İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecikmiş Novruz bayramı

3812 23.04.2018 08:30 Yazarlar A A

“Pəri, Pəri, Pəri! Axund Sadıq Münşinin şikayətinə görə xan bu təsbehi göndərdi ki, sənə nişan verim. Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini, bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Aç gözlərini, gör haman təsbehdir, ya yox...”

(Mirzə Cəlil, “Xanın təsbehi”)

Bizim ölkənin Ermənistana nisbətdə nə qədər inkişaf eləməsi bu son olaylarda daha açıq göründü. Özünüz diqqət edin, hər iki Qafqaz respublikasında faktiki eyni hadisə baş vermişdir: baş nazir dəyişmişdir. Ermənilər bununla razılaşmaq istəmir, gündə orada boğuşmaq düşür. Bizdə isə sakitlikdir. İnsanlar ictimai-siyasi sabitliyə əməl edir, qurd quzu ilə yanaşı otlayır, it pişiklə multfilmə çəkilir, dovşan kələmlə, Röya Toliklə qucaqlaşır. Müxalifətimiz haqda heç danışmağa dəyməz, onlar ayda bir neçə dəfə ayrılmış ərazidə - stadionda toplaşıb “Qalx, otur”, “Oturmayan ermənidir”, “İş, çörək, İbrahimbəyovun çaxırları” temasında boyat şüarlar qışqırıb dağılışırlar. Bu da onların ev tapşırığıdır, sağ olsunlar, layiqincə yerinə yetirirlər. O səbəbdən prezident bu dəfəki kabinetin təsdiqi zamanı müxalifət nazirlərinə yenə toxunmadı, onlar öz portfellərini qorudular.

Novruz müəllimin baş nazir qoyulması da olduqca önəmli, modernist, geopolitik, uzaqgörən, qravitasyon hadisədir. İstər-istəməz insanda bahar ovqatı, bayram təranələri baş qaldırır. Bizim “Gələn Novruzda inşallah İsa bulağının başında YAP bayrağı dalğalanacaqdır” söhbətimiz beləcə gəlib yerini almışdır. Onlar Novruzun gəlişi deyəndə elə bu Novruzun gəlişini nəzərdə tuturdular, millət qanmamışdı. Eybi yoxdur, gec olsun, güc olsun. Qış gözünə barmağım, yaza çıxdı oğlağım. Əkəndə yox, biçəndə yox... Yox, bu nəsə ayrı temanın ata sözü idi, zorla bura girdi, siz oxumayın.

Mən Novruz müəllimin baş nazir qoyulmasına bəzi iqtidar tərəfdarlarının münasibətini oxuyanda açığı təəccübləndim. Örnək üçün, biri deyir: “Novruz Məmmədov hakimiyətdə ən iddiasız, özünü təblig etməyən, amma fəaliyyəti ilə dövlətə, dövlətin başçısına sədaqətlə xidmət göstərən məmurlardan biridir. Cəmiyyətdə müsbət imici var, korrupsiyada adı heç vaxt hallanmayıb, həmişə qruplaşmaların fövqündə dayanıb”. Bu nə deməkdir? Bəyəm bizdə qruplaşmalar, iddialı, lovğa, korrupsiyaya qurşanmış şəxslər də vardır? Ölkəmizdə adı çəkilən mənfi hallar yoxdur, ola da bilməz, çünki biz Ermənistanda yaşamırıq. Üstəlik, iddiasız adamı necə baş nazir qoymaq olar? Bəs o sabah necə işləyəcəkdir? Məncə sözlərimizi seçərkən diqqətli olmalıyıq. Düzgün söz seçə bilməyən neçə insan bu dəqiqə türmədədir.

Yaxud, güc nazirlərinin dəyişilmədən saxlanması onlardan çəkinmək faktoru ilə bağlanır. Bu da uydurmadır, çünki biz yaxın keçmişimizdə belə nazirlərdən birinin idarəsinin yerində turp əkildiyinə canlı şahid olmuşuq. Orda elə canavar generallar tutulub yolundu ki, adları çəkiləndə durnalar lələk salırdı.

Turp demişkən, qabaqlar ASAN-xidmət-də ad çıxartmış gənc kadrın (sözgəlişi, Novruz müəllimin yetmişdən çox yaşı vardır, ancaq onu da Artur müəllimə nisbətdə körpə qəlbli saymaq mümkündür) kənd təsərrüfatı nazirliyinə başçı qoyulması, mədəniyyət hissəsini qopardıb ayrıca Turizm Agentliyinin yaradılması, ağıllı uşaqlar demişkən, gələcək prioritetlərimizi aydın göstərir. Deməli dövlət rəhbərliyi qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və turizmin gətirəcəyi gəlirlərə böyük ümid bəsləməkdədir. Başqa yol da yoxdur. Hərçənd, pomidor və xiyar əkən kəndlilərin problemlərinin ASAN-da pasport almağın sadələşdirilməsi qədər asan həll olunacağına o qədər də ümidimiz yoxdur. Çünki burada inhisar ciddidir. Sənəd-sünəd işində isə inhisar qaldırılmışdı, az qala qapısına gerb yapışdıran bütün idarələr pasport verirdilər.

Bütün hallarda son administrativ və struktur islahatlarını YAP iqtidarı tarixində ən müsbətlərindən  və kosmetikadan ən uzaqlarından biri saya bilərik. Artıq millətin tanımadığı şəxslər nazir qoyulur - Avropada da camaat öz nazirlərini tanımır.

Qaldı Hacıbala müəllimin dəyişdirilməsi teması, özüm qəsdən buna toxunmadım, çünki bizim media onu çoxdan dəyişdirib, bəlkə min dəfə... Artıq bu söhbətin ləzzəti qaçıbdır. Onun yerinin boş saxlanması da yüngülvari ümid yaradır ki, bəlkə iqtidar Bakı Şəhər İcra Hakimiyyəti adlı mənasız qurumu ümumiyyətlə ləğv edəcəkdir, bütün sivil dünyada olduğu kimi, bizdə də nəhayət şəhər meriyasına seçkilər keçiriləcəkdir, Bakının doğrudan da meri yaranacaqdır. Çünki ən pis seçki belə təyinatdan yaxşıdır. Gözləyək. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR