İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Vəliyev Rəsulzadənin büstü ilə bağlı danışdı

10122 03.06.2015 13:27 Gündəm A A
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rəhbərlik etdiyi şəhərdə bir müddətdir davam edən büst qalmaqalına münasibət bildirib. İcra başçısı Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin büstünün illərlə torba keçirilərək saxlanılması ilə bağlı qısa danışıb. O, musavat.com-a açıqlamasında bildirib ki, məsələnin ona aidiyyatı yoxdur: “Aidiyyatı üzrə müraciət edin. Həmin park Dəmiryol İdarəsinin balansındadır”. 

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəli ilə bağlı uzun müddətdir qalmaqal yaşanır. Qalmaqal qısa müddətli nəticə də verib. Belə ki, iyunun 1-də abidənin üzərindəki çuval götürülüb. Ancaq iyunun 1-də açılan büst ayın 2-də yenidən qapadılıb. 
 
Bu məsələ parlamentin sonuncu iclasında da müzakirə edilmişdi. Deputat Sabir Rüstəmxanlı Rəsulzadənin büstü ilə bu cür davranışa görə Gəncə Şəhər İcra Hakimiyyətini sərt formada tənqid etmişdi. Deputat Musa Quliyev isə həmkarının bu tənqidinə sərt formada cavab verərək demişdi ki, S.Rüstəmxanlı ilə nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Həmin park da Nəqliyyat Nazirliyinin balansındadır. “Qudasından xahiş etsin, büstün başına keçirilən çuvalı çıxartdırsın” – deyə M.Quliyev məsələyə öz münasibətini bu formada bildirmişdi. Bundan sonra məsələyə Z.Məmmədovun deputat qardaşı Elton Məmmədov da qarışmışdı və Musa Quliyevi boş-boş danışmaqda suçlamışdı. Bu məsələ mətbuatda və sosial mediada hələ də müzakirə olunur. 

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmiləri bundan öncə verdikləri açıqlamalarda məsuliyyəti bir-birlərinin üzərinə ataraq, sözügedən parkın onların balansında olmadığını sübut etməyə çalışmışdılar. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov “Modern.az” saytına bildirib ki, “Azərbaycan Dəmir Yolları”nın bu məsələyə heç bir aidiyyatı yoxdur: “Çünki büst olan park Gəncə Şəhər İcra Hakimiyyətinin balansına verilib”. 

Rəsulzadə İrsini Araşdırma Fondunun rəhbəri, tarixçi alim Nəsiman Yaqublu isə bildirir ki, Cümhuriyyətin banisinin büstü ilə bağlı baş verənlər sayğısızlıqdır: “Rəsulzadəyə qarşı sayğısızlıq Azərbaycan dövlətinə qarşı sayğısızlıqdır. Bundan əvvəl də Rəsulzadənin büstü Keşlə Dəmiryol Vağzalından götürülüb. O zaman da etirazımı bildirmişəm. Bu addımın atılması, bu münasibətin göstərilməsi Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı sayğısızlıqdır. Əvvəla, Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur və Azərbaycan Xalq Cümhuriyyətini yaradan ilk şəxsiyyətdir. İkincisi, bu Cümhuriyyətin müəyyən dövr fəaliyyəti Gəncədə olub. Büstlə bağlı bu cür hərəkət etik deyil. Rəsulzadəyə qarşı belə münasibət sayğısızlıqdır. O icra başçısının Azərbaycan dövləti tarixindən xəbəri varmı? Kimdir, hansı təhsilə sahibdir ki, bu hərəkətləri edir? Mənə elə gəlir ki, bu adamı hərəkətlərinə görə dövlət başçısı ciddi şəkildə cəzalandırmalıdır. Çünki bu cür icra başçıları Azərbaycan dövlətini gözdən salırlar. Onların etdiyi hərəkətlər Azərbaycan dövlətçiliyinə qarşıdır. Düşünürəm ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev bu cür icra başçılarını cəzalandıracaq. Rəsulzadəyə görə yox, ən azı Azərbaycan dövlətinə etdikləri sayğısızlıqlara görə”.

Qeyd edək ki, iyunun 3-də Müsavat Partiyası da Rəsulzadənin büstünə qarşı sayğısızlıqla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: “Azərbaycan Xalq Cümhuriyyətinin banisi, həyatını Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr etmiş Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın müxtəlif yerlərində olan azsaylı abidələrinə qarşı vandalizm halları davam etməkdədir. M.Ə.Rəsulzadənin qurduğu universitetdən adının götürülməsi, Bakı şəhərinin mərkəzində heykəlinin ucaldılmasına qadağa qoyulması, büstünün Bakı Metropoliteninin ərazisindən götürülməsi, metronun “28 May” stansiyasının içərisindəki divarda həkk olunan portretinin sökülməsi, Ağcabədi, Ağsu rayonlarında olan büstlərinin götürülməsi faktlarına indi də Gəncə şəhərində daha bir hadisə əlavə olunub. Azərbaycan Milli Məclisində VHP sədri Sabir Rüstəmxanlı tərəfindən səsləndirilən fikirdən məlum olur ki, dövlət müstəqilliyimizin elan olunduğu Gəncə şəhərində yerli rəhbərlik tərəfindən M.Ə.Rəsulzadənin büstünün təmir olunması adı ilə başına çuval keçirilib və bununla da həm tariximizə, həm də bütün Azərbaycan xalqına hörmətsizlik edilib. Araşdırma nəticəsində məlum olub ki, təmir-bərpa adı verilən bu əməliyyata uzun müddət bundan əvvəl başlanılıb və indiyədək büstün təmirini yüksək iqtisadi inkişafdan danışan hakimiyyət nümayəndələri tərəfindən həyata keçirilmir. Müsavat Partiyası hakimiyyətin M.Ə.Rəsulzadənin müqəddəs xatirəsinə qarşı baş verən bu vandalizm aktını dövlətçiliyə qarşı yönələn bir hadisə kimi qətiyyətlə pisləyir, ulu öndərin Azərbaycanın bütün ərazilərindəki abidələrinin bərpasını və bu hadisənin günahkarlarının cəzalandırılmasını tələb edir”. 

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR