İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir mətbuat konfransının tarixi" adlı sənədli film təqdim olundu - FOTOLAR, VİDEO

5470 19.01.2017 15:15 Gündəm A A
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmin təqdimatı keçirilib. Filmin mövzusu mərhum prezident Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada təşkil etdiyi mətbuat konfransına həsr olunub. 

Həmin konfransda H.Əliyev 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirərək, hadisəyə siyasi qiymət verib. Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirib. Bununla yanaşı, Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəliblər və nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılıb və yanlış ictimai rəy aradan qalxıb. 

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, öncə tədbir iştirakçılarını 20 yanvar faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Ardınca sözügedən tarixdə baş vermiş tarixi xronologiyanı yada salaraq, həmin faciəli hadisəni təhlil edib. MŞ sədri deyib ki, həmin vaxt Azərbaycan Televiziyası işləmirdi. 

Hadisələri həmin vaxt dünyaya çatdırmağın mümkünsüzlüyünü yada salan Ə.Amaşov ilk haqq səsinin Moskvadan, Heydər Əliyevdən gəldiyini deyib: “O, öz çıxışında Azərbaycanın yerli rəhbərliyinin səriştəsiz olmasını, hadisələrdən düzgün nəticə çıxarmamasını qeyd etmişdi. Rəhbərliyin düzgün seçilməməsi, düzgün qərarların verilməməsi də onun səsləndirdiyi ittihamlar sırasında idi. O, bu hadisələrə düzgün hüquqi qiymətinin verilməsini tələb etdi. Biz də düşünürük ki, SSRİ-nin hələ mövcud olduğu bir dövrdə həmin mətbuat konfransının keçirilməsi, o hadisələrə siyasi qiymətin verilməsi ciddi hadisə idi. Məhz həmin konfransdan sonra dünyanın müxtəlif KİV-lərində materiallar getməyə başladı”. 

Ə.Amaşov qeyd edib ki, «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmdə bütün bu məqamlara nəzər salınıb, Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer alıb: “Onu da bildirim ki, «Bir mətbuat konfransının tarixi» sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi «Qulp studio» tərəfindən hazırlanıb”.

45 dəqiqəlik sənədli filmin nümayişindən sonra onun ətrafında müzakirələr də gedib. Ekspert Cavanşir Mehdiyev bildirib ki, bu konfrans Azərbaycan xalqının həyatında əhəmiyyətli rol oynayıb. O, filmin geniş ekranlarda nümayiş etdirilməsinə ehtiyac olduğunu vurğulayıb. 

BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədlinin fikrincə, bu filmdə H.Əliyevin təkcə haqsızlığa qarşı etirazı, hadisələrə qarşı yanğısı görünmür. Onun sözlərinə görə, filmə baxandan sonra onun sözün həqiqi mənasında “ümummilli lider” statusunu qazandığı dəqiq görünür: “Heydər Əliyev Rusiya kimi bir nəhəng dövlətin qarşısına çıxıb, onu ifşa etdi. Onun göstərdiyi cəsarəti heç də hamı göstərə bilməz”.

Ə.Amaşov isə çıxışında vurğulayıb ki, 20 Yanvar təkcə faciəvi gün deyil, eyni zamanda qəhrəmanlıq səlnaməsidir. Onun sözlərinə görə, H.Əliyev Moksvada bu hadisələrə qiymət verməklə, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırıb. 

Filmin müəllifi, əməkdar jurnalist Mübariz Əsgərov bildirib ki, bu filmə göstərilən dəstəyə görə təşəkkür edir: “Bu günlərdən mənim yadımda qalan əsas məqam odur ki, 10 minlərlə adam 20-30 kilometr yolu gedib, etiraz mitinqlərini keçirirdi. Matəm mitinqi deyildi. Matəm mitinqi olsa, məscidə gedərdik. O yol bizim üzümüzə açıq idi. O faciə bizi birləşdirmişdi. Mən çox istərdim ki, biz millət olaraq, hər zaman belə dar məqamlarda bir yerdə olaq”. 

Sevinc, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR