İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələkrəm Hümmətovun həyat yoldaşından sensasion müsahibə


İnformasiya kanallarından da bəlli olduğu kimi, düşmən ölkəyə səfəri müddətində Ə. Hümbətovun olduğu hər yerdə “talış bayrağı” sərgilənib və “Lənkəran himni” səsləndirilib. O da maraqlıdır ki, bəzi separatçı ünsürlər bu xəyanətə də don geydirməyə, hətta bəraət qazandırmağa çalışdılar. O sırada Ataxan Əbilov kimi stajlı separatçılarla yanaşı, İbo Sel kimi Azərbaycanı Rusiya və İrana peşkəş etməyə hazır olan yeni nəsil separatistlər də ortaya məkrli mövqe qoydular...
Bütün bu məsələlərlə bağlı Ələkrəm Hümmətovun özü ilə birbaşa danışmaq, cəmiyyətdə üsyan kimi püskürən sualları ona ünvanlamaq istədik. Bu məqsədlə də onun Hollandiyadakı evinə zəng vurduq. Qeyd edək ki, “Yeni Müsavat” bəzi qərəzkarların, yaxud da medianın funksiyasından az məlumatlı olan azsayda vətəndaşlarımızın  qınaqlara baxmayaraq, bir neçə dəfə Ə. Hümbətovun fikirlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında vasitəçi olub. Bu dəfə də onun öz dilindən hazırladığımız kəskin suallara cavab almaq ümidi ilə onu aramışdıq.
Ev telefonunun dəstəyini qaldıran xanımı Südabə Rəsulov qaldırdı. O, dedi ki, əri hələ Hollandiyaya qayıtmayıb. 

Söhbətimiz bir fürsətə dönüşdü -  separatçı azərbaycanlının ailəsinin rentgenini çıxartmaq üçün bu evin xanımı ilə danışmaqdan uyğun nə ola bilərdi ki? Südabə xanımla etdiyimiz geniş söhbət əslində həm də sensasiya nümunəsi sayıla bilərdi. Təkcə bir səbəbi vurğulayaq: guya sözdə Azərbaycandakı talışların hüquqlarını müdafiə edən, onlar üçün çalışan, əslində isə etdikləri vətənə xəyanət hesab olunan Ə. Hümbətovun xanımı talış dilini bilmir, onun evindəki ünsiyyət vasitəsi Azərbaycan türkcəsidir! Digər sensasion məqamları isə az sonra oxuycaqsınız. Sadəcə, onu da vurğulayaq ki, düz 14 illik aralıqdan sonra Südabə xanım Azərbaycan mətbuatına ilk dəfədir ki, müsahibə verir.

****
Müsahibimiz söhbətə uzaqdan başladı. Xatirələri sözlərə töküldükcə, bir az dolaşıqlıq yaranırdı:

- İnana bilməzsiniz ki, hansı çətinliklərdən keçib buralara gəldim... Hərdən başıma gələnləri xatırlayanda indi də tüklərim ürpəşir. Mən bu zülmlərə necə sinə gərdim, necə oldu ki, əyilmədim. Elə bil mənə qarşı zorakılıq gücləndikcə Allah mənə daha çox əzm və iradə verirdi. Ora-bura qaçırdım. Ərim - uşaqlarımın atası ölümlə üz-üzə idi. Hər an aradan götürə bilərdilər. Ona görə də onun etibarlı yerdə saxlanılmasını təmin etməli idim, yeməyini, paltarını düşünməli idim. Uşaqlarımız arada qalmışdı. Onlara da həqarətlə baxanlar vardı. Hətta uşaqlarımı döyüblər də. Özümü də axtarırdılar. Lap başımı itirmişdim... Mən həyat yoldaşımı satmalı idimmi? Mən inanmıram ki, hansısa bir azərbaycanlı qadın öz həyat yoldaşını sata. Ələkrəm tutulan günü axşam saat 12-də qapımıza əliavtomatlılar tökülmüşdü. Tez oğlumu yuxudan oyatdım. Dedim ki, get nənə çağırır. Özüm isə qonşunun həyətindən keçərək qaçıb getdim. Məndən sonra əsgərlər evi alt-üst etmişdilər. Hər gün həmin evə gəlib mənə görə axtarış edirdilər. Axırda həmin evi müsadirə etdilər. Sonra həkim qardaşımı tutdular. Dedilər ki, Ələkrəm xəstə olanda onu müalicə etmisən. 1995-ci ildə oğlum Ramalın 15 yaşı vardı. Nənəsini sorğu-sual edəndə birisi məni küçə söyüşləri ilə söyüb. Oğlum buna dözməyib və ona hücum edib. Aparıb polis idarəsində döymüşdülər. Qoluna siqaret basıb söndürmüşdülər ki, ananın yerini deməlisən. Qolunda yanıq yerinin izi hələ də qalıb.

- Yəni Ələkrəm Hümmətovun yerini sonunda tapa bildilər. Kim onu ələ verdi? Müxtəlif adlar hallanır...

- Faiq Mirzəyev. Bakıda polis rəisi işləmişdi. Onun xanımı Aida Ələkrəmin yerini bilirdi. Onu iddiası ilə mənə cinayət işi açıldı. 222-ci və 57-ci maddə ilə cinayət işi açılıb.

- Bəllidir ki, həyat yoldaşınız oğlunuzu da Ermənistana aparıb. Bəziləri deyir ki, Ələkrəm onu aldadaraq özü ilə aparıb, bəziləri isə oğlunuzun öz istəyi ilə getdiyini deyir. 

- Oğlum Avropada böyüyüb. Qafqazda baş verənlərdən o qədər də xəbərdar deyillər. Uşaq atasını çox istəyir. Onun sözünü yerə salmaz. Biz tərəfdə böyük-kiçik söhbəti güclüdür. Atası deyib, o, da gedib.

- Sizin hansı etnik kökənə sahib olmağınızla bağlı fərqli fikirlər var. Bəzi yerdə talış, bəzi yerlərdə isə türk kimi təqdim olunursuz.

- Mən talış, türk kimi ayrımları qəbil etmirəm. Millətçilik mənim üçün qəbul olunmazdır. Mən cənub bölgəsində doğulmuşam. Etnik mənsubiyyətim haqqında dəqiq bir şey deyə bilmərəm. Mən heç talış dilini də bilmirəm. Rus məktəbində oxumuşam. Atam Masallının Mahmudavar kəndindən olub. Atam heç bizə deməyib ki, biz talışıq, yoxsa türkük. Əslində bunun elə bir fərqi də yoxdur. Əsas odur ki, insan olasan. 

- Siz Azərbaycanın bütövlüyünün tərəfdarısınız, yoxsa “Talış Muğam Respublikası” qurulması arzusu ilə yaşayırsınız?

- Azərbaycanın birliyinin tərəfdarıyam. İstəyirəm ki, vətənimdə demokratiya olsun. Azərbaycanda demokratiya olduqdan sonra bütün məsələlər ağılla-başla öz həllini tapar. Hakimiyyət xalqın əlində olmalıdır. Avropada niyə problem yoxdur? Çünki demokratik yolla işləri yoluna qoyurlar.

- Ələkrəm Hümmətov deyir ki, Azərbaycanda talışların problemləri var. Sizcə, bizdə talışların hansı problemi mövcuddur və necə həll olunmalıdır?

- Azərbaycanda təkcə talışların problemi yoxdur ki. Bütün xalq problem içindədir. Həbsə atılan təkcə talışlardımı? Xeyr, yüzlərlə azərbaycanlı demokratiyaya görə həbsdədir. Mən arzu edirəm ki, siyasi baxışlara görə həbslər olmasın. 

- Ələkrəm Hümmətovun Ermənistana səfərinə münasibətiniz necədir?

- Düzü, Ələkrəmin Ermənistana getmək fikrində olduğunu bilməmişəm. Bizim evdə bu mövzuda söhbət olmayıb. Nəyə görə Ermənistana gedilməliydi ki? Mən bu səfəri heç vaxt lazım bilməmişəm. Ermənistan elə bir ölkədir ki, özünün köməyə ehtiyacı var. İndiyə qədər də ağlıma sığışdıra bilmirəm ki, o, nəyə görə Ermənistana gedib.

- Azərbaycana getmək istərdinizmi?

- 3-4 il öncə anam xəstə idi. Azərbaycan hökumətinə müraciət etdim ki, mənə icazə verin gəlim, bir 10 gün vətənimdə qalım. Anamla görüşüm. Yazıq anam ölə də bilmirdi. O, məni görməmiş ölmək istəmirdi... Respublika Prokurorluğundan rədd cavabı gəldi. Dedilər ki, siz öncə törətdiyiniz cinayətlərə görə məhkəmə qarşısında dayanmalısınız. Hollandiya hökuməti isə dedi ki, biz sizin Azərbaycana təhlükəsiz gedib-gəlişinizi təmin edə bilmərik. Nəsə, anam adım dilində bu dünyadan köçüb getdi. İnanın ki, mənim də, balalarımın da ən böyük arzusu Azərbaycana getməkdir. Balalarım vətənə videodan, kinodan baxırlar. Balalarım da Azərbaycanı bir bütöv görmək istəyir. Böyük oğlum deyir ki, Azərbaycanda demokratiya olsa, həmən ora köçərəm. Buralarda qalmaram. Özüm də ki, 17 ildir bütün qohum-əqrəbama həsrətəm. Bəlli səbəblərdən onlar da Hollandiyaya gəlməyə cəsarət etmirlər. 

- Südabə xanım, evdə hansı dildə danışırsınız...

- Azərbaycan dilində. Uşaqlar işdə holland dilində danışırlar, evdə isə hamımız öz dilimizdən istifadə edirik. Uşaqlarım Azərbaycan dilini çox yaxşı bilirlər. Baxmayaraq ki, universitet təhsilini yabançı dildə alıblar.

- Başınıza gələnləri qələmə almısızmı?

- Hamısını yazmışam, kitab holland dilinə də tərcümə olunub. Amma kitabı çap etdirə bilməmişəm. Maddi çətinliklər imkan verməyib.

- Avropada hər hansı siyasi fəaliyyətiniz varmı?

- Bizim Avropada gördüyümüz işlər nəticəsində Azərbaycanda minə yaxın adam həbsdən azad olundu. O vaxt Strasburqla ciddi əlaqələr qurmuşduq. İngiliscə yazışırdıq. Azərbaycandakı hüquq müdafiəçiləri ilə birgə çalışırdıq. İş o yerə çatmışdı ki, Heydər Əliyev gileylənmişdi ki, Ələkrəm Hümmətovun xanımı bizi rahat işləməyə qoymur, Avropa təşkilatlarını üstümüzə qaldırıb. İndi bu kimi işlərdən uzağam. Dövlət idarəsində çalışıram.

- Azərbaycanda ən çox nə üçün darıxırsız? 

- Anamgilin həyətində bir ağac vardı. Həmişə ona dırmaşardım. Atamın həyəti üçün darıxıram. Uşaq vaxtı gəzdiyim küçələri bircə-bircə gəzmək istəyirəm. Azərbaycanın o qədər gözəl yerləri var ki. İstəyirəm ki, balalarımla o yerləri gəzim, onlar da o gözəllikləri görsün. Hollandiya çox gözəldir. Bu ölkə bizim ailə üçün çox şey edib. Amma mənim nəzərimdə bura həbsxana kimi bir şeydir. Elə bil, bülbülü qəfəsə salmısan. Qürbət görməyənlər məni çətin anlasınlar... (Söhbətin bu yerində Südabə xanım göz yaşların saxlaya bilmir. Səsinin titrəyişi qürbət yanğısına qarışır sanki...)

- Adətən mühacirlərin evlərində Azərbaycan bayrağı asılır...

- Ələkrəmin otağında böyük bir bayrağımız var. İnanın mənə ki, o, Azərbaycanı həqiqətən də sevir. Mən inana bilmərəm ki, o, Azərbaycanın bütövlüyün istəməsin.

- Avropada feminizm güclüdür. Siz necə, Azərbaycan qadınının ictimai-siyasi müstəvidə aktiv olmasını istərdinizmi? 

- Qadınlar siyasətə gəlsə, özləri ilə demokratiya və inkişaf gətirərlər. Çünki bizim qadınlar kompomisə meyllidir, insanlarla dil tapa bilirlər. Ən ağır durumda belə ailələrini qoruyurlar. İradə sahibidirlər. Ən başlıcası isə vətənpərvərdilər. Çox istərdim ki, qadınlar həmişə cəmiyyətin ön sırasında olmağa can atsınlar. 

- Cənub bölgəsindən olan xanımlar əla ləvəngi bişirir? Siz necə?

- Mənim bişirdiyim ləvənginin dadına Hollandiyada çoxları baxıb, azərbaycanlılar da, əcnəbilər də. Çox da bəyəniblər. İnşallah, biz tərəflərə gəlsəniz, sizi də qonaq edərik. Sizi də, ailənizi də Hollandiyaya dəvət edirəm.
Şərh yoxdur