İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ombudsmanı Aureliya Qriqoriuya dəstək verdi

899 10.07.2013 09:52 Gündəm A A
Azərbaycan ombudsmanı Elmira Süleymanova isə moldovalı həmkarı Aureliya Qriqoriu ilə bağlı yalnız qalmaqallı hadisədən bir neçə gün sonra bəyanat verib. Bəyanatda bildirilib ki, bugünlərdə Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini söyləyib və bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb: “Aureliya Qriqoriunun hüquqları kobud şəkildə pozulub və onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etdi.
BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistan Respublikası həmin təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə və digər sənədlərə, o cümlədən insan hüquqlarına dair bir sıra beynəlxalq müqavilələrin iştirakçısı kimi üzərinə götürdüyü öhdəliklərə saymazyana münasibət göstərir".
Azərbaycan ombudsmanının bəyanatında o da vurğulanır ki, Aureliya Qriqoriunun çıxışı zamanı Ermənistanın rəsmi nümayəndələri tərəfindən onun sözünün kəsilməsi, söylədiyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır: “Xüsusilə də hazırda Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə belə bir hadisənin baş verməsi Ermənistan dövləti tərəfindən beynəlxalq hüququn ümum tanınmış prinsiplərindən olan insan hüquq və azadlıqlarına hörmət prinsipinə əməl edilməməsinin bariz nümunəsi olmaqla, əsas məqsədini insan hüquqlarının müdafiəsi təşkil edən Avropa Şurasının mühüm orqanlarından biri olan Nazirlər Komitəsinə bu ölkənin səmərəli sədrliyini də şübhə altına alır”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili moldovalı həmkarına qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləyib, beynəlxalq təşkilatları, o cümlədən bütün həmkarlarımı Ermənistanda Moldova ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırıb.
Bəyanat BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ünvanlanıb.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışını çox ləyaqətli və cəsarətli hərəkət kimi xarakterizə edib: “Təəssüf ki, hazırda bütün dünyada konyekturaya uyğunlaşma prosesi gedir. Əksər siyasət adamları hansı ölkədə səfərdə olurlarsa, elə o dövlətin maraqlarına uyğun açıqlamalar verirlər. Ancaq xanım Qriqoriu tamamilə bundan fərqli davranış göstərib. O, həyatına təhlükə olmasına baxmayaraq, Ermənistan parlamentində erməniləri sərt şəkildə tənqid edib. Həmin çıxışdan sonra ona təzyiqlərin və təhdidlərin olmasına baxmayaraq, moldovalı ombudsmanın öz mövqeyindən geri çəkilməməsi çox böyük hadisədir. Dünyada belə insanların mövcud olması bütün ləyaqətli və ədalət uğrunda mübarizə aparan insanları sevindirir, daha da ruhlandırır. Moldovalı ombudsman öz çıxışıyla Azərbaycan xalqına və bəşəri dəyərlərə olan hörmətini izhar edib. Biz onu dəstəkləyirik və hər zaman müdafiə etməyə hazırıq”.
Politoloq Ərəstun Oruclu hesab edir ki, moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışının və bu düşmən dövlətin ərazisində onun başına gətirilənlərin etinasizlıqla qarşılanması yolverilməzdir. Xanım Qriqoriunun facebook səhifəsində moldovalı ombudsmanı çıxışına görə alqışladığını və ona təşəkkür etdiyini vurğulayan Ərəstun Oruclu Azərbaycanda bu məsələyə biganə münasibət bəslənməsinin səbəblərini anlamadığını da vurğuladı: “Moldovalı ombudsman Aureliya Qriqoriu elə bir həqiqətlərdən danışdı ki, ermənilərin ona qəzəblənməməsi qətiyyən mümkün deyildi. Xanım Qriqoriunun həmin çıxışı tarixi açıqlamalar anlamı daşıyır. Çünki o, bu çıxışını Avropa Birliyi, Avropa Şurası, ATƏT və s. digər beynəlxalq qurumların tribunalarından dilə gətirməyib. Moldovalı ombudsman öz fikirlərini məhz Ermənistanın parlament tibunasından səsləndirib və erməniləri Azərbaycana qarşı işğalçılıqda, azərbaycanlılara münasibətdə soyqırımda ittiham edib. Ona görə də moldovalı ombudsmanın həmin çıxışı tarixi hadisədir”.
Ərəstun Oruclunun fikrincə, Azərbaycan cəmiyyətinin moldovalı ombudsman Aureliya Qriqoriu qarşısında artıq mənəvi borcu var: “Bu xanımın Ermənistan parlamentinin tribunasından etdiyi həmin çıxışa etinasız yanaşılması ən azı ədalətsizlikdir. Eyni zamanda bu, elə bizim də öz problemlərimizə etinasız yanaşmağımızın əlamətidir. Çünki bu xanım Ermənistanın parlamentində məhz Azərbaycanın əsas probleminə öz münasibətini bildirib. Və buna Azərbaycanda göstərilən etinasızlığın, biganəliyin səbəblərini anlamaq çox çətindir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR