İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank dələduzlarının həbsində ümummilli “Əmi” faktoru

21359 30.03.2014 10:00 Gündəm A A



İki gün əvvəl Baş Prokurorluq bir məlumat yaydı. Məlumatda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iki nəfəri - “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyevlə “Meridian Company” MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun həbsindən bəhs edilirdi. Sənəddə bildirilirdi ki, hər iki şəxs eyni üsulla müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı üst-üstə 44 milyon manatlıq dələduzluq əməli törədiblər.

Sıravi vətəndaşın girov müqabilində belə 5-10 min manat kredit götürməsi kifayət qədər problem olduğu bir vaxtda bu iki şəxs bunca vəsaiti kreditlə necə ala biliblər? Kimdir bu şəxslər və bu qədər vəsaiti bankdan onlara kimin zəngi, zəmanəti ilə ayırıblar?
Bu suala aydınlıq gətirmək üçün apardığımız araşdırma zamanı hər iki şəxsin imza atdıqları xeyli cinayətlərlə bağlı maraqlı məlumatlar əldə etdik.

Bəri başdan qeyd edək ki, Azərbaycan müstəntiqlərinin həbslərinə 2-3 gün əvvəl sanksiya ala bildikləri Rauf Faiq oğlu Kərimov və Cavidan Mustafa oğlu Hacıyev hazırda Türkiyədə axtarışdadırlar. Onlar orada da dəyəri milyonlarla dollarla ölçülən dələduzluğa görə Türkiyə istintaqçılarının diqqət mərkəzinə düşüblər.


“Yeni Müsavat” və digər qəzetlər Rauf Kərimovun “Bank Technique”yə, daha doğrusu bu bankın sələfi “Texnikabank”a “atması” haqda ilk məlumatları 2011, 2012-ci illərdə yayıb. Həmin məlumatlarda deyilirdi ki, illərlə fəaliyyətsiz olan və paytaxtın gözəgəlimli ərazilərindən birində yerləşən “Bakı” mehmanxanasını bu şəxs Azərbaycanın ən məşhur soyadlarından birini daşıyanların sayəsində “Texnikabank”a girov qismində qoyaraq, 15 milyon manat kredit götürüb. Lakin sonradan R.Kərimov həmin məşhur familiyaya “atıb” - 12 milyon manatı götürərək aradan çıxıb.

Bundan əvvəl isə R.Kərimov “Zaminbank” ASC-yə atıb. 2 oktyabr 2008-ci il tarixli 49 nömrəli kredit müqaviləsinə əsasən 250 min manat kredit alıb. Kredit Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 5 il müddətinə illik 7 faizlə verilib. Ancaq sonradan SKMF əməkdaşları kreditin təyinatı üzrə istifadə olunmamasını aşkarlayıblar və məsələ aktlaşdırılıb. Bundan sonra bank onunla bağlanmış müqaviləni dəyişərək, illik faiz dərəcəsi 22 faiz olmaqla yeni müqavilə imzalayıb. Ancaq R.Kərimov əsas borcu (250 min manat) və əsas məbləğə illik 22 faizlə hesablanmış (65 min 750 manat) borcu qaytarmaqdan yayınıb.


 Bundan sonra “Zaminbank” Xəzər Rayon Məhkəməsinə müraciət edərək, borcun banka girov qoyulan Şüvəlan qəsəbəsi ərazisində yerləşən 1147 “a” saylı bağ evinə yönəldilməsi barədə iddia qaldırıb. Məhkəmə də iddianı təmin edib. Sonradan R.Kərimov birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti versə də, qətnaməni dəyişdirə bilməyib.

Rauf Kərimov Şıxov qəsəbəsində yerləşən “Dostluq” restoranının sahibidir. 2011-ci ildə onu Bakı Hava Limanında silahla saxlamışdılar. Lakin sonradan hansısa “gizli əl” onu azad etdirdi.

Həbs olunan milyonçu-dəluduzlar Türkiyədə bu dövlətin vətəndaşı Atif Fərmandala, Hollandiya vətəndaşı Ronald Rudolfa və əslən türk olan Hollandiya vətəndaşı Ərcan Cana “atıb”lar. Həmin dövr mətbuatında bu haqda ətraflı yazılıb. Biz sözügedən şəxslərin barəsində araşdırma apararkən bir neçə il öncə yerli KİV-lərdə yayılmış materiallara istinad etməli olduq.

2008-ci ildə A.Fərmandal və R.Rudol ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırırlar. Bodrumdakı ərazi Atif Fərmandalın olmaqla burada tikiləcək evləri satmaq üçün Avropalı müştəriləri tapmaq da Rudolfun üzərinə düşür. Layihə qocalar evi tipli 600 evin tikilməsini nəzərdə tutur. Şəriklər maliyyə çatışmazlığı üzündən əslən türk olan Hollandiya vətəndaşı Ərcan Can adlı iş adamını da özlərinə şərik edirlər. Hər iki həmyerlimiz özlərini əcnəbi ortaqlarına nəqliyyat naziri və regionun ən varlı adamlarından biri kimi ad çıxaran Ziya Məmmədovun ortaqları və partnyorları kimi tanıdırlar. Danışıqlar baş tutub, Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici - 77 faizlik payla əsas sahiblərinə çevriliblər.

Amma az sonra C.Hacıyev və R.Kərimov bizneslərində “fors-major” yaşandığını Türkiyəli şəriklərinə çatdırıblar. Durumu belə izah ediblər ki, İrandan Azərbaycana sement komponenti idxal edirmişlər. Bunların növbəti çox böyük idxal partiyasının üzərinə gömrük “əl qoyub”, 40 faiz rüşvət tələb edib. Onlar da bu məbləği ödəməyə məcbur olublar. Ona görə də dövriyyədə nağd pul çatışmazlığı var və s. bu kimi bəhanələr gətirərək şəriklərini sakitləşdirməyə çalışıblar.


Elə həmin zamanlarda hər iki şəxs Bank Melli İran və onun Türkiyədəki şöbəsini dövriyyəyə soxublar. Bankın ekspertləri Bodruma gəlib, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit tranşı aça biləcəklərini söyləyiblər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunub. O isə Azərbaycandan olan şəriklərə güvənmədiyini deyib və müxtəlif bəhanələrlə razılıq verməkdən imtina edib. Sonda isə onu Türkiyədə “razborka”lar aparmaqla ad çıxaran Babataşlar nəslinin nümayəndəsi Yaşar Babataş razı salıb - özünün bir-iki yaxın adamını da götürüb gecə saat 3-4 radələrində Ərcan Canın evinə hücum edib, onu “inandırıb” ki, bu sənədə imza atmamağın çox pis nəticələri ola bilər. Can canının qorxusundan sənədləri imzalayıb. Cavidan Hacıyev və Rauf Kərimov sənədləri İran Milli Bankına verərək ilkin olaraq, 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və İrandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdirirlər. 

Bodrumdakı inşaat işləri isə “unudulur”. Sonradan Türkiyə məhkəməsinin qərarına əsasən Atif Fərmandal həbs edilib, Ərcan Cana Türkiyədən çıxmaq yasaq olunub. Cavidan Hacıyev və Rauf Kərimov haqda isə axtarış elan olunub.

Belə məlumatlar da var ki, Z.Məmmədov adının iki dələduz tərəfindən partnyor kimi hallanmasından xəbər tutanda artıq onlar digər bir nüfuzlu nazirin adından istifadə etməyə başlayıblarmış. Ziya Məmmədov Türkiyədəki ortaqlarını inandırmağa çalışıb ki, Cavidan Hacıyev və Rauf Kərimov onunla heç bir əlaqəsi olmayan adamlardır. Həmin ərəfədə isə bu şəxslər Türkiyənin biznes çevrələrinə soraq yayıblar ki, onlar Ziya Məmmədovun yox, Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun ortaqlarıdır...
Rauf Kərimovun adı Bakının mərkəzində - Səbayel rayonu, Nizami küçəsi 46 saylı evin ələ keçirilməsində də hallanırdı. O, 2001-ci ildə Rüfət Dadayevlə sahəsi 960 kv. m. olan 4 mərtəbəli mülkü almaq haqda razılığa gəliblər.

Satılacaq əmlakın qiyməti 425 min dollar müəyyənləşdirilib, razılığa gəlinib ki, Rauf Kərimov həmin məbləğin 225 min dollarını nağd pulla, 200 min dollarını isə özünə məxsus mülkü və avtomobili Dadayevə verməklə ödəsin. 2002-ci ildə Rauf Kərimov Rüfət Dadayevə 195 min dollar ödəyib, borcunun ödənilməsi üçün üzərinə götürdüyü digər öhdəlikləri də yaxın vaxtlarda yerinə yetirəcəyinə söz verib. Rüfət Dadayev deyir ki, bundan sonra Rauf Kərimov atlı olub, o piyada. Rauf Kərimov müqavilənin şərtlərinə əməl etmədiyindən bir müddət sonra Rüfət Dadayev qərara alıb ki, pulları geri qaytarsın və əmlakını ona satmasın. Ancaq Rauf Kərimov əmlakın Rüfət Dadayevdən alınaraq ona verilməsi iddiası ilə Səbayel rayon Məhkəməsinə müraciət edib. Azərbaycan məhkəmələri ağına-bozuna baxmadan Rüfət Dadayevin yaşadığı mülkdən məcburi qaydada çıxarılması haqda qərar veriblər. Qərar dərhal icra olunub. Həmin proses keçirilən günlərdə R.Kərimovun prezidentin müşaviri Əli Əsədovun adından istifadə etməsi haqda da məlumatlar yayılmışdı.

Onların illərlə cəzasız qalması belə fikir formalaşdırmışdı ki, Azərbaycanda çox güclü himayəçiləri var. Bu fikrin varlığı əsassız deyildi. Çünki banklara bunca məbləğdə vəsait “atanların” cəzasız qalması mümkünsüzdür. Görünür artıq milyonçu-dələduzların himayəçiləri də onlardan üz döndərib, ya da hakimiyyətdəki mövqeləri zəiflədiyi üçün bu cür qalmaqallı ortaqlardan imtina etməli olublar. “Yeni Müsavat” bunun özəl səbəbləri barədə araşdırma aparıb və Şimali Kipr Türk Cümhuriyyətində olan əməkdaşı belə bir məlumata çıxıb ki, hər iki şəxs soyadı “Əliyev” olan yaşlı bir şəxsi böyük miqdarda vəsaitlə aldadıb. Belə ki, şərti olaraq “Əmi” deyilən nüfuzlu və zəngin azərbaycanlı Şimali Kiprdə ərazi və otellər almaq üçün həmin şəxsləri tərəf-müqabil təyin edib. Lakin yekunda 10 milyonlarla funt-sterlinqi batıb. Kiprdəki mənbələr iddia edir ki, hər iki şəxs Azərbaycanın bir sıra önəmli və zəngin simalarına etibardan sui-istifadə etməklə, xeyli maddi zərərə uğratmışlar.

Bəlkə də ümummilli “Əmi”nin israrı sayəsində  sonucda hər iki şəxs prokurorluq orqanları tərəfindən saxlanılıb. O da mümkündür ki, Türkiyə istintaqçıları hər iki şəxsin həbsini israrla azərbaycanlı həmkarlarından tələb ediblər. Nəticədə milyonçu-dələduzların Azərbaycanda həbs edilməklə Türkiyəyə verilməsinin qarşısı alınıb.
Mövzunu davam etdirəcəyik.

E.MƏMMƏDƏLİYEV

P.S Yazıda adı hallanann hər kəsi dinləməyə hazırıq.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR