İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumi qalmaqalından sonra Praqada müəmmalı görüş

1574 26.11.2014 23:12 Gündəm A A

Noyabrın 26-da Azərbaycanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, çexiyalı nazir Lubomir Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin  sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Xəbərdə deyilir ki, Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilib. Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə edib.

İlk baxışdan yanaşanda bu kimi görüşlər diplomatlarımız tərəfindən vaxtaşırı keçirilir və ən müxtəlif məsələlər müzakirə mövzusu olur. Lakin Çexiyadakı böyükelçimizin bu ölkənin XİN-ində məhz belə bir ərəfədə olmasının xüsusi özəlliyi olmamış deyil. Belə ki, ötən həftə məhz Çexiyanın “People in Need” təşkilatının təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində keçirilən tədbirdə anti-Azərbaycan mövqeli hallar yaşanmışdı. Qurumun “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” çərçivəsində keçirdiyi Vətəndaş Cəmiyyəti Forumu zamanı foyedə Azərbaycan əleyhinə plakatlar asmağa cəhd göstərilmiş, daha sonra separatçı Dağlıq Qarabağ ermənilərinin “vətəndaş cəmiyyətinin təmsilçiləri” kimi tədbirdə tərəf kimi iştirakına, həmçinin məhv edilən Ermənistan vertolyotu barədə sənədin qəbuluna çalışılmışdı. Ermənistan nümayəndə heyətinin təşkilatçılardan aldığı dəstəyə Azərbaycan nümayəndə heyətinin bir sıra üzvlərinin sərt etirazından sonra təxribatların qarşısı alınmışdı. Təşkilatçılar hətta tədbiri obyektiv işıqlandıran azərbaycanlı jurnalist Rauf Arifoğlunu düzgün informsiya çatdırmamaqda günahlandırmaqdan da çəkinməmişdilər. Bunun ardınca isə Çexiyadan baş verənlərlə bağlı etiraz reaksiyaları da gəlmişdi. Şübhə yoxdur ki, azərbaycanlı səfirin Çexiya XİN-də olması əsasən Batumi Forumunda baş verənlərin müzakirəsi ilə bağlı olub. Ancaq XİN-in bəyanatında bu mövzuya toxunulmur. 

Hər halda ortaya sual çıxır: Azərbaycan səfiri cənab Fərid Şəfiyev Çexiya XİN-ə çağırılıb, yoxsa özü son durumla bağlı rəsmi Bakının Praqaya etirazını çatdırmaq üçün şəxsən görüş üçün təşəbbüs göstərib? 

Mövzuya qayıdacağıq.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR