İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın fəal qadınlarından “anti-Tramp” aksiyalarına reaksiyalar

1006 24.01.2017 09:15 Gündəm A A

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra dünyanın bir çox ölkələrində qadınlar etiraz aksiyaları keçirməyə başlayıb. Təkcə andiçmə mərasimi günü, yanvarın 20-də Vaşinqtonda zərif cinsin minlərlə nümayəndəsi Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxıb. 

Onların arasında dünyaca məşhur müğənni Madonna da olub. Hətta müğənni CNN telekanalının canlı yayımında prezidentin ünvanına iki dəfə ağır söyüş söyüb. Telekanal bu səbəbdən canlı yayımı dayandırmalı olub. Qeyd edək ki, yürüş iştirakçıları qadınlar, homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Donald Trampın mövqeyinə etiraz ediblər. 

Belə ki, “Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Donald Tramp seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən “Fox News” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib.

Analoji olaraq bu cür yürüşlər təkcə Vaşinqtonda deyil, ABŞ-ın digər şəhərlərində də keçirilib. Və hətta dünyanın bir çox ölkələri, o cümlədən Avropa və Afrika ölkələrində də qadınların hüquqlarına dəstək olaraq yürüşlər təşkil olunmağa, qadınlar öz həmcinsləri ilə həmrəylik nümayiş etdirməyə başlayıblar. Təkcə Londonda keçirilən “Anti-Tramp” aksiyasında 100 mindən çox, Vyanada 2 min, Cenevrədə keçirilən etiraz aksiyasında əksəriyyətinin uşaqlı qadın olduğu minədək şəxsin iştirak etdiyi bildirilir. Finlandiyanın paytaxtı Helsinkidə, Keniyanın paytaxtı Nayrobidə də “anti-Tramp” aksiyaları keçirilib.

Bəs Azərbaycanın ictimai fəal qadınları “anti-Tramp” aksiyası keçirərək həmcinslərinə dəstək olmağı düşünürmü? Bu sualla bir neçə ictimai fəal qadınlara müraciət etdik. 

Image result for Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova keçirilən aksiyalara dəstək verdiyini bildirdi: “Məsələ burasındadır ki, Trampın mesajları çox narahatçılıq doğurur. Bu yaxınlarda ”Qadın insandırmı?" deyə fikir səsləndirmişdi. Hətta qızı ilə də bağlı xoşagəlməz fikirlər demişdi, “Əgər o mənim qızım olmasaydı, mən onu saxlayardım” kimi ifadələr və sairə... Yəni qadına daha çox əşya, qeyri-insani münasibət bəslədiyini, alət kimi baxdığını bəyan edir. Böyük bir dövlətin rəhbərinin bu cür mesajları çox narahatedicidir. Təbii ki, mən Amerikanın daxili işinə qarışa bilmərəm. Amma Amerika bütün ölkələrin daxili işlərinə qarışdığına görə biz bu narahatçılığı bəyan edirik. Mən qadınların o aksiyalarına dəstək verirəm. Çünki orda baş verəcək hadisələrin nəticəsindən narahatam. Trampın qadınlar haqqında səsləndirdiyi deyimlər bir növ İŞİD-in deyimləri ilə oxşardır. Yəni qadınlar haqqında səsləndirdiyi ifadələr “qadın insan, yoxsa heyvandırmı?” kimi ifadələrinə bənzəyir". 

Image result for Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə qeyd etdi ki, ölkəmizdə etiraz keçirmək imkanı məhduddur: “Trampın təkcə qadınlarla bağlı deyil, həm də jurnalistlərə qarşı aqressiv çıxışları oldu. Mən məmnuniyyətlə dəstək verərdim. Amma bizim ölkə elədir ki, sərbəst toplaşma azadlığı pozulur. Dünyanın bir çox ölkələrində Amerika insanlarına böyük dəstək aksiyaları keçirildi, həmrəy olduqlarını nümayiş etdirdilər. Böyük məmnuniyyətlə o cür aksiyalara qoşulub həmrəyliyimi bildirərdim. Lakin ölkəmiz başqa ölkələrə nisbətdə çox ehtiyatlı mövqe tutur. Ona görə də belə aksiyaların keçirilməsinə heç vaxt imkan verilməyəcək”.

Image result for Mehriban Vəzir

Yazıçı-publisist Mehriban Vəzir isə məsələyə bu cür münasibət bildirdi: “Mətbuatda yayılan məlumata görə, dünya miqyasında 5 milyon qadın Trampın fikirlərinə görə etiraza qalxıb. Düşünürəm ki, Azərbaycan qadınının o qədər problemi var ki, onun Trampa deməyə heç bir sözü yoxdur. Azərbaycan qadını əgər ictimai fəallıq göstərirsə, öz dərdinə ağlamalı, öz hökumətindən nəsə istəməlidir. Tramp, hər halda, öz qadınlarına yüz dəfə artıq imtiyaz, hüquq verib. Biz heç o imtiyazlara malik deyilik. Ona görə də düşünürəm ki, bizim o aksiyalara qoşulmağımız bir qədər komik olar”.

Xalidə GƏRAY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR