İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətəndaşlıqla bağlı dəyişikliyin səbəbi Rusiyadan gələn təhlükədir”

5704 01.06.2014 09:15 Gündəm A A


Milli Məclisin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununa etdiyi dəyişikliklər birmənalı qarşılanmır. MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna təklif olunan bir sıra dəyişiklər və əlavələr çox əhəmiyyətlidir. “Azərbaycan Konstitusiyasında birmənalı qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz. Bu qanunda heç kim vətəndaşlıqdan məhrum edilmir. Şəxs könüllü olaraq başqa ölkənin vətəndaşı olmağı qəbul edirsə, o zaman Azərbaycan vətəndaşlığını itirir. Çünki Konstitusiyaya görə, Azərbaycanda ikili vətəndaşlıq yoxdur” - deyən Əli Hüseynli vurğulayıb ki, bu qanun əvvəllər başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərə şamil edilməyəcək.
Həmçinin, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Qanunun 8.18-ci maddəsinə edilən dəyişikliyə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; Azərbaycan vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; Azərbaycan vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Ekspertlər bildirirlər ki, dəyişikliklər bir çox vətəndaşlar üçün çətinliklər yaradacaq. Həmçinin qanunun 8.18-ci maddəsinə edilən dəyişikdə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” əsaslarda qeyd edilmiş “Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” ifadəsi qeyri-müəyyəndir. Yəni burada söhbətin hansı davranışdan getdiyi anlaşılmır. Belə olan halda istənilən şəxsin hər hansı bir əməlini “təhlükəli davranış” hesab edərək, vətəndaşlığını ləğv etmək olar.
Qeyd edək ki, dəyişikliklərlə bağlı cəmiyyətdə fikirlər haçalanır. Bir qisim əlavə və dəyişikliklərin Azərbaycan dövlətçiliyinə xidmət etdiyini, xüsusilə Rusiyanın vətəndaşlıq əldə etmə qaydalarının sadələşdirməsindən sonra baş verə biləcək təhlükələrin qarşısını almağa hesablandığını, digər bir qisim isə hakimiyyətin bu dəyişikliklərdən siyasi opponentlərinə qarşı istifadə edəcəyini düşünür.

Ekspertlərin fikrincə, dəyişikliklər Azərbaycan Konstitusiyasına ziddir. Çünki “30 sentyabr 1998-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikası vətəndaşlığı haqqında" Qanunun tələblərinə görə kiminsə vətəndaşlıqdan çıxarılması məcburi şəkildə olmamalıdır. Əgər şəxsin dövlət, digər şəxslər qarşısında öhdəliyi yoxdursa, barəsində məhkəmə hökmü yoxdursa və vətəndaşlıqdan çıxarılması üçün müraciət edibsə, həmin şəxsin vətəndaşlığına xitam verilə bilər. Əgər şəxs digər dövlətin vətəndaşlığını əldə edirsə, qanunla onun vətəndaşlıqdan çıxarılması qaydasını müəyyən etmək olmaz. Belə bir qaydanın müəyyən olunması vətəndaşlıqdan məhrumetmənin rəsmiləşdirilməsidir. Bu isə Azərbaycan Respublikası konstitusiyasının 53-cü maddəsinə ziddir. Həmin maddə vətəndaşlıqdan məhrumetməni qadağan edir. Qanuna təklif olunan dəyişikliklərdən əvvəl konstitusiyanın 53-cü maddəsinə yenidən baxılmalıdır. Bundan sonra təklif olunan dəyişikliklər müzakirəyə çıxarıla bilər. Əgər Konstitusiyanın 53-cü maddəsinə dəyişiklik etmədən qanuna bu şəkildə dəyişiklik qəbul olunsa, konstitusiyanın 149-cu maddəsinə əsasən həmin qanunun heç bir hüquqi qüvvəsi olmayacaq.


Ekspert Ərəstun Oruclu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, sözügedən dəyişikliyə səbəb Rusiyadan gələn təhlükədir: “Rusiya artıq ikili vətəndaşlıqla bağlı, Rusiya vətəndaşlığının sadələşdirilməsi haqqında qanun qəbul etdi. Təbii ki, bunun Azərbaycan üçün də təhlükəsi var. Əslində hesab edirəm ki, ikili vətəndaşlıq qanuna əsasən, yolverilməzdir. İkinci bir ölkənin vətəndaşlığını qəbul edən şəxsin Azərbaycan vətəndaşlığı şübhə altına alına bilər. Amma bu, yaxşı praktika sayılmır. Konkret kriteriyalar olmalıdır. Müəyyən beynəlxalq praktikaya uyğun istinad yerləri olmalıdır. Yoxsa ki, sabah görəcəyik, istədikləri adamları vətəndaşlıqdan məhrum etdilər. Çünki Azərbaycanda qanunların icrası necə yerinə yetirilir, yaxşı bilirik. Qanunlarda dəyişiklik ümumi bir görüntü yaradır ki, hakimiyyət çox ciddi təlaş içindədir. Bu təlaşdan nəticə çıxararaq cəmiyyətlə ünsiyyətə girmək, cəmiyyətlə əlaqələri gücləndirmək, həm paralel, həm vertikal münasibətlər qurmaq əvəzinə qanunları, qaydaları sərtləşdirmək, vətəndaşlara təzyiq göstərmək yanlış yoldur. Əslində son vaxtlar qanunlara intensiv şəkildə edilən bu düzəlişlər hamısı vətəndaşlara təzyiqdir. Burada məhz ən böyük problem odur ki, orada konkret detallar, bəndlər çox azdır və ən təhlükəlisi də budur”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR