məxsusdur. Azərbaycan dövlətinin Gürcüstana yardımlar etməsinə baxmayaraq orada yaşayan soydaşlarımızın hüquqları tapdalanır”.
Tofiq Mirzəyev bildirdi ki, Gürcüstan qanunvericiliyinə əsasən qonşu dövlətlərlə sərhəddən 21 kilometr aralı ərazilərdə özəlləşdirilmə aparıla bilməz: “Borçalı həm Azərbaycan, həm də Ermənistanla sərhəd bölgədə yerləşir. Deməli, əksər hissəsində azərbaycanlılar yaşayan bu torpaqlar özəlləşdirilməyərək dövlət mülkiyyətində qalmalıdır. Problemlər tək kənd təsərrüfatında deyil, başqa sahələrdə də mövcuddur. Azərbaycan məktəblərinin əksəriyyətinə, təxminən 14 məktəbə gürcülər direktor təyin olunub. Məktəblərə 5-10 nəfər gənc gürcü müəllimlər təyin edilərək yerli müəllimlər işdən çıxarılır. Səbəb kimi azərbaycanlıların gürcü dilini bilməməsi göstərilir. Bu hal pedaqoji qayda-qanunlara ziddir. Azərbaycanlıların gürcü dilini bilməməsi Gürcüstan dövlətinin problemidir. Siyasi proseslərdə də soydaşlarımızın hüquqları pozulur. Azərbaycanlılar tərəfindən yaradılan QHT-lər beynəlxalq tədbirlərə dəvət olunmur. Borçalı bölgəsində 350 minə yaxın azərbaycanlı seçicinin parlamentdə 3 deputatı var. Reallıqda bu qədər seçici ən azı 20-22 deputatın seçilməsi üçün əsasdır. Gürcüstan Respublikasında qanunlar gürcü dilində nəşr olunur. Buna görə də azərbaycanlılar məlumatsızlıq ucbatından problemlərlə üzləşirlər”.
Hidayət Nuriyev isə kənd adlarının gürcüləşdirilməsi probleminə toxundu: “Bolnisi rayonunda 29 kəndin adı dəyişdirilib. Marneuli rayonunda 17 kəndin adını dəyişmək istədilər, lakin vaxtında görülən tədbirlər nəticəsində bunun qarşısı alındı”.
T.Mirzəyev Borçalıya muxtariyyət tələbi ilə səsləndirilən fikirlərə də münasibət bildirdi: “Biz istəyirik ki, azərbaycanlılar dədə-baba torpaqlarından məhrum edilməsinlər. Azərbaycanlılarla gürcülər əl-ələ verib yaşasınlar. Problemlər hər iki dövlət başçılarının miqyasında həll olunsun. Muxtariyyət söhbətlərinə ehtiyac yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR