İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN-dəki kadr siyasəti barədə dəhşətli faktlar

23095 28.08.2013 09:59 Gündəm A A
“Buna səbəb son bir neçə il ərzində bu qurumda gördüyüm özbaşınalıq, ədalətsizlik və korrupsiya hallarıdır”. Məktubu alandan sonra, oradakı faktların sensasion olmasını əsas götürərək, həmin şəxsin kimliyi ilə maraqlandıq. Qəzetin redaktor heyətindən yalnız bir nəfərlə görüşməyə razılıq verən şəxs öz kimliyini və yazdıqlarını təsdiqləyib. Bundan sonra onun verdiyi məlumatları leqallaşdırmaq qərarına gəldik. 
Sabiq diplomat məktubunda yazır: “Nazirliyin Kadrlar və İxtisasartırma İdarəsinin rəisi Elmira Sarıcalinskayanın illərdir aldığı rüşvətlər və etdiyi ədalətsizliklər nazirlik heyətinin 90%-ni təngə gətirib. Aşağıda sadaladığım faktlar bu fikrimi sübut etmək üçün kifayətdir:

Fakt 1.
Elmira Sarıcalinskaya Azərbaycanın xaricdəki səfirliklərindəki vakansiyaların çoxunu öz monopoliyasında saxlayır. Ölkədən asılı olaraq səfirliklərə təyinatın qiyməti 20-40 min AZN arasında dəyişir. Şəxsən tanıdığım bəzi “diplomatlar” heç bir xarici dil və diplomatik savadlarının olmamasına baxmayaraq, qeyd olunan məbləğləri ödəyərək dünyanın inkişaf etmiş dövlətlərindəki səfirliklərimizdə çalışırlar". Diplomat buna misal olaraq yazır ki, yüksək vəzifəli bir məmurun oğlu heç bir müsabiqədən keçməyərək nazirliyə işə götürülüb və cəmi 3 ay ərzində ona qanundan kənar olaraq attaşe diplomatik vəzifəsi verilərək, Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna göndərilib. Üstəlik, Elmira Sarıcalinskaya həmin şəxsin təyinatı üçün daha yuxarı vəzifə - 3-cü katib vəzifəsi üçün əmr hazırlasa da, nazir Elmar Məmmədyarov “bu qədər də ağ eləməyək”, deyərək əmri imzalamayıb.
“Qeyd edim ki, XİN daxilində illərdir çalışan, ancaq heç bir səfirliyə göndərilməyən onlarla əməkdaş var. Onların haqqı yeyilir, dövlət məmurlarının övladlarının istəklərinə qurban verilir. Xarici dillərdə bir kəlmə belə bilməyən məmur övladları diplomatik vəzifələrlə və diplomatik pasportlarla təmin edilərək, Azərbaycanın səfirliklərinə göndərilir. Bütün bu proseslərin başında isə nazirliyin Kadrlar və İxtisasartırma İdarəsinin rəisi Elmira Sarıcalinskaya və kadr məsələləri üzrə nazir müavini Nadir Hüseynov dayanır”, - deyə XİN-dən istefa verən diplomat məktubunda yazır.

Fakt 2.
Onun məktubunun davamına baxaq: “Elmira Sarıcalinskaya 2008-ci ilin sonlarından etibarən XİN-də işə qəbul prosesini şəxsi nəzarətinə götürüb. Normal halda diplomatik xidmətə işə qəbul üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə respublika miqyasında imtahan keçirilməlidir. Lakin nəzərinizə çatdırım ki, 2008-ci ilin noyabr ayından etibarən, təxminən 5 ilə yaxındır ki, bu imtahanlar keçirilmir. 
Ancaq bu, vakant vəzifələrin olmaması ilə bağlı deyil, onlarla vakant vəzifə var, lakin nazir müavini Nadir Hüseynov və idarə rəisi Elmira Sarıcalinskaya vakant vəzifələrə əməkdaş qəbulunu “öz bildikləri metodlarla”, maddi vəsait və ya bahalı hədiyyə qarşılığında, eləcə də yüksək çinli məmurların övladları və qohumlarını həmin vəzifələrə təyin etməklə doldururlar. Belə çıxır ki, son 5 ildir müvafiq ixtisası bitirən normal Azərbaycan vətəndaşı qanunla müəyyən olunmuş qayda ilə müsabiqədən keçib diplomat ola bilmir. İnsanların bu hüquqları əllərindən alınıb.
E.Sarıcalinskaya 70-100 min AZN qarşılığında kənardan ixtisası diplomatiyaya uyğun olmayan və heç bir xarici dili bilməyən şəxsləri XİN-ə stajçı olaraq işə götürür, daha sonra isə nazirlik daxilində uydurma bir imtahan təşkil edərək stajçıların hamısına attaşe diplomatik vəzifələrini verir. Bu, bir ölkənin diplomatiyasını faciəyə sürükləyən fəaliyyətdir.

Fakt 3.
Elmira Sarıcalinskayanın 2 kürəkəni var. Birinci kürəkəni ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovdur. Digər kürəkəni - Fərid Abdinbəyov isə ölkəmizin Rumıniyadakı səfirliyində müvəqqəti işlər vəkili idi və bir müddət əvvəl Azərbaycanın Rumıniyadakı səfiri təyin edildi. Belə çıxır ki, Elmira Sarıcalinskaya nazirliyin ən savadlı və zəhmətkeş, səfir olmağa layiq kadrlarını bir tərəfə ataraq və süründürməçiliyə məruz qoyaraq öz kürəkənlərini səfir təyin etdirməklə məşğuldur. 

Fakt 4.
Elmira Sarıcalinskaya illərdir diplomatlar və səfirlərdən aldığı rüşvətlər və hədiyyələr qarşılığında onların işlərinin operativ həll olunmasına xidmət edir. Hər il 8 mart bayramında E.Sarıcalinskayanın otağının qarşısında hədiyyə növbəsi düzülür. Həm də artıq bu qadın hətta ən məşhur firmalardan olan hədiyyələri belə bəyənmir və ucuz hədiyyədir deyə geri qaytarır. 

Fakt 5.
Hər il diplomatik xidmət əməkdaşlarının peşə bayramında XİN sistemi daxilində növbədənkənar vəzifələr və medallar təqdim olunur. Hətta o siyahı belə hazırlanarkən E.Sarıcalinskaya rüşvət aldığı, tapşırıq qəbul etdiyi şəxslərin qohumlarına üstünlük verir. Nəticədə real əziyyət çəkənlər qalır bir tərəfdə, məmurların, varlıların bisavad qohumları vəzifələrdə yüksəlir, təltif olunur.

Fakt 6.
Məhz E.Sarıcalinskayanın qeyri-məsuliyyətli və insafsız kadr siyasətinin nəticəsidir ki, illərdir müşavir vəzifəsində çalışan, 2-3 xarici dil bilən təcrübəli peşəkar diplomatlar - müşavirlərin səfir olmaları üçün təqdimatları irəli sürülmür, amma Hacı Allahşükür Paşazadənin XİN-in Asiya və Afrika məsələləri (!) idarəsində çalışan kürəkəni Adış (soyadını dəqiq bilmirəm) İsveçə (!) səfir göndərilmək üçün namizəd təqdim olunub. Bu qədər insafsızlıq, bu qədər ədalətsizlik olmaz.

Fakt 7.
Elmira Sarıcalinskaya xaricdəki diplomatik nümayəndəliklərimizdə yaranan vakant vəzifələrlə bağlı məlumatları XİN-in idarələrindən gizlədərək, əsas Avropa ölkələrindəki vakant yerləri müəyyən məbləğ qarşılığında XİN daxilindəki məmur övladlarına və varlılara “satır”. Hər bir şəhərin və səfirliyin öz qiyməti var. O vəzifələrə təyin olunmağa layiq olanlar və xarici dil bilənlər vakant yerlər üçün müraciət etdikdə isə onlara yalnız bəzi ərəb ölkələrində və ya uzaq ölkələrdə vakant yerlərin olduğu bildirilir. Nəticədə uduzan Azərbaycan diplomatiyası olur.

Fakt 8.
Təsəvvür edə bilərsinizmi ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində (Nyu - York) çalışmaq üçün göndərilən əməkdaşlardan biri nümayəndəlikdə işə başlamamışdan əvvəl 3 aylıq ingilis dili kursu keçib. Bu hansı məntiqə, hansı vicdana və hansı əxlaqa sığır? İngilis dilinin daimi ünsiyyət vasitəsi olduğu o cür mötəbər bir qurum yanındakı daimi nümayəndəliyimizə göndərilən həmvətənimizin ingilis dili bilmədən ora göndərilməsinin isə tək bir səbəbi var: Elmira Sarıcalinskayanın maddi tələbi həmin şəxs tərəfindən artıqlaması ilə ödənilib.

Fakt 9.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun hər iki oğlu XİN-də çalışır. Azərbaycan dilində danışa bilməyən bu iki şəxsin təbii ki, diplomatiyadan da xəbərləri yoxdur. Ancaq qısa müddət ərzində hər iki şəxs növbədənkənar vəzifələr ala-ala hamıdan yuxarı vəzifələrdə qərarlaşıblar. Üstəlik, bu 2 şəxs xaricdəki diplomatik vəzifələrindən geri qayıdan diplomatların adlarına alınan vergisiz, gömrük rüsumsuz avtomobilləri aşağı məbləğ qarşılığında satın alaraq baha qiymətə satmaqla özlərinə gəlir əldə edirlər.

Fakt 10.
Xarici dil bilikləri işə qəbulun birinci şərti kimi irəli sürülməli olan bu nazirlikdə 50%-dən çox əməkdaş xarici dil bilmir. Bu cür əməkdaşlar xanım Sarıcalinskayaya müvafiq rüşvət qarşılığında rusdilli postsovet ölkələrində və ya Türkiyədəki diplomatik nümayəndəliklərimizdə diplomatik vəzifələrlə təmin olunurlar. Üstəlik, bu şəxslərin əksəriyyəti diplomatiyaya heç bir aidiyyəti olmayan ixtisaslar üzrə təhsilə malikdirlər;

Fakt 11.
Elmira Sarıcalinskaya və onun rəhbərlik etdiyi idarənin əməkdaşları (konkret olaraq rast gəldiyim Raci Teymurov və Emin Hüseynzadə adlı əməkdaşlar) Milli Təhlükəsizlik Nazirliyinin adından istifadə edərək, itirdikləri və ya itirilmiş olaraq göstərdikləri sənədləri “MTN-in yoxlamasındadır” adı ilə gecikdirirlər. Bu gecikdirmə və bezdirmələr vasitəsilə əməkdaşları rüşvət verməyə məcbur etmək məqsədi güdülür".

***

Diplomat iddia edir ki, E.Sarıcalinskaya bütün bu işləri nəyəsə və ya kiməsə arxayın olmadan görə bilməz. O, işdən azad olunmaqdan belə çəkinmir: “Çünki onun həyat yoldaşı Sabir Sarıcalinski baş nazir Artur Rəsizadənin köməkçisi, qudası Oqtay Şahbazov isə Prezident Administrasiyanın İşlər İdarəsində məsul vəzifədədir.
Kənardan ən təmiz olaraq görünən bu cür mötəbər bir qurumun bu vəziyyətə salınmasında, son 5 ildə XİN-in kadr siyasətinin bərbad günə qoyulmasında əsas günahkarlar həyat yoldaşına və qudasına güvənən Kadrlar İdarəsinin rəisi Elmira Sarıcalinskaya, nazir müavini Nadir Hüseynov və təbii ki, bütün bu proseslərə göz yuman, bu şəxslərin əlində alətə çevrilən və nazirliyi idarə etmək qabiliyyətində olmayan nazir Elmar Məmmdəyarovdur.
Yuxarıda qeyd etdiyim faktların hər biri sonuna qədər doğrudur. Bunu yoxlamaq üçün dövlətimizin kifayət qədər imkanları var. Ancaq yuxarıda qeyd etdiyim faktlar sadəcə məmur özbaşınalığına, korrupsiyaya, ədalətsizliyə misal deyil, həm də diplomatiyamızın gələcək faciəsinə olan ürək ağrısının cümlələrlə ifadəsidir.
Bu cür ədalətsizliklər artıq XİN-in onlarla savadlı kadrlarının, o cümlədən mənim XİN-dən ayrılmağıma və özəl sektora yönəlməyimə səbəb olmuşdur.
XİN daxilində 12 ildən çox çalışmış bir diplomat olaraq yalnız aşağıdakı tədbirlərin görüləcəyi təqdirdə, XİN sistemində irəliləyişə nail oluna biləcəyinə əminəm:
  • E.Məmmədyarov, N.Hüseynov və E.Sarıcalinskaya işdən dərhal azad edilməlidir;
  • XİN-də çalışan kadrların ölkəmizi təmsil etmək səviyyəsini ölçmək məqsədilə ən aşağı vəzifəli diplomatdan tutmuş ən yüksək vəzifəliyə qədər attestasiya aparılmalıdır, dil bilikləri yoxlanılmalıdır;
  • XİN-ə işə qəbul əvvəlki kimi, TQDK vasitəsilə aparılmalıdır;
  • XİN daxilində səfirliklərə təyinat, təltif və medallar, məsul vəzifələrə təyinatlarla bağlı xüsusi komissiya qurulmalıdır və məhz həmin komissiyanın qərarı əsasında müvafiq əmrlər hazırlanmalıdır".

***

Redaksiya buradakı iddia və faktların ciddiliyini nəzərə alaraq, onları ictimailəşdirmək qərarı verdi. Buradakı detallar, iddialar o kateqoriyadandır ki, bunların üstündən hansısa nazirlik rəsmisinin dili ilə “yalandır”, deyilib, keçilə bilməz. Bu iddialar dövlət rəhbərliyi tərəfindən araşdırılmalı və tədbirlər görülməlidir.
Məsələ ilə bağlı XİN-nin mətbuat katibi Elman Abdullayevin telefonuna zəng edərək ondan münasibət öyrənmək istəsək də, zənglərimizə cavab vermədi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR