İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidəki yanğınla bağlı məhkəmədən yeni məlumatlar

1393 01.07.2016 09:42 Gündəm A A
Bakı Ağır Cinayətlər Məhkəməsində  2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə hazırlıq iclası davam etdirilib. Hazırlıq iclasının davamında təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərinə münasibət bildirib, dövlət ittihamçısı çıxış edib. Xatırladaq ki, sonuncu prosesdə təqsirləndirilən şəxslərin vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslər barəsindəki cinayət işlərinin təqibinə xitam verilməsi və onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər qaldırıb. 

Dünən keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər vəkillərin vəsatətlərinə münasibət bildiriblər. Təqsirləndirilənlərdən “Global Construction” MMC-nin İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov çıxışında vəsatətləri müdafiə etdiyini bildirib: “İlk növbədə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verirəm. 13 aydır həbsdəyik. Ancaq bizdən heç nə soruşmurlar. Niyə həbs edildiyimizi bilmirik. İstintaqın bu şəkildə aparılması mənəvi olaraq bizi hər gün öldürüb-dirildir. Vəsatətlərin təmin edilməsini xahiş edirik”.

“QlobalStone” MMC-nin baş direktorunun müavini Uğur Bəşirov isə çıxışında istintaq zamanı vəkili ilə görüşdürülməməsindən narazılığını bildirib: “İstintaq zamanı iş materialları ilə tanış olmamışam. Vəkilimlə görüşümə icazə də verilməyib. İfadə verərkən belə vəkilimlə görüşə icazə verilmədi. İstintaq materiallarında mənim həbs edilən şəxslərlə 2010-cu ildən əlbir olduğumu birlikdə iş gördüyümüz qeyd edilib. Ancaq mən 2010-cu ildə heç Bakıda olmamışım. Bu da ən azından onu sübut edir ki, bu ittiham əsassızdır”. 
Hazırda təqsirləndirilənlərdən, ev dustaqlığında olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxışında ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu və vəsatətlərin təmin edilməsini istəyib: “Mənə qarşı olan ittihamda qeyd edilib ki, mən həkim olaraq texnoloqun savadını yoxlamamışam. Axı mən necə bunu edə bilərdim? Bu çox məntiqsiz ittihamdır və əsassızdır”.  

Təqsirləndirilən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri, hazırda ev dustaqlığında olan Ağacavad Məmmədovun vəkili bildirib ki, müəvəkkilinin vəziyyəti ağırdır: “Xahiş edirik ki, səhhəti normallaşana qədər iş ayrılsın və icraatı dayandırılsın. Həkim rəyi də var ki, onun məhkəməyə gəlməsi səhhətinə ciddi problem yaradır”. Zərərçəkmişlər Feyzullah Bağırov, Tofiq Mustafayev, İdris Xəlilov, Səbinə Manafova, Heyvagül Əfəndiyeva vəkillərin vəsatətlərini müdafiə edərək təmin edilməsini istəyiblər. Sonda çıxış edən dövlət ittihamçısı qaldırılan vəsatələrdən həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün səbəb olmadığını bildirib. Prokuror yol verilməz sübutların cinayət işindən xaric edilməsi ilə bağlı vəsatətlərin baxılmamış saxlanılmasını istəyib. O, ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib. Müşavirədən qayıdan məhkəmə heyəti qaldırılan vəsatətlərin təmin olunmadığını və işin məhkəmə baxışına göndərildiyini elan edib.

Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. 
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İlkin MURADOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR