İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn aydan kitabların qiyməti bahalaşacaq - REPORTAJ, FOTOLAR

1216 17.12.2017 13:25 Reportaj A A

Azərbaycanda gələn aydan etibarən idxal edilən kitabların, qəzetlərin, jurnalların qiyməti bahalaşa bilər. Belə ki, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb. Yayılan rəsmi məlumatda qeyd olunur ki, gələn ildən çap edilmiş kitablar, broşürlər, vərəqlər və kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində analoji çap materialları, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlərə tətbiq edilən idxal gömrük rüsumları artırılacaq.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur.

Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq. Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları, cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar, çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar və qlobuslar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələrə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Gələn ildən aksizli malların aksiz markaları 5 faiz, banknotlar 0,50 faiz idxal gömrük rüsumundan azaddır.

Ancaq köçürmə şəkillər (dekalkomaniya), çap olunmuş və ya şəkilli poçt açıqcaları, şəkilli və ya şəkilsiz, konvertli və ya konvertsiz, bəzəkli və ya bəzəksiz çap olunmuş təbrik, dəvətnamə və ya bildiriş kartları, qoparılan da daxil olmaqla, bütün növ çap olunmuş təqvimlər və çap olunmuş reproduksiyalar və fotolar da daxil olmaqla, digər çap məhsullarına tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.

Musavat.com-un əməkdaşı olaraq şəhərdə dəftər, kitab satılan bir neçə mağazada olduq. Öyrəndik ki, əksər sahibkarlar artıq yeni qaydalarla tanışdırlar. Onlar hələ qiymətlərdə dəyişiklik etmədiklərini söylədilər.

Metronun "28 May" stansiyası yaxınlığında yerləşən dəftərxanalarda olduğumuz zaman onlar bildirdilər ki, növbəti aydan etibarən qiymətlərdə artım olacaq: "Hələ ki, rüsumlarda heç bir dəyişiklik yoxdur. Ona görə də gətirdiyimiz malın da qiymətində artım və ya azalma yoxdur. Lakin növbəti aydan etibarən, rüsumlarda edilən dəyişikliklərə müvafiq olaraq, müəyyən fərqlər olacaq".

Söhbət etdiyimiz satıcılar onu da qeyd etdilər ki, artım faizi çox olmadığı üçün qiymətlər də nəzərə çarpacaq dərəcədə artmayacaq. İnsanlar yeniliyin xüsusilə kitabların qiymətini bahalaşdiracağından narahatdırlar. Elə mağazalarda olan alıcılar da söylədilər ki, xarici kitabların qiymətləri indi də bahadır, bundan sonra daha da bahalaşması yaxşı hal deyil. Buna sosial şəbəkələrdə etirazlarını bildirənlər də az deyil.

Məsələn, tanınmış jurnalist Azər Qəribov status yazaraq qeyd edib ki, Azərbaycanda onsuzda mütaliyə mədəniyəti digərləri ilə müqaisədə utandırıcı səviyədə idi, bu qərar isə onu məhv edəcək: "Nəinki gömrük rüsumu, hətta ƏDV-dən azad etməkdənsə kitab satışını, belə bir qərar çıxarılır. Arağın rüsumunu qaldırın, siqaretin rüsumunu qaldırın nə qədər kefiniz istəyir, amma kitaba dəyməyin! "İndi hamı internetdən oxuyur" deyənlərə isə məsləhət görürəm, xaricdə olan kitab dükanlarına nəzər salsınlar, sanki möhtəşəm saraylardı. Büdcəni doldurmaq istəyi ilə yanaşı, İqtisadiyatçılarımıza vətəndaş və sosial məsuliyəti də lazımdır. Guya ölkəyə nə qədər kitab gəlir ki, o 2% artırımla büdcə nəsə görsün".

Rəy yazanlardan bəziləri qərarı dəstəkləyib, bunu daxildə kitab çapına müsbət təsir edəcəyini söyləyiblər.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli də musavat.com-a bildirib ki, gələn aydan kitabların qiymətlərində artım qaçılmazdır: “Hər hansı bir məhsulun xammalında istifadə olunan materialların vergi və gömrük dərəcələrində dəyişiklik olursa, avtomatik olaraq, həmin həcmdə də qiymətlər dəyişir.   Qiymət artımının böyük dərəcədə olacağı gözlənilmir. Ancaq müəyyən qədər artımı gözlənilir. Çünki qəbul olunmuş qaydalar belədir ki, istənilən vergi və gömrük artımının son ödəyicisi vətəndaşdır. Çünki mal və xidmətin üzərinə gəlinir, istehsalçı xərclərini maya dəyərinə daxil edir və sonda bunu vətəndaş ödəyir”.

Əli Rais,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR