İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİLƏRİN 24 APREL YALANINA QARŞI NƏ ETMƏLİ?

2539 18.04.2012 09:36 Gündəm A A

Düzdür, ermənilər bütün ilboyu “soyqırım” iddialarını dünya parlamentlərində qəbul etdirməyə çalışır, bu istiqamətdə dəridən-qabıqdan çıxırlar. Elə fevral ayında Fransa Senatında qondarma soyqırımı inkar edənlərlə bağlı qanunun qəbuluna necə canfəşanlıqla səy göstərdiklərini də hər kəs gördü. Ancaq aprelin 24-nün dünya erməniləri və onların havadarları üçün xüsusi önəmi var. Erməni lobbisi həmin gün Amerikanın birinci şəxsindən “soyqırım” ifadəsini qopartmaq üçün ilboyu göz yaşı axıdır, müxtəlif təzyiq rıçaqlarına əl atır, lakin buna nail ola bilmir. Yəqin ki, bu il də ənənəvi metodlara əl atılacaq. Hələ bir neçə il əvvəl Türkiyə dövləti son yüz illik arxiv sənədlərini açmağa, onların erməni-türk tarixçilərinin birgə iştirakı ilə araşdırılması üçün imkan yaratmağa hazır olduğunu bildirsə də, ermənilər bundan qəti imtina etdi. Bu isə o deməkdir ki, erməniləri tarixi həqiqət qəti maraqlandırmır, onlar kor tutduğunu buraxmayan kimi saxta iddialarla, “Böyük Ermənistan” xülyası ilə dünyanın gündəmində qalmaq niyyətindədir. Dünyanın 30-dan çox ölkəsinin parlamentində qondarma soyqırımın tanınması ermənilərin öz niyyətlərinə müəyyən qədər çatmalarından xəbər verir. Ancaq şübhə yox ki, son vaxtlar erməni yalanlarının ifşasında Azərbaycan və Türkiyə birgə səylər göstərməkdə, müəyyən uğurlara nail olmaqdadır. Fransa Senatının “soyqırım”la bağlı məlum absurd qərarının ləğvi də məhz bu əməkdaşlığın nəticəsində baş verdi. Bu ilin fevralında İstanbulda keçirilən möhtəşəm Xocalı yürüşü də Azərbaycanla Türkiyənin dostluq və qardaşlığının əyani nümayişi, tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından önəmli oldu. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan və türk diaspor təşkilatları hər il olduğu kimi bu il də 24 aprel ərəfəsində erməni təbliğatına cavab aksiyaları keçirməyi planlaşdırır. Bu aksiyalar əsasən piketlər formasında keçiriləcək və ermənilərin Türkiyənin xaricdəki səfirlikləri qarşısındakı piketlərinin cavabı olacaq. Ancaq hesab olunur ki, bu, yetərli deyil. Məsələn, 24 apreldə Bakıda, Xocalı abidəsi qarşısında böyük bir aksiya düzənlənə bilərdi.
Elman MəmmədovMilli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, bir variantda “it hürər, karvan keçər” məntiqi ilə yanaşıb ermənilərin qondarma “soyqırım” iddialarına cavab verməmək də olar: “Biz bunlara çox diqqət yetirdikcə sanki onların iynəsi tikiş tutur, haqlı olduqlarını düşünüb bir az da qızışırlar və qudururlar. Bunların havadarları və onlara fitva verənlər də fürsətdən istifadə edib türk dünyasına təzyiq edirlər ki, biz də ”soyqırım"ı tanıya bilərik. Tanıyıb neyləyəcəksən? Lap tanı. Bu günə qədər tanıyanlar nəyə nail olublar ki, sən nə də nəsə edəsən". E.Məmmədov eyni zamanda hesab edir ki, ermənilər uydurduqları 24 aprel tarixində əslində Türkiyə və Azərbaycan ərazisində, Ermənistan adlandırılan Qərbi Azərbaycanda türklərə qarşı soyqırım törədiblər: “Mövcud olan toplu məzarlıqlar da onu göstərir ki, ermənilər və onların havadarları tərəfindən türklərə qarşı soyqırım törədilib. Bu mənada həm də düşünürəm ki, biz həmin gün ermənilərdən də güclü aksiyalar keçirməliyik. Hər halda, biz cavab tədbirləri keçirməliyik, ancaq müdafiə yox, hücum xarakterli, onlardan daha aqressiv, daha güclü, daha həqiqətə uyğun formada”. E.Məmmədov bildirdi ki, Türkiyə və Azərbaycanın birgə tədbirləri ilə bağlı hələlik hansısa məlumata malik deyil.
Fazil MustafaDeputat Fazil Mustafa deyir ki, əslində erməni iddialarına qarşı Türkiyə və Azərbaycanın birgə tədbirləri olmalıdır və bu tədbirlər Xocalı soyqırımı ilə bağlı tədbirlərin davamı kimi düşünülməlidir: “Ona görə ki, ermənilərin iddiaları hər iki dövlətə, hər iki dövlətin insanlarına qarşı haqsız iddialardır. Erməni iddialarını müəyyən dərəcədə zəiflətmək üçün səylərin birləşdirilməsi vacibdir. Xüsusilə də 24 aprellə bağlı ermənilərin gözlənilən kampaniyasına cavab verilməlidir. Bütün hallarda Azərbaycan ictimaiyyətinin arzusu budur ki, hər iki dövlətin proqram xarakterli müəyyən addımlarının koordinasiya olunmasını nəzərdə tutan sənəd hazırlansın. Bu kimi məsələlərdə məncə, QHT-lərin üzərinə çox yüklənmək lazım deyil. Bu addımlar dövlət səviyyəsində atılmalıdır. Azərbaycanda da müəyyən tədbirlər keçirilməlidir və Türkiyədə də belə tədbirlərin dəstəklənməsi istiqamətində Azərbaycanın addımları olmalıdır. Bu, həm də ona görə lazımdır ki, Xocalı soyqırımı Azərbaycan ərazisində baş verdiyinə və iddialar Azərbaycanla bağlı olduğuna görə Türkiyə öz ərazisində baş vermiş bir hadisə kimi buna münasibət bildirdi. Türkiyə ərazisi ilə əlaqədar yalan iddialara qarşı isə Azərbaycan məsələni öz problemi kimi qəbul edərək gərəkən cavab verməlidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR