İnsanlara hürriyət, millətlərə istiqlal!

24 yaşlı “Yeni Müsavat”ın 8 ilinin 400 cümə xütbəsinin 5 milyon işarəsi

2879 10.11.2013 11:10 Gündəm A A
****
- Alo, Rauf bəy, salam aleykum.
- Aleykuməs-salam, buyurun, kim idi? 
- Sizinlə danışan Hacı İlqar İbrahimoğludur. Lütfən, qəzetdə işıqlandırınız. Biz hal-hazırda beynəlxalq və yerli hüquq müdafiəçilərinin, dipkorpusun müşayəti ilə mühasirədən çıxmışıq. Lütfən, bu mövzuya diqqət ayırınız.
- Salam, Hacı. Mən özüm də bu an oğurlanmaq təhlükəsi ilə qarşı-qarşıdayam. Press-klubdayam. Bütün redaktorlar da buradadır. Çıxış yolu arayırıq.
****
Sonradan bəlli oldu ki, bizimlə danışan zaman bu ideya meydana çıxır və ölkənin bir nömrəli qəzetinin baş redaktorunu diplomatik korpusun köməkliyi ilə press-klubdan çıxartmaq mümkün olur. Beləcə, 30-45 dəqiqə sonra bir yerdə oluruq. Və bir neçə gün bütün ölkə və dünya çapının Azərbaycanla bağlı mərkəzi mövzusuna çevrilirik. Bu günlər ərzində repressiyaların artan xətt üzrə gedişini dayandırmaq olur. Ardınca da, həbs olunmuşların sayını minlərdən yüzlərə endirmək mümkün olur. Həmin günün axşamı “Yeni Müsavat” qəzetinin növbəti nömrəsinin hansı məşəqqətlərlə çıxmasını xatırlayıram.
****
O günə qədər bir-birimizi xüsusi olaraq tanımırdıq. Esktremal şəraitin yaratdığı özəl situasiya bu tanışlığı həndəsi silsilə ilə katalizə etmiş oldu. Bu hadislərin üstündən cəmi bir neçə gün keçəcək və Rauf Arifoğluna TV kanallarda bəndeyi-həqirlə bağlı mənfi danışmaq təklifi ediləndə, birbaşa həyati təhlükə ilə üz-üzə gəldiyinə rəğmən, aşağıdakılara yaxın cümlələri TV-kanallarda söyləyəcək... Düzü, bunları axşam xəbərlərində eşidərkən çox heyrətlənirəm (o günlərin real situasiyası baxımından, bu, sadəcə cəsarət deyildi):
“Bizim Hacı İlqar İbrahimoğlu ilə bu günə qədər xüsusi tanışlığımız olmayıb. Və mən bundan çox təəssüflənirəm ki, olmayıb...”.  Və bu kimi istiqamətdə...
Sonradan, həbsdən çıxandan sonra “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin dəvəti ilə “Azadlıq”ın qonağı olduğum zaman, Qənimət bəy bu müsahibəni xatırladır və təqribən deyir ki, o müsahibədə Rauf bəy sizinlə dostluğunun olmamasından əfsuslanırdı. O, elə-belə etməz, demək ki, sizinlə dostluq etmək lazımdır. Çox maraqlı söhbətimiz olur və “Azadlıq” qəzetinin 2 nömrəsində işıq üzü görür.
****
Bunları niyə yada saldım? Çünki bu gün ölkənin azad mətbuatı təhlükədədir. Birbaşa təhlükədədir. Mövcudiyyət uğrunda çabalar gedir. Bu mətbuatlardan narazı olmaq olar. Nələrləsə razılaşmamaq olar. Hətta sevməmək də olar. Amma bunun fərqindəyik ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən başqa ölkədə demək olar ki, sözün həqiqi mənasında insanların tanıdığı və oxuduğu gündəlik qəzet yoxdur. Əlbəttə, burada “Zerkalo”, “Bizim Yol” kimi nümunələrin də mövcudluğu və müəyyən mövqe daşıyıcılığı da inkaredilməzdir.
Bəli, bu iki qəzetdə razılaşmadığım, bəzən ümumiyyətlə qəbul etmədiyim materialların yer alması adi bir haldır. Ara-sıra hətta hiddətimə səbəb olan materialların da olması istisna olunmur. Amma, bunlar qəzetdirlər...
****
Yuxarıda qeyd etdiyim hadisədən 10 il və bir neçə həftə keçir. Rauf Arifoğlu ilə dostluq və qardaşlıq münasibətlərimiz ictimai rəyin hesablaşdığı həddə qədər yüksəlib. “Yeni Müsavat” qəzeti, onun redaksiyası, redaktor korpusu, jurnalistləri, texniki işçiləri, mətbəxi o qədər doğmalaşıb ki! Doğma olduğu üçün, “Yeni Müsavat”dan ummaq da, incimək də,  yeri gələndə gileylənmək də, lap yeri gələndə qınamaq da olar. Amma bir doğmalıqla, ərklə, anlayışla qarşılanmağa əmin olmaqla.
Hə, lap unutmuşdum. Baxmayaraq ki, ilk əvvəldə başlığa da çıxartmışdım. “Yeni Müsavat” bir ənənənin də əsasını qoydu. Hər cümə günü oxucularını “Cümə xutbələri” ilə də qarşıladı. Düz 8 ildir. Ən azı 400 həftədir. Ən azı 5 milyon işarə deməkdir. Yalniz cümələr. Yalnız 1 səhifə. Yalnız 8 il. Beləcə 24 il ərzində bu qəzetin gündəlik demokratiya mücadiləsini, milli kimlik savaşını işarələrlə ifadə etmək istəsək, 1 milyard yarımdan artıq edir. Bu nəhəng rəqəmin ardında nə boyda zəhmətlər, məşəqqətlər, imtahanlar, sınaqlar, çətinliklər, qələbələr durur. Vaxtilə “Yeni Müsavat”a qarşı “Səlib yürüşləri” təşkil edənlər indi haradadır? Başqalarının da aqibəti eləcə olacaq. Şübhəsiz. Uca Yaradan haqqı deyənləri, haqq uğrunda mücadilə edənləri sevir.
Cümə maarif yazılarının müəllifi kimi qeyd edim ki, bircə dəfə də olmayıb ki, hər hansı cümləni belə ixtisar və ya dəyişmək presedenti yaşansın. İslam maarifinin tam məsuliyyətini və tam ixtiyarını müəllifin üzərinə qoymaqla səciyyələnən redaksiya siyasəti yürüdülüb. Və bu, qəzetin ümumi siyasətinin bir inikasıdır. Öz dəsti-xətti olan bir mətbu orqanın, eyni zamanda plüralistik bir tribunaya iddiası – dəyərli bir şeydir.
İslami kimlikli olduğuna görə, əziz dostum və qardaşım Rauf bəyin başının nələr çəkdiyini də bilirəm. Amma onun bu yolda sabitqədəmliyini də bilirəm. Və bilirəm ki, azad sözün memarlarından olan bu şəxsiyyətin həyat amallarından yəqin ki, ən mühümü - məhz milli-mənəvi dəyərlərin ölkə insanına çatdırılması olub. Və bu sahədə qəzetin və onun baş redaktorunun xidmətləri əvəzsizdir.
“Yeni Müsavat” qəzetinin 24 yaşı olur. Dəyərli Rauf bəy başda olmaqla, bütün “Yeni Müsavat”çıları təbrik edirəm. Buna qəti əminəm ki, yaranmış bu böhran da aşılacaq. İnşaallah. Allaha təvəkkül.

Hacı İlqar İbrahimoğlu
10.11.2013,
Saat 07.44

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR