İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada cücərən sülh ümidləri

766 24.01.2017 08:15 Gündəm A A

Yanvarın 23-də Astanada Suriya münaqişəsinin həlli danışıqları başlayıb. “Rixos President” hoteldə başlayan toplantıya Rusiya, Türkiyə, İran heyətləri, o cümlədən Suriya hökuməti, müxaliflər və müşahidəçi ölkə təmsilçiləri qatılıb.

İlk dəfə olaraq məhz Astanada Suriya müxalifəti və iqtidarı bir masa arxasında əyləşərək danışıqlar aparıblar. Daha əvvəldən də elan olunub ki, Astana görüşü bir sutka davam edəcək. Ancaq hadisə yerindən xəbər verən beynəlxalq media orqanlarının təmsilçiləri danışıqların bir neçə gün uzana biləcəyini deyir. 

Suriya hakimiyyətini danışıqlarda hökumətin BMT nümayəndəsi Bəşər Cəfəri təmsil edir. Onun rəhbərlik etdiyi heyətə həmçinin Dəməşqin Moskva elçisi də daxildir. Bəşər Cəfəri “Sputnik”ə bildirib ki, danışıqlarda əsas hədəf qüvvədə olan atəşkəs rejimini, hökumət və silahlılar arasında etimadı gücləndirməkdir. Açılışdan sonra toplantı mediaya qapalı keçirilib.
Yeri gəlmişkən, Astana görüşünün birgə bəyannaməsinin layihəsi məlum olub. 

Image result for Astanada görüş

İlkin layihədə Rusiya, İran və Türkiyə hökumətləri Suriyadakı silahlı qruplara müraciət edərək İŞİD və keçmiş adı “ən-Nusra” olan Şamın Fəth Cəbhəsi qruplarından ayrılmağa çağırıb. Bundan başqa, hər 3 ölkənin adıçəkilən terror təşkilatlarına qarşı birgə mübarizə aparmağı planladığı bəyanatda yer alır. Sənəddə tərəflərin Suriyada savaşan qrupların və hökumətin BMT-nin Suriya münaqişəsinin həlli ilə bağlı 2254 saylı qərarı çərçivəsində danışıqlar başlatması çağırışı da yer alır. Eyni zamanda təminatçı ölkələr (Rusiya, Türkiyə və İran) fevral ayında keçirilməsi planlaşdırılan Suriya münaqişəsinin həlli ilə bağlı Cenevrə danışıqlarına qatılmanı da dəstəkləyir.

Astana danışıqlarında silahlı müxalifləri təmsil edən “İslam Ordusu” qruplaşmasının rəhbərlərindən olan Məhəmməd Alluş deyib ki, atəşkəsi möhkəmləndirmək üçün dünyanın “o başına” getməyə hazırdır. 

Ümumi toplantı yanvarın 23-də yerli vaxtla saat 12.40-da başa çatıb, yerli heyətlər salonu tərk edib. Dəhlizdə suriyalı siyasi və hərbi müxaliflər arasında müzakirələr aparılıb. Bundan sonra elan olunub ki, danışıqlar ayrı-ayrı otaqlarda heyətlərlə müzakirələr şəklində davam edəcək. 

Image result for Əl-Nusra

Suriya heyətinin rəhbəri Bəşər Cəfəri ümumi salonda etdiyi çıxışında müxaliflərin provokativ çıxışlar etdiyini, silahlı müxalifətin təmsilçisi Məhəmməd Alluşun “ən-Nusra” qruplaşmasının müharibə cinayətlərini müdafiə etdiyini bildirib. Eyni zamanda Suriya heyəti rəhbəri Astanada açılış iclasının əsasən təşkilati məsələlərə həsr olunduğunu, gündəmin hələlik hazır olmadığını deyib. Cəfəri Astanada uğurlu nəticəyə nail olmaq istədiklərini, danışıqların uğursuz nəticələnməsində maraqlı olmadıqlarını deyib.

BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura çıxış edərək bildirib ki, ilk dəfə Suriya müxalifəti və hökumət eyni masa arxasında danışıqlara oturub. Bu səbəbdən də o, Astana görüşündən ümidlərinin olduğunu bildirib. Mistura deyib ki, Astana danışıqları fevralda yenidən başlayacaq Cenevrə danışıqları ilə bağlı ümidləri artırır. Suriyanın ikinci Liviya olmasını istəmədiklərini deyən BMT xüsusi təmsilçisi eyni vəziyyətin yaranmaması üçün əllərindən gələni edərək həll variantına nail olmağa çağırıb. Eyni zamanda o, Rusiya, Türkiyə və İrana Suriyada atəşkəsin möhkəmlənməsi və nəzarət mexanizmini yaratmağa çağırıb. 
Astana danışıqlarının gecə və sabah davam etməsi gözlənilir.

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR