İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mehri razılaşması” gizlinlərini açan erməni etnoqraf İrəvana buraxılmadı

11992 08.04.2013 09:40 Gündəm A A

Erməni KİV-lərinin xəbərlərinə görə, aprelin 4-dən 7-dək Zvartnots aeroportunun tranzit zonasında saxlandıqdan sonra dünən onun Fransaya geri qaytarılacağı gözlənilirdi.
A.Varpetyanın Ermənistana nədən buraxılmadığına dair rəsmi izahat verilməyib. Bildirilir ki, İrəvan aeroportuna endikdən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Varpetyanı təcrid ediblər və bildiriblər ki, o, 11 il əvvəlki səbəbə görə ölkəyə daxil ola bilməz. Həmin səbəb isə bundan ibarətdir ki, Varpetyan Ermənistanın milli təhlükəsizliyi üçün təhdid təşkil edir. Vaxtilə Ermənistana girişi qadağan olunduğu üçün Varpetyan Fransa prezidenti Nikola Sarkoziyə, bu ölkə XİN-ə müraciət edib. Ermənistan ombudsmanı Karen Andreasyan isə polisə istinadən bildirib ki, Varpetyanın ölkəyə girişi 2002-ci ildən yasaqlanıb.
Varpetyan özü epress.am saytına açıqlamasında deyib ki, onun Ermənistan hakimiyyəti tərəfindən təqib olunması 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş gülləbaranla bağlı yazılarıdır. O, həmin terror aktından sonra bu hadisənin Qarabağ danışıqları, konkret olaraq Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tutan sülh planı ilə bağlı olduğunu yazıb. “Pol Qobl planı” kimi də məşhurlaşan bu sülh planına əsasən, Azərbaycan Dağlıq Qarabağı Laçın dəhlizi ilə birlikdə Ermənistana verməyə razılaşırdı. Ermənistan isə əvəzində Azərbaycanı anklav Naxçıvan ərazisinə birləşdirən Mehri dəhlizini güzəştə gedirdi.
A.Varpetyanın məqaləsinə əsasən, Ermənistanın o vaxtkı parlament spikeri Karen Dəmirçiyan və baş nazir Vazgen Sərkisyan (hər ikisi parlamentdə güllələnib.-red) bu sülh planına qarşı idi. Erməni geni araşdırmaçısı iddia edirdi ki, onların hər ikisini bu səbəbdən güllələyiblər. Həmçinin Varpetyan bu gülləbaranı xarici qüvvələrin təşkil etdiyini bildirib və şübhələri Rusiyanın üzərinə yönəldib.
A.Varpetyan bildirib ki, Mehri razılaşması barədə təkcə o demirdi. 2007-ci ildə eks-prezident Levon Ter-Petrosyan da siyasətə qayıdandan sonra bu barədə danışmışdı. Varpetyan Ermənistana buraxılmamasında da xarici qüvvənin əlinin olduğunu iddia edir: “Necə ola bilər ki, erməni ermənini ölkəyə buraxmasın? Bu məsələdə başqalarının əli var”.
A.Varpetyanın İrəvan aerportunda saxlanılması və oradan geri qaytarılması ilə bağlı gündəmə gələn “Qobl planı” Azərbaycanda da uzun müddət müxtəlif yönlərdən müzakirə edilmişdi. Bu insidentlə bağlı Qarabağ danışıqlarının həmin fazasına dair xronologiyanı xatırlatmaq maraqlı olardı.
Beləliklə, 1999-cu ilin aprel ayından etibarən danışıqlar prosesində yeni mərhələ - Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşləri başladı. Bu görüşlərdə Minsk Qrupu həmsədrləri də vasitəçilik dəstəyi göstərirdilər. Prezidentlər əsasən beynəlxalq toplantılarda bir araya gəlirdilər. İlk belə görüş 1999-cu il aprelin 24-də Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə baş tutub. Həmin sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər.
Həmin görüş ərəfəsində və sonrasında Qərb mediasında amerikalı analitik, Pentaqonun keçmiş əməkdaşı Pol Qoblun Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin həllinə imkan verə biləcək ərazi mübadiləsi ideyasının müzakirəsi gedirdi. Qoblun bu ideyasının detalları tam olaraq açılmasa da, belə fikirlər irəli sürülürdü ki, tərəflər məsələni bir-birlərinə ərazi güzəştə getməklə həll edə bilərlər. Belə ki, Azərbaycan ermənilərin nəzarətində olan anklav Dağlıq Qarabağ bölgəsini onu Ermənistanla birləşdirən Laçın dəhlizi ilə birlikdə İrəvana güzəştə gedə, İrəvan isə Azərbaycandan Naxçıvana birbaşa quru əlaqəsini təmin edən Mehri dəhlizini Bakıya verə bilər.
Tərəflərin bir-birlərinə güzəştə getməli olduğu ərazilər ölçüsünə görə tamamilə disproporsional olsa da, ideya müəyyən marağa səbəb oldu. Xüsusən də Mehri dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi nəticəsində İranın Ermənistanla quru sərhədlərinin aradan qalxa biləcəyi bir çoxları tərəfindən cəlbedici görünürdü. Pol Qoblun ideyası əsasında münaqişə tərəflərinə ərazi mübadiləsini nəzərdə tutan sülh planının təqdim olunduğu barədə informasiyalar isə məhdud da olsa mətbuata sızmağa başlamışdı.
NATO-nun 50 illik sammitində baş tutan Əliyev-Köçəryan danışıqlarından sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı. Lakin həmin dövrdə Ermənistanda siyasi vəziyyət stabil deyildi. 1999-cu ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Qarabağ məsələsi əsas siyasi spekulyasiya predmetinə çevrilmişdi.
1999-cu il iyulun 16-da İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında görüş keçirildi. Məhz bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə keçdi. Əliyev-Köçəryan formatında növbəti görüş 1999-cu il avqustun 22-də yenidən Cenevrədə baş tutdu. Yerli və xarici mətbuat, danışıqlara yaxın mənbələr tərəflərin razılaşma ərəfəsində olduğuna dair informasiyalar yayırdılar. Nəhayət, 26 oktyabr 1999-cu ildə ABŞ dövlət katibinin müavini Stroub Telbott Dağlıq Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün İrəvana, oradan Bakıya gəldi. Bu, Qarabağ sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrda ATƏT-in İstanbul sammitində Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsini də nəzərdə tutan sülh razılaşmanın imzalanacağı gözlənilirdi.
Lakin S.Telbott Bakıda danışıqları başa vurandan və onun təyyarəsi Amerikaya doğru istiqamət alandan az sonra, oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru sülh imkanlarını tamamilə heçə endirdi. Ermənistan parlamentindəki terror aktında Nairi Unanyanın başçılıq etdiyi silahlı dəstə baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, hökumət üzvü və parlamentin deputatı olan daha 6 nəfəri qətlə yetirmişdi. Ermənistanda daxili siyasi vəziyyəti iflic edən və sifarişçiləri indiyədək naməlum qalan bu terror aktı “Qobl planı” üzrə sülh planını pozdu, proses uzun müddət iflic oldu.

Ermənilərin Azərbaycana qarşı daha bir etnik təxribatı

Qarabağda açılması planlaşdırılan hərbi məktəbdə talış və ləzgi gəncləri də qəbul etməyə hazırlaşırlar, Moskvadakı talış təşkilatı bu plana dəstək verdi...
Azərbaycanın işğal altındakı ərazilərində, Ağdərədə ermənilərin generallar Suvorov və Mədətov adına hərbi məktəb açmağa hazırlaşdıqları barədə erməni mənbələri bir müddət əvvəl xəbər yayıb. Bu günlərdə isə “Regnum” erməni agentliyi belə xəbər yaydı ki, açılması üçün hazırlıqlar gedən həmin hərbi məktəbdə ermənilərlə yanaşı talış və ləzgi xalqlarının nümayəndələrinin də “eyni hüquqlarla təhsil almasına” imkan yaradılacaq.
Bu plan erməni dairələrinin Azərbaycana qarşı etnik zəmində hansı məkrli təxribatlara cəhd etdiyini növbəti dəfə göstərir. Hərbi məktəbin açılması işi ilə erməni hərbi cani, Şuşanın işğalına başçılıq edən general Arkadi Ter-Tadevosyan məşğuldur.
Xatırladaq ki, ötən ay ermənilər Şuşada “Talışın səsi” adlı radio açıblar və bu məsələ ciddi müzakirələrə səbəb olub. Azərbaycanın talış xalqı nümayəndələri ermənilərin bu məkrli addımının arxasında hansı maraqların dayandığından xəbərdar olduqlarını bildiriblər. Bəzi məlumatlara görə, Şuşada açılan “Talışın səsi” radiosunda iranlılar işləyir.
“Regnum” agentliyinin dünən aprelin 7-də yaydığı məlumatda isə deyilir ki, Moskvada fəaliyyət göstərən “Müstəqil Talışıstan” təşkilatı ermənilərin “gənc talışlara bərabər hüquqlarla” Dağlıq Qarabağda açılacaq hərbi məktəbdə təhsil almaq imkanı yaradılacağı barədə deyilənləri alqışlayır. Təşkilat bu münasibətlə yaydığı bəyanatda Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirir, xaricdə yaşayan talış gənclərin hərbi hazırlığının “talış xalqının milli azadlıq hərəkatında mühüm rol oynayacağı” bildirilir.
Ermənilərin Azərbaycana qarşı etnik zəmində təxribatlarına Moskvadan dəstək reaksiyası ilk dəfə deyil. Rusiyadakı erməni diasporunun “Yerkramas” adlı qəzeti yazır ki, Moskvada erməni rejissor Samvel Tadevosyanın “Qarabağda ermənilərin azadlıq hərəkatına” dair sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin erməni qüvvələrinin hücumundan bir gün əvvəl Laçından əhalinin və hərbi qüvvələrin necə qaçdığını əks etdirən kadrlarından da istifadə olunub. Və filmin nümayişində Rusiyadakı Federal Ləzgi Milli-Muxtariyyətinin, kürd, talış muxtariyyətlərinin nümayəndələri də iştirak edib...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR