İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn il sahibkarlar üçün ağır keçəcək-vergi yükü artırılır

3453 24.10.2017 08:30 İqtisadiyyat A A

2018-ci ildə Vergilər  Nazirliyi təxminən 8 milyard manat toplamalıdır

Ötən həftə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin parametrləri açıqlanıb. Milli Məclisə daxil olan büdcə zərfinə görə gələn il dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat, xərcləri isə 20 milyard 905,7 milyon manat təşkil edəcək.

Büdcə gəlirlərinin  7,907 milyard manatı və ya 39,3 faizinin Vergilər Nazirliyinin xətti ilə təmin olunması nəzərdə tutulur.

Ötən saylarımızda da xəbər verdiyimiz kimi, sahibkarlar arasında vergi orqanlarının təzyiqlərindən şikayətlər çoxalmaqdadır. Bundan əlavə, vergi orqanlarındakı mənbələr də vergilərin toplanması sahəsində ciddi çətinliklərin yarandığını bildirirlər. Redaksiyamıza verilən məlumata görə, iqtisadi fəallıq azaldığı üçün sahibkarlıq subyektlərinin durumu çətinləşib, dövriyyə əvvəlcədən proqnozlaşdırıldığından aşağı düşüb, buna görə də nəzərdə tutulan vergilərin ödənməsi sahəsində problemlər yaranıb. Bu şəraitdə vergi orqanlarının gələn ilin büdcə proqnozuna əməl edəcəyi nə qədər realdır?

Image result for ADR Hərəkatının lideri Qubad İbadoğlu

Sualımıza cavab verən iqtisadçı-alim, ADR Hərəkatının lideri Qubad İbadoğlu bildirir ki, gələn il üçün vergi yükü həddindən çox yüksək proqnozlaşdırılıb: “Gələn il üçün gəlirlər üzrə proqnozun təxminən 8 milyard manata yaxını Vergilər  Nazirliyinin xətti ilə toplanmalıdır. Bu nazirliyin üzərinə qoyulan məbləğ 2017-ci ilin proqnozu ilə müqayisədə 262 milyon manat, 2016-cı ilin faktiki icrası ilə müqayisədə isə 891 milyon manat yuxarıdır. Bu qədər artımla proqnoza əməl olunacağı həqiqətən qeyri-real görünür. Nəzərə alsaq ki, bəzi istiqamətlərdə hətta kiçik və orta sahibkarlıq üçün güzəştlərin edilməsi gözlənilir, kənd təsərrüfatı tamamilə vergidən azaddır, belə görünür ki, gələn il əsas yük real sektorun üzərinə düşəcək”.

İqtisadçı-alim hesab edir ki, vergi proqnozunun artırılması sahibkarlarla vergi orqanları arasında münasibətləri gərginləşdirə bilər: “Vergi yükünün birdən-birə bu qədər artırılması şübhəsiz ki, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq. Belə ki, büdcədə 140 milyon manat maliyyə sanksiyasının tətbiq olunması proqnozlaşdırılır. Bu da sahibkarlara vergi ödənişləri ilə bağlı təsirlərin daha da gücləndiriləcəyindən xəbər verir. Vergilər üçün proqnozun 76,2 faizi qeyri-neft sektorunun payına düşür. Neft sektorunun payında ciddi azalma var. Bu da ondan irəli gəlir ki, SOCAR-ın dövlət büdcəsinə ödənişləri ildən-ilə azalır, bundan əlavə, ”Azəri-Çıraq-Günəşli" üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalandığı üçün xarici şirkətlərin də ödəmələrində azalma olacaq. Belə şəraitdə Vergilər Nazirliyi 6 milyard manatı qeyri-neft sektorundan toplamaq üçün həddindən artıq sərt siyasət yürütməli olacaq, maliyyə sanksiyaları və cərimələr çoxalacaq, bu isə son nəticədə sahibkarlıq üçün problemlər yaradacaq."

DÜNYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR