AZ RU
Bakıda amerikalıların ikinci “Arqo” əməliyyatı - Qaçırılan kimdir?
BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 19 Avqust 2014 08:50
Bakıda amerikalıların ikinci “Arqo” əməliyyatı -  Qaçırılan kimdir?

NATO-nun Bakı İnstitutunun rəhbəri nəyə işarə edirdi; Emin Hüseynov barədə 10 il sonra film çəkiləcəkmi?; Amerika kəşfiyyatının ən uğurlu proseslərindən birinin hekayəsi

.   .   .

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun qapadılmasından sonra qurumun rəhbəri Emin Hüseynov faktiki olaraq yoxa çıxıb. Bir müddət yerli mediada E.Hüseynovun ABŞ-ın Azərbaycandakı səfirliyində gizlənməsi ilə bağlı xəbər yayılsa da, sonradan səfirlik bəyanat yayaraq RATİ rəhbərinin gizlədilməsi xəbərini təkzib etdi. 

Emin Hüseynovun ailə üzvləri və RATİ-nin əməkdaşları da onun harada olmasından xəbərsizdir. Baş Prokurorluğun mətbuat xidməti Emin Hüseynovla bağlı hər hansı məlumata malik deyil. RATİ rəhbərinin yerinin mübhəm olması mediada onunla bağlı müxtəlif versiyaların gündəmə gəlməsinə səbəb olub. Onlardan biri də Emin Hüseynovun ABŞ səfirliyinin diplomatik nişanlı avtomobilində ölkədən çıxarılmasıdır. İddialara görə, QHT rəhbərinin həbsindən xəbərdar olan səfirlik onu xidməti avtomobildə ölkə sərhədlərindən çıxararaq, Gürcüstana aparıb. Oradan isə Hüseynov Osloya göndərilib. Ancaq bütün bunlar hələlik versiyadır və ortada hər hansı rəsmi məlumat yoxdur. 

Ancaq bu günlərdə NATO-nun Bakı İnstitutunun prezidenti Fərrux Məmmədov maraqlı status paylaşıb. Ad çəkməsə də, statusunda İslam inqilabından sonra Tehranda ABŞ səfirliyinin əməkdaşlarının girov götürülməsi əməliyyatı zamanı gizlənmiş bir neçə amerikalının xilas olunmasından bəhs edən “arqo” əməliyyatını xatırladıb. Sitat: “Dəyərli dostlar. Yəqin ki, Arqo filminə baxmısınız. İran İslam İnqilabından sonra Amerika diplomatlarının İrandan necə çıxarılmaları əks olunub həmin filmdə. Bu hadisələr reallıqda baş verib və daha sonra film kimi çəkilib. Bu demək olar ki, CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) ən uğurlu əməliyyatlarından biridir. Hətta film Oskar mükafatı alıb. 10 ildən sonra Azərbaycanla bağlı belə bir film çəkilsə, heç də təəccüblənmərəm”.

Qeyd edək ki, F.Məmmədovun məlumatlı şəxs olması və statusun məhz E.Hüseynovun ABŞ səfirliyində gizlədilməsi iddiaları ilə eyni zamana təsadüf etməsi marağımızı cəlb etdi. Doğrudur, F.Məmmədov statusunda konkret olaraq E.Hüseynovu nəzərdə tutmadığını qeyd etsə də, bunu versiyanı tam olaraq istisna da etmədi. Yalnız onu bildirdi ki, Bakıda bu cür əməliyyatlar olub və bir neçə adam qaçırıb. 

Bəs “Arqo” əməliyyatı nə deməkdir? Yeri gəlmişkən, qeyd edək ki, “Arqo əməliyyatı” adlı film bir neçə il əvvəl çəkilib və Oskar mükafatı alıb. Filmin rejissoru tanınmış Hollivud aktyoru Ben Aflek olub. Ancaq film eyni zamanda İran və ABŞ münasibətlərində gərginliyə səbəb olub. İran hökuməti real hadisələr əsasında çəkildiyi iddia olunan filmdə xeyli təhriflərin olduğunu bəyan edərək cavab olaraq “Baş Qərargah” adlı film çəkəcəyini bəyan edib. 

“Arqo” filminə gəldikdə, hər nə qədər mübahisəli görünsə də, indi məlum olur ki, baş verənlərin bir qismi həqiqətdir. Bunu isə filmdə haqqında bəhs olunan səfirlikdən qaçan və daha sonra İrandan gizli bir əməliyyatla qaçırılan 6 nəfər amerikalıdan ikisi - ər-arvad Mark və Core Lijeklər BBC-yə danışıblar. Filmin ssenarisi isə qısaca olaraq belədir. 1979-cu il noyabrın 4-də İranda İslam inqilabından bir neçə ay sonra (Şah əvvəlcə Misirə qaçmışdı, sonradan Amerikaya getdi – K. R.) Şahın Amerikaya qaçması və onun burda müalicə almasına etiraz edən iranlı tələbələr Tehrandakı ABŞ səfirliyinə hücum edir. Səfirlik ələ keçir və 66 nəfər personal girov götürülür. Girovlar 444 gün İranda saxlanıldıqdan sonra azad edilir. Onlardan yalnız 14 nəfər bir qədər tez buraxılır. ABŞ ordusunun girovları azad etmək üçün başlatdığı əməliyyat isə uğursuzluğa düçar olur, qum fırtınası nəticəsində desant helikopterlərindən biri və bir təyyarə qəzaya uğrayır. 

Noyabrın 4-də iranlı tələbələr 13 komandosun qoruduğu səfirliyə hücum edib diplomatları girov götürəndə 6 nəfər diplomat qaçaraq xilas ola bilir. 6 nəfər səfirlik əməkdaşı, Lijek ailəsi də daxil olmaqla, Kanada səfirinin və İngiltərə səfirinin evlərində gizlənirlər. Filmdə 6 nəfər birgə olsa da, Lijeklər onların ikiyə bölünərək gizləndiyini qeyd edir. 

6 amerikalı Kanada səfirliyinin əməkdaşı Con Şerdounun evində qalsalar da, filmdə olduğu kimi daim gizlənməyiblər və həyətə çıxıb gəzişə biliblər. Ancaq Con Lijek bildirib ki, “Arqo” filmində də olduğu kimi, onları həqiqətən də Amerika istehsalı olan bir elmi-fantastik filmin çəkilməsi görüntüsü altında qaçırıldıqlarını təsdiqləyib. Ancaq əslində filmdə göstərildiyi kimi elmi-fantastik filmin çəkiliş qrupu kimi qeydiyyata alınan saxta çəkiliş heyəti Tehran küçələrini gəzib dolaşa bilməyib. 

6 səfirlik əməkdaşını Tehrandan qaçırmaq üçün CİA-da qərargah qurulur və hazırlanmış plana əsasən “Arqo” adlı elmi-fantastik filmin çəkilməsi işləri başlayır. Çəkiliş planına əsasən, filmin bəzi hissələri də İran ərazisində lentə alınmalı imiş. Bu əməliyyatın İrandakı işlərini özbək əsilli müsəlman Nəzər təşkil edir. Əməliyyat 11 gün davam edir və “Hollivud”da qurulan saxta “Altıncı studio” “Arqo” filmini çəkmək üçün saxta hazırlıqlara başlayır. Los Anceles şəhərlərində dərc olunan  kino jurnallarda “Arqo” filminin çəkilişlərinin başlaması ilə bağlı elanlar verilir. Daha sonra CİA agentləri kino çəkilişləri adı ilə Tehrana gedərək 6 səfirlik əməkdaşını Tehran Hava Limanı vasitəsilə İrandan çıxarır və Amerikaya aparırlar. 

Əlbəttə, filmdə baş verənlərin neçə faizinin həqiqət olduğunu yəqin ki, heç zaman bilməyəcəyik. Ancaq bununla belə, mütəxəssislərə görə, qatılan dramatizm elementlərinə baxmayaraq həqiqətən “Arqo” əməliyyatı CİA-nın tarixində ən uğurlu əməliyyatlardan biri hesab olunur. Ən mühümü də odur ki, məhz bu əməliyyat nəticəsində həqiqətən də ABŞ-ın 6 diplomatı Tehrandan çıxarılıb. 

Kənan Rövşənoğlu





ŞƏRHLƏR
ŞƏRH YAZ
Şərh yoxdur
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2016
Рейтинг@Mail.ru