İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Dərbənddə göndərilən 30 milyonu kimlər yeyib?

6632 03.02.2015 08:55 Gündəm A A


Fevralın 1-də ad gününü qeyd edən yeni sədr problemlərin çoxluğundan danışır:

- Hazırda ölkəmiz maliyyə problemləri yaşayır. Dağıstanın bir parçası olan Dərbənd də Rusiya Federasiyasının tərkibində olaraq bu problemlə üzləşib. Bu problemə qədər də Dərbəndin büdcə xərcləri gəlirlərini üstələyib. Bizim qarşımızda duran əsas məsələ bu istiqamətdə dönüş yaratmaqdır. Büdcəyə daxilolmalar çox aşağı səviyyədədir. Dərbəndin 41 yaşayış məntəqəsi var. Hər birində yollar bərbad vəziyyətdədir. Sanitar durum da xoşagələn deyil. Zibil vaxtında yığılmır, su sistemi da dağınıqdır. Rayon administrasiyasının istifadəsində olan torpaqlarla bağlı vəziyyət qarışıqdır. Torpaqların kadastr qeydiyyatı aparılmalıdır. Torpaqlar qanunauyğun şəkildə auksiona çıxarılmalı və kim istəyirsə gedib almalıdır. Bu, rayonun büdcəsinə maliyyə daxilolmalarının təmin edilməsi üçün atılmalı addımlardır.

- Dərbəndin yubileyi ilə bağlı hazırlıqlar gedir?

- Bəli, planlar var və gerçəkləşdirəcəyik. Dərbəndə turistlərin cəlb olunması üçün müvafiq işlər görüləcək. Rayonda çoxlu turist bazaları var. Amma həmin bazalar köhnəlib və bu günün tələblərinə cavab vermir. Həmin bazaların inkişaf etdirilməsi nəzərdə tutulub. Turistlərin Dərbəndə gəlib gəzib istirahəti üçün müvafiq şərait yaradılacaq. 
Dərbənd əhalisinin əksəriyyəti azərbaycanlılardır. 

- Belə məlumatlar yayılırdı ki, Dağıstanda yaranmış yeni situasiyada həmyerlilərimizin vəziyyəti ağırlaşır. Bu həqiqətdirmi?

- Azərbaycanlılar Dərbənddə yaşayan ən qədim toplum, xalqdır. Burada 80 faiz azərbaycanlı yaşayır və müvafiq olaraq rəhbər vəzifələrə də 70-80 faiz azərbaycanlılar təyin olunur. Məndən əvvəl də bu vəzifəni azərbaycanlı tutub, bu gün də rayonun rəhbəri azərbaycanlıdır. Hakimiyyət uğrunda mübarizə aparanlar belə xoşagəlməz məsələləri qaldırırlar. Burada prospektlərdən birinə Heydər Əliyevin adını veriblər. Azərbaycan dövləti tərəfindən həmin prospektin yenidən qurulmasına pul ayrılıb. Amma adamlar pulu alıblar və işi görməyiblər. Belə adamlara niyə pul verilməlidir? Pul millətdən ötrü canını yandıran adamlara verməlidirlər ki, işlər görülsün, Azərbaycanın adı yüksəlsin. Milləti düşünənlər, milləti sevənlər olmasa, o millətin gələcəyi yoxdur. Öz millətini sevməyən, ona hörmət etməyən başqa millətlər üçün nə edə bilər?

- Prospektin yenidən qurulması üçün pulu kimə veriblər?

- Camaat bilir ki, Azərbaycan rəhbərliyi həmin prospektin yenidən tikilməsi və digər işlərin görülməsi üçün Dərbəndə böyük pul göndərib. Həmin pul isə ortada yoxdur. Mən elə hesab edirəm ki, həmin pul lazımsız adama verilib. Əgər pul normal bir adama verilsəydi, yəqin ki, bu gün həmin prospekt artıq yenidən qurulub təhvil verilərdi. Burada Heydər Əliyevin, Səid Camaloviçin adına prospektlər var, Azərbaycan teatrı var, böyük şairimiz Nizaminin adına park var. Olimpiya stadionu tikilməli idi. Teatrımızın binasının tikintisi yarımçıqdır, Nizami parkı da bərbad gündədir. Stadionun özülü qazılıb və iş dayandırılıb. 

- Bu işlərin görülməsi üçün hansı addımlar atılmalıdır?

- Əgər həmin işlərin görülməsini mənə tapşırsalar, mən millətim üçün bu işləri görməyə hazıram.

- Bu işlərin görülməsi üçün dediniz ki, vəsait ayrılıb. Kimə ayrıldığı məlumdursa, o şəxsdən vəsaitin geri alınması üçün addımlar atılacaqmı? 

- Bu məsələ ilə Azərbaycan tərəfi məşğul olmalıdır. Pulu elə şəxslərə vermək lazımdır ki, millət üçün iş görsün. Qarşıdan Dərbəndin yubileyi gəlir. Dərbənddə digər xalqların teatrı var və yaxşı vəziyyətdədir. Yubileylə bağlı Dərbəndə gələn qonaqlar şəhərlə tanış olanda görəcəklər ki, Azərbaycan teatrı, Nizami parkı, Heydər Əliyev küçəsi bərbad durumdadır. Bu işlər görülməlidir. 

- Azərbaycan dövlətinə, hökumətinə bu problemlərin həlli üçün müraciət etmək fikriniz varmı?

- Əlbəttə. Bizimlə görüş olsa bu məsələləri qaldıracağıq. Məktəblərdə Azərbaycan dilində kitablar çatışmır. İxtisaslı kadrlar azdır. Mən Rükəl kəndində məktəbdə təhsil alanda bütün kitablar vardı. Ana dili və ədəbiyyatımız keçirilirdi. Azərbaycan dili və ədəbiyyatımızı tədris edən kadrlar demək olar ki, yoxdur. Mən istəyirəm ki, necə ki, burada yaşayan başqa millətlərə öz dilləri və ədəbiyyatları öyrədilir, azərbaycanlılara da öz dil və ədəbiyyatları ən yüksək səviyyədə öyrədilsin.

- Dərbənd büdcəsi, Dərbənddə yaşayan azərbaycanlıların şəxsi vəsaitləri hesabına bu addımların atılması mümkündürmü?

- Hələlik bu məsələləri araşdırmamışam. Bu vəzifədə mənə qədər də azərbaycanlı olub.  Əgər imkan olsaydı, bu məsələlər həllini tapardı.

- Əhaliyə torpaqların paylanması nəzərdə tutulur?

- Bəli. Dərbənd əhalisinin əsas gəliri əkin-biçindəndir. Camaatımız üzümçülüklə, bostançılıqla məşğuldur. Torpaqlar əhaliyə veriləcək. Artıq qəbul keçirib əhalini dinləmişik. Qaldırılan problemlərin həlli istiqamətində tədbirlər görüləcək. Torpaq istəyənlərin bir neçəsinə torpaq vermişəm. 1 hektar torpaq istəyən də oldu. Camaat üzümçülük üçün, ev tikmək üçün torpaq istəyir. Qullar kəndində torpağı paylayıblar, amma büdcəyə 1 rubl belə daxil olmayıb. 

- Köhnə rəhbərliklə münasibətləriniz necədir?

- Normaldır. Bir-birimizə qarşı hansısa pis addımımız olmayıb. İşləyib imkanımız daxilində köməklik edəcəyik. Əlbəttə ki, qanun çərçivəsində.

- Əvvəllər Dərbənddə yaşayan azərbaycanlıların problemi olanda Səid Qurbanovun qəbuluna gedib köməklik olunmasını xahiş edirdilər. Səid Qurbanov rəhmətə gedib, oğlu Qurban Qurbanov hazırda vəzifəsindən uzaqlaşdırılıb. Belə bir vəziyyətdə həmyerlilərimiz problemlərinin həlli üçün kimə üz tutmalıdırlar?

- Düşünmədən mənə müraciət etsinlər. Mən millətimə kömək etməyə hər an hazıram.

- Kadr islahatı aparılacaqmı?

- Aparılacaq. Kim ki öz işini bilmir, işə çıxmır, o adamlarla yolumuz ayrılacaq. İşləyənlərin əmək haqqı inflyasiyaya uyğun qaldırılacaq.

- Büdcə təşkilatlarında çalışmayanlara necə köməklik etmək fikrindəsiz?

- Dərbənd üzümçülükdə ad çıxarıb, Dərbənd üzümünün ad və dadı dünyanın əksər ölkələrində tanınır. Bu sahəni inkişaf etdirməklə insanların məşğuliyyətini təşkil edəcək, gəlirlərinin artmasına nail olacağıq. Azərbaycanlı iş adamlarını da burada üzüm şirəsi çəkən konserv zavodları tikməyə dəvət edəcəyik. Burada Bəlucda konserv zavodu var. Həmin zavoda sərmayəçiləri cəlb etmək fikrindəyik. Burada zavodları özəlləşdiriblər, amma işlətmək üçün maddi imkan yoxdur. Ona görə də həmin adamlarla danışıq aparıb zavodların fəaliyyətini təmin etmələrini və ya satıb işləməsinə yol açmalarını təklif edəcəyik. Bu gün Dərbənd şəhərinin balansında zavodlar var ki, hələlik özəlləşdirilməyib. Onları özəlləşdirmək istəyənlər isə qapıları bağlayıb iş görmək istəməyənlərdir. Belə özəlləşdirmələr inkişafın qarşısını alır. Buradakı şirə zavodunu əvvəllər direktoru olmuş şəxs alıb. Amma iş görmür. Ona görə də Azərbaycandan olan investorları bura dəvət etmək fikrindəyik. Qəbələdə olan şirə zavodu tipində zavodun tikilməsini təklif edəcəyik. Azərbaycanlı sərmayəçilər burada belə bir zavod tiksələr, öz millətimizdən olan xeyli insan burada işləyər, öz üzüm sahəsindən üzümü bura təhvil verib qazanarlar. Mən Azərbaycanlı iş adamlarını Dərbəndə iş görməyə dəvət edirəm. 

- Dağıstandan Suriyaya İŞİD-ə qoşulanlar haqda zaman-zaman xəbərlər yayılır. Buradan İŞİD-ə üz tutanlar arasında azərbaycanlılar var?

- Hər millətdən var. Azərbaycanlılar da həmçinin. Amma belə halların qarşısını almaq üçün profilaktik tədbirlər görülür. 2014-cü ildə Dağıstanda terror aktı qeydə alınmayıb. Vəziyyət yaxşıdır. Hüquq-mühafizə orqanları müvafiq tədbirlər görürlər. Saqqallıların əl izləri, fotoşəkilləri çəkilir. Artıq mütəşəkkil cinayətkar qruplaşmalara cavanların qoşulması halları yoxdur. Suriyaya gedənlərin geriyə yolu bağlıdır. Sərhəddə onları tuturlar.

- Azərbaycan mətbuatında Dərbənd küçələrində Azərbaycan vətəndaşı olan, lakin bunu təsdiq edən sənədlərini itirmiş vətəndaşlarımızın səfil həyat tərzi keçirməsi haqda xəbərlər  yer alıb. Belə aydın olur ki, həmin vətəndaşlar Rusiya paytaxtına gedib səfirliyimizdə problemlərini həll edə bilmirlər. Belə şəxslərin problemlərinin həlli üçün Dərbənddə konsulluğumuzun açılması təşəbbüsü ilə çıxış edəcəksiz?

- Bəli, bu gün Dərbənddə belə azərbaycanlılar var. Əlbəttə ki, konsulluğun açılması çox yaxşı olardı. Bu gün Rusiyada elə azərbaycanlı ailələr var ki, onların övladları dünyaya gəlib, lakin özlərinin sənədləri olmadığından uşaqlarına da sənəd ala bilmirlər. Bu adamlar Azərbaycan sərhədinə gedir və geri qayıtmalı olurlar. Min bir əzab-əziyyətə qatlaşıb qazandıqlarını da dələduzlar aldadıb əllərindən alırlar. Konsulluğun olması belə problemlərin həllinə çox böyük köməklik olardı. Bu haqda əvvəllər Azərbaycana müraciətlər olub, biz də müraciət edəcəyik. Millətimiz belə problemlərlə üz-üzə qalmamalıdır.

Qeyd edək ki, Azərbaycan hökuməti Dərbənd şəhərində Nizami Gəncəvi Parkının, Heydər Əliyev prospektinin, Qırxlar Məzarlığının və Dərbəndin 2000 illik yubileyi münasibətilə şəhərin abadlaşdırılması, Dərbənd-Azərbaycan Dövlət Dram Teatrının yenidən qurulması, Olimpiya Mərkəzinin inşa edilməsi və bir neçə istehsal müəssisəsinin yaradılması üçün dövlət büdcəsindən 30 milyon manat vəsait xərcləyib. Amma Məhəmməd Cəlilovun dediklərindən belə çıxır ki, kimlərsə həmin vəsaiti oğurlayıb yeyiblər...  

“Yeni Müsavat”ın
Reportyor Qrupu

Növbəti saylarımızda Dərbənd üçün ayrılan vəsaitin Azərbaycan məmurlarından kimə verilməsi və Dərbəndin bu günü haqda yazı-reportajlarımızı təqdim edəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR