İnsanlara hürriyət, millətlərə istiqlal!

AKP millət vəkilindən “Recep İvedik 5”-ə sərt reaksiya

7844 18.01.2017 01:00 Gündəm A A
"Recep İvedik 5" filminin treylerində azərbaycanlı ilə türk boksçunun rinqə çıxdığı səhnə iki gündür ki, hər iki ölkə mediasının gündəmini zəbt edib. Belə ki, filmdə Recep İvedik (Şahan Gökbakar) rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərib. Sözügedən səhnə isə birmənalı qarşılanmayıb. Ekran işinə ilk etiraz edən  Giresun Universitetinin Azərbaycan kökənli professoru  Aygün Attar olub. O boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və iki qardaş ölkənin münasibətlərinə  ciddi ziyan vurduğunu bildirib. 

Aktyor tənqidlərə “İnstaqram” hesabında cavab verib: “Biz üzmək üçün yox, güldürmək üçün varıq. Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz. Fraqmandakı aksiyona görə sadəcə son bölümünü paylaşdığımız boks səhnəsini başqa tərəfə çəkmək istəyənlər olmasın deyə filmdəki halını paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram. Hamınızı sevirəm”.

"Recep İvedik"-ə türk millət vəkili Necdət Ünüvardan etiraz

AK Partiya Adana Millət vəkili Necdət Ünüvar da ekran işinə etiraz edənlər siyahısına qoşulub.

Картинки по запросу Necdet Ünüvar
Necdet Ünüvar

O, filmdə yer alan boks səhnəsindən narahat olduğunu bildirib: "Filmdə bir boks səhnəsi var. Bu səhnədə, türk vətəndaşı ilə Azərbaycan vətəndaşı olan  iki boksçu yarışır. Orada dialoqlar və mübarizə var. Mən oradakı şişirdilmiş dialoqlar və səhnələrdən narahat oldum.  Azərbaycanlı dostlarım filmlə bağlı mənə zəng etdi. Bir film səhnəsi ilə bu dostluğu pozar? Pozmaz, amma nə üçün belə bir film səhnəsində bir-birimizi narahat edəcək, qıracaq bir dialoq, səhnə olsun. Siz güldürməyi qarşınıza məqsəd qoya bilərsiniz, bəlkə buna gülən bir-iki adam da ola bilər, amma buna kədərlənən insan sayı daha çoxdur.  Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir. İki ölkə idmançıları beynəlxalq arenalarda qarşılaşdıqları matçlarda, idmanın gətirdiyi rəqabətin şərtləri içərisində centlmen  kimi mübarizə aparıblar. 

Türkiyə və Azərbaycanın digər ölkə idmançıları ilə mübarizəsində, Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni tutar. Azərbaycanlı idmançı başqa ölkənin idmançısı ilə etdiyi matç sonunda çempion olunca türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmakdadır. Əksi olduğu halda isə azərbaycanlılar türk bayrağını dalğalandırar. Bizim adət etdiyimiz səhnə budur.

Filmdəki o səhnə həm Türkiyə-Azərbaycan qardaşlığını əks etdirməyən, həm də idmanın içindəki o centlmenlik duyğularına bir az tərs görüntüdür. Hazırda çox yüksək səviyyədə olan Türkiyə-Azərbaycan dostluğunu və qardaşlığını zədələməyə çalışanlar üçün şərait yaratmamaq lazımdır". 

Kinoşünas Aygün Aslanlı: "Orada təhqir görmədim. Sərt reaksiya verənlərin də saxta millətçilik etdiyini düşünürəm"

Картинки по запросу aygün aslanlı
Aygün Aslanlı

Kinoşünas Aygün Aslanlı musavat.com saytına açıqlamasında bildirib ki, "Recep İvedik" bir kommersiya layihəsidir: "Filmə baxanlar bilir ki, bütün hadisələr bir aktyorun ətrafında cərəyan edir. O film üçün xüsusi kino dili ustalığı, rejissor işi lazım deyil. Onun kimi  filmlər çəkilir ki, tamaşaçı oturub baxsın, lakin düşünməsin. Tamaşaçı gəlib biletini, popkornunu alıb baxsın, çəkiliş heyəti də pul qazansın.  Sözügedən səhnə sırf kommersiya üçün düşünülüb. "Receb İvedik" daha çox Azərbaycan və Türkiyədə baxılır. Onlar da düşünüblər ki, filmi Azərbaycana gətirəcəklər, azərbaycanlılar da gedib o səhnəyə görə baxacaqlar. Filmin daha çox baxılması üçün o səhnəni filmə salıblar.  Orada təhqir görmədim. Sərt reaksiya verənlərin də saxta millətçilik etdiyini düşünürəm".

Film Azərbaycan kinoteatrlarında nümayiş olunacaqmı? 

Nizami Kino Mərkəzinin PR meneceri Arzu Əhmədova saytımıza açıqlamasında bildirib ki, filmin kinoteatrda nümayiş olunub-olunmayacağı bəlli deyil: " "Recep İvedik-5" Türkiyədə fevralın 16-sı yayımlanacaq. Filmin Azərbaycanda nümayiş olunub-olunmayacağını bilmirəm. Çünki bu haqda bizim mərkəz danışıqlar aparmayıb. Əgər "Recep İvedik" bizim kinoteatrda nümayişə başlasa və ya qala gecəsi keçirilsə, sosial şəbəkə səhifəmiz, mətbuat vasitəsilə  tamaşaçılara məlumat verəcəyik. Hələ ki, dəqiq məlumat yoxdur".
Sosial şəbəkədə Türkiyə-Azərbaycan bayrağının fotosunu paylaşan rejissor Kənan M. M isə film ətrafında gedən mübahisələrə belə reaksiya verib: "Heç bir şey Azərbaycan-Türkiyə dostluğuna əngəl ola bilməz. Türk qardaşlarımızı sevirəm, amma bayraqla zarafat olmaz. Çünki onun üzərində şəhidlərimizin qanı var".

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR