İnsanlara hürriyət, millətlərə istiqlal!

MOSKVA İQTİDARDAN 20 MİLYARD VƏ... XƏZƏRİ TƏLƏB EDİR

57848 15.03.2013 09:59 Gündəm A A

Proses başlayandan bu günə qədər buna Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi etməsi planı kimi baxılırdı. Əksər ekspertlər, müxalifət liderləri, siyasi analitiklər, hətta iqtidara yaxın siyasətçilər də baş verənləri Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlaşması kimi qiymətləndirirdi. 2 həftə öncə Bakıda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili “Rusiya Azərbaycanda hakimiyyət çevrilişi etməyə hazırlaşır” bəyanatını verməklə siyasi mühitdə şok effekti yaratdı. Hakimiyyətdə bu bəyanata reaksiyalar birmənalı olmadı. Lakin bir məsələ aydın idi - bu mövzu Bakıda iki prezidentin arasında ciddi müzakirə olunub! Saakaşvili yalnız öz sözünü yox, həm də Azərbaycanın məlumatlarını, narahatlığını efirə çıxardı. Qərbin Güney Qafqazdakı ən etibarlı adamlarından olan Saakaşvilinin dilindən bu cür məlumatın ictimailəşdirilməsi isə xüsusi mahiyyət kəsb edirdi.
Bu günlərdə onun sensasiyalı açıqlamasını təsdiqləyəcək bəzi özəl məlumatlar əldə etmişik. Onların heç də hamısını ictimailəşdirmək mümkün deyil. Lakin bu məlumatların bir qismini açıqlamaqda fayda var. Bəri başdan deyək ki, həmin bilgilərin mənbəyi çox sağlamdır. Onun iddiasına görə, Rusiyanın Azərbaycana yönəlik təzyiq siyasətinin arxasında doğrudan da ciddi hədəflər dayanır. Bu hədəflər ciddiliyinə görə hətta hakimiyyət dəyişikliyindən də ötədir.
Mənbə iddia edir ki, Rusiya Azərbaycana təzyiqi iki mərhələdə aparır. Birinci mərhələnin arxasında siyasi reketlik üsulu ilə iqtidardan para çəkməkdir. Mənbə deyir ki, “Milyarderlər ittifaqı”, Dağıstanda hərbi qüvvələri cəmləmək, etnik planda təhdid və s. - bunlar Azərbaycanda yalnız iqtidarı dəyişdirmək planı deyil. Rusiyanın mümkünsüz görünən tələblərini yerinə yetirərsə, indiki iqtidarla da anlaşıla bilinər. Olmazsa, bu planı icra edə biləcək iqtidarın iş başına gətirilməsinə qədər gedə bilərlər.
Planın birinci mərhələsində Rusiyanın indiki yönətimi Azərbaycan iqtidarından ciddi məbləğdə pul qoparmaq niyyətindədir. Qaynağımız israrlarımızdan sonra xəsisliklə də olsa bu mövzunu bir qədər dərinləşdirdi. Onun sözlərinə görə, Putin iqtidarı bizim ölkə hakimiyyətinə qarşı son aylar başlatdığı açıq təzyiqləri dayandırmağın və seçkinin nəticələrinə müdaxilə etməməyin müqabilində dövlətimizdən 20 milyard dollar tələb edib. Bunun əvəzində “Milyarderlər ittifaqı” iqtidarın namizədini dəstəkləyən bəyanatla çıxış edir, “rus konseyi”ndəki azərbaycanlı milyarderlər hakimiyyətə sədaqət andı içir. Burada yeganə ümummilli məqamsa ondan ibarətdir ki, 20 milyard xəracın içində Azərbaycan Qarabağda savaş başlatsa, vədəli (müəyyən zamanda) tərəfsizlik də var. Yəni Azərbaycana müəyyən zaman tanınacaq ki, hərbi əməliyyatlar keçirib işğaldakı ərazilərin müəyyən qismini geri qaytara bilsin; bir sözlə, haqqında çox danışılan lokal müharibə modeli tətbiq olunacaq, bundan sonra isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin müdaxiləsi ilə böyük sülh danışıqları başlanacaq.
Kəmaləddin HeydərovƏldə etdiyimiz bilgilərə görə, son maddə də daxil olmaq şərtilə Azərbaycan Rusiyaya 20 milyard ödəməklə bağlı ilkin razılığa gəlib. Çünki hakimiyyət heç bir oyun qaydası tanımayan Kremllə riskə getməkdə maraqlı deyil. Üstəlik, əsas məsələ həm də hakimiyyəti saxlamaqdırsa, yəni iqtidarda qalmaq məsələsidirsə, onda risk əmsalı sıfırın altına düşür.
“Ən maraqlısı odur ki, Rusiyaya ödənəcək 20 milyardın toplanması və onun çatdırılması fövqəladə hallar naziri Kəmaləddin Heydərova tapşırılıb” - deyə mənbəmiz bildirir.
Xatırladaq ki, bir müddət öncə “Yeni Müsavat”da K.Heydərovun Rusiya ilə əlaqələri qaydaya salmaqla bağlı ölkə rəhbərliyi tərəfindən görəvləndirildiyi haqda manşet məqaləsi çap olunmuşdu. Məqalədə bildirilirdi ki, keçmiş fövqəladə hallar naziri Sergey Şoyqu ilə K.Heydərovun yaxşı münasibəti olub. Şoyqu Rusiya müdafiə naziri postuna irəli çəkiləndən sonra rəsmi Bakı Kremllə münasibətləri qaydaya salmağı K.Heydərova tapşırıb. Çünki “fövqəlnazir”in köhnə dostu Rusiya siyasi elitasında daha nüfuzlu mövqedə qərarlaşıb.
Sergey Şoyqu“Yeni Müsavat”a çatan məlumata görə, Rusiyanın bizim iqtidardan daha bir tələbi var. Bu tələb öz təhlükəliliyinə və miqyasına, həm də mahiyyətinə görə 20 milyardlıq xəracdan da böyükdür. Məlumatlı dairələrin sözlərinə görə, Kremlin imperiya iştahası o qədər çoxalıb ki, rəsmi Bakıdan Xəzərin Azərbaycan sektorunu da istəyir! Mənbə bu tələbi bu cür izah edir: “Rusiya açıq şəkildə Azərbaycana bildirib ki, Xəzərin Azərbaycan sektorunu rəsmən Moskvaya versin. Deyilənə görə, Orta Asiyanın Xəzəryanı ölkələri Putinin bu tələbinə ”hə" deyiblər. Amma İlham Əliyev ölkəmizin müstəqilliyini birbaşa təhdid edən bu plana qarşı hələlik müqavimət göstərir. Amma Xəzəri Rusiyaya güzəştə getməyi də istisna etmir. Çünki bu varianta “yox” deyilərsə, Azərbaycan Moskvanın ciddi sanksiyaları ilə üzləşə bilər. Söhbət burada təkcə hakimiyyəti itirməkdən yox, bütövlükdə Azərbaycanı, onun müstəqilliyini itirməkdən gedir..."
Bu arada əldə etdiyimiz bir başqa məlumat isə ondan ibarətdir ki, Moskva ilə Bakı arasında danışıqları baş nazirin keçmiş I müavini, “Milyarderlər ittifaqı”nın aparıcı simalarından olan Abbas Abbasov aparır. A.Abbasov ötən il dekabrın sonlarında Bakıya gələrək prezident İ.Əliyevlə görüşdü. İddia olunur ki, o, Bakıya Putinin tələb və şərtlərini çatdırmaq üçün gəlmişdi.
Abbas Abbasov“Milyarderlər ittifaqı”ndakı azərbaycanlıların əksəriyyətinin o təşkilata öz istəyi ilə gəlmədiyi də mənbəmizin iddiaları arasındadır. İndiyədək bu haqda mətbuatda çox yazılıb. İddialara görə, Putin onları təhdid, hədə yolu ilə Bakıya qarşı cəbhələndirib. Onların arasında bir-iki istisna var. Məsələn, Rüstəm İbrahimbəyov. Onun Əliyev iqtidarına münasibəti zatən bəllidir.
Azərbaycan Rusiyaya bildirib ki, Xəzər məsələsində güzəştə getsə, xalq ayağa qalxar. Təklif bu cür olub ki, ilk 5 il üçün Xəzərdən əldə olunan bütün gəlirlər qeyri-rəsmi şəkildə Rusiya ilə bölünsün. Sonrakı müddətdə isə məsələyə yenidən baxılar. Azərbaycan bununla vaxt udmağa çalışır. Bizim iqtidar yaxın 5 ildə Rusiyada Putin komandasının hakimiyyətdən gedə biləcəyi ehtimalına ümidli yanaşır.
Rusiya isə təklif edib ki, 20 milyardlıq xərac + Xəzərin əvəzində Qarabağı ermənilərdən alıb Azərbaycana verə bilər. Amma bu təklif də rəsmi Bakı tərəfindən isti qarşılanmayıb. Hakimiyyətdəkilər hesab edir ki, Xəzər bütün tərəfləri ilə onların var olma şərtidir. Bu iqtidar artıq neçə ildir beynəlxalq gücləri - Avropanı, ABŞ-ı, Rusiyanı, müəyyən mənada Türkiyəni Xəzərdən çıxan neft-qaz və kürü ilə doyurur: “Qarabağ isə başdan-başa xərcdi. Torpaqlar geri qaytarıldıqdan sonra orada milyardlarla manat xərc çəkib tikinti-quruculuq işləri aparılmalıdır. Üstəlik camaatın ata-baba yurduna qaytarılması zamanı xeyli problemlər də ola bilər”.
Mənbəmiz onu da dedi ki, prezident Rusiyanın bu azğın istəkləri ilə bağlı Türkiyədən, Avropadan, ABŞ-dan dəstək istəyib. Onlardan müəyyən dəstək vədləri də alınıb. Son zamanlar Bakıdakı Qərb diplomatlarının rəsmi Bakıya, onun seçkilərlə bağlı planlarına dair reveransları da bu səbəbdən ortaya çıxıb. Türkiyə iqtidarı isə Azərbaycan iqtidarına təklif edib ki, Rusiyanın tələbləri ilə qismən də olsa razılaşsın.
Məlumat qaynağımız onu da dedi ki, Rusiya Bakının bu şərtlərə razılaşacağı təqdirdə 2013 seçkilərinin İ.Əliyevin qələbəsi ilə başa çatacağı nəticəsinə müdaxilə etməməyi və seçki prosesini əvvəldən axıra kimi dəstəkləməyi öz öhdəsinə götürüb. Qeyd edək ki, rəsmi Bakı bundan əvvəl də neft pulları sayəsində işğal altındakı torpaqları geri almaq təşəbbüsləri göstərmişdi. Lakin bu plan hər dəfə uğursuzluğa düçar olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR