İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa ABŞ-ın “sarı qəzəb”inə tuş gəlib: Tramp Parisi niyə “partlatmaq” istəyir...

4912 11.12.2018 18:05 Yazarlar A A

Ağ Ev sahibi ABŞ-ın səhnəarxasında Fransada törətdiklərindən məmnundur və bundan qürür duyur; Belə anlaşılır ki, D.Tramp “Fransanı ağzına atıb, çeynəyir” və aldığı “ləzzətli dad”ın keyfini çıxarır; Parisin altına qoyulan “bomba” artıq “partlatmaq” üzrədir; Əgər, rəsmi Paris vaxtında geri çəkilib, Ağ Evin təlimatlarına uymazsa, böyük ehtimalla həmin “bombanın fitili” tam çəkilə bilər...

Fransada ara qarışıb. “Sarı jiletlilər” bir neçə gündür ki, ayağa qalxıblar. İstədiklərini tam olaraq, almadan da heç oturmaq niyyətlərinin olmadığı sezilir. Və Fransanı savaş meydanına çevirməklə, öz niyyətlərində ciddi olduqlarını qabardırlar. Ona görə də, hazırda hadisələr nisbətən sakitləşmiş kimi görünsə də, əslində bu prosesin hələ bir müddət açıq və ya gizli şəkildə davam edəcəyini düşünmək üçün kifayət qədər ciddi əsaslar var...

“Sarı jiletlilər”in bir sıra önəmli tələbləri var idi. Onların sırasında vergilərin azaldılması və yanacağın qiymətinin qaldırılmaması da yer alırdı.

Makron hökuməti öz əvvəlki qərarlarından geri çəkildi və həmin tələblərin mütləq əksəriyyətini qəbul etdi. “Xoruzun quyruğu” da məhz bundan sonra daha aydın görünməyə başladı.

Məsələ ondadır ki, Makron hökumətinin geri çəkilməsi “sarı jiletlilər”i sakitləşdirmədi. Əksinə, hadisələr daha da gərgin xarakter aldı, hökumətlə aksiyaçıların toqquşmaları intensivləşdi.

Похожее изображение

Üstəlik, “sarı jiletlilər”in tələbləri artdı. Əvvəlki sosial tələblərin sırasına siyasi tələblər də əlavə edildi və məzmun tamamilə dəyişmiş oldu. Son istək siyahısında Fransanın Avropa Birliyindən çıxması ilə bağlı qəti tələb belə, yer alır. Və prezident Emmanuel Makronun istefası da daha yüksəkdən səsləndirilir.

Ümumiyyətlə, 40-a yaxın tələbin yer aldığı son bəyanata diqqət yetirdikdə, “sarı jiletlilər”in prezident F.Makrona dolayısıyla “Sən istefa ver, qoy, Fransanı elə biz idarə edək” demək istədiklərini düşünmək olar. Və hadislərin belə qəlizləşməsi bunun daxili proses olmadığını iddia etməyə əsas verir.

Fransada baş verən bu olayların yaxın tarixdə başqa ölkələrdə, məsələn, Türkiyədə törədilmiş örnəkləri mövcuddur. Vaxilə rəsmi Ankara Ağ Evin üzünə ağ olmuşdu. Yəni Türkiyə ABŞ-ın Rusiya və İrana yönəlik basqı siyasətində Ağ Evin yanında yer almamışdı. Nəticədə Türkiyədə qaynağı və hədəfi indi hər kəsə məlum olan “Gəzi olayları” törədildi.

Похожее изображение

Rəsmi Ankara bundan nəticə çıxartmadı, Türkiyə Ağ Evlə uzlaşdırılmayan müstəqil xarici siyasət kursunu davam etdirdi. Rusiya ilə daha da yaxınlaşmağa başladı. Bunun qarşılığında Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd baş verdi. Xoşbəxtlikdən Türkiyə yıxılmadı, ayaqda qaldı. Hərbi çevriliş cəhdinin qarşısını çətinliklə də olsa, ala bildi.

Ancaq bitmədi. ABŞ Türkiyə ilə daha bir dəfə üz-üzə gəldi. Belə ki, rəsmi Ankara 15 iyul hərbi çevrilişə cəhddə iştirak etmək ittihamı ilə amerikalı rahib E.Bransonu həbs etmişdi. Rəsmi Ankara bu şəxsin sadəcə, rahib olmadığını, onun ABŞ kəşfiyyatının – CİA-in Türkiyədəki emissarı olduğunu iddia edirdi.

Təbii ki, ABŞ və Türkiyə arasında bu rahib ucbatından ciddi böhran yaşandı və gərginlik aylarla davam etdi. Ağ Ev rahibin dərhal ABŞ-a təhvil verilməsini tələb edirdi. Rəsmi Ankara isə bu kəşfiyyatçının mütləq mühakimə ediləcəyini vurğulayırdı.

Картинки по запросу rahib branson

Nəticədə Ağ Ev Türkiyəyə qarşı “maliyyə savaşı” başlatdı. Türkiyədə valyuta birjalarının “ayar”ları ilə oynandı. Dollar və avro fantastik həddə qədər bahalandı, lirə isə dəyər itirdi, Türkiyə milyardlarla dollar ziyana düşdü. Son nəticədə rahib Branson ABŞ-a təhvil verildi.

İndi rəsmi Paris də Ağ Evlə oxşar qarşıdurma yaşayır. Və ABŞ Fransanı cəzalandırır. Yəni Fransaya yerini göstərməyə çalışırlar.

Səbəb isə mövcuddur. Fransa prezidenti E.Makron yeni Avropa ordusu ideyasının əsas müəlliflərindən sayılır. Son dövrlərdə o, bir neçə dəfə bu ideyanı reallaşdırmağın vaxtının çatdığını israrla dilə gətirib. Bu ideya Hollandiya və Belçika da daxil olmaqla, bəzi Avropa Birliyi dövlətləri tərəfindən dəstəklənib.

Üstəlik, Makron bu ideyanı önəmli beynəlxalq sammitlərdə də səsləndirib. Və dərhal da ABŞ prezidenti Donald Trampın qəzəbinə tuş gəlib. D.Tramp NATO-ya alternativ ordu yaratmaq cəhdi kimi dəyərləndirdiyi bu ideyanın müəlliflərinə “ağıllarını başlarına yığmağı” məsləhət görüb.

Картинки по запросу tramp makron

Üstəlik, D.Tramp onlara xəbərdarlıq edib ki, yeni ordu yaratmaq niyyətinə düşməkdənsə, NATO-ya olan üzvlük haqlarından qalan külli miqdarda borclarını ödəsinlər: “NATO-ya borclarınızı ödəyin! Unutmayın ki, vaxtilə biz sizin köməyinizə kəlməsəydik, indi bütün Avropa alman dilində danışmaq məcburiyyətində qalacaqdı”.

Ancaq Fransa və yeni Avropa ordusu ideyasını dəstəkləyən digər dövlətlər Ağ Ev sahibinin hədələrinə əhəmiyyət vermədilər. Hətta bəziləri onun davranışlarını ələ salmaqdan belə, çəkinmədi.

Artıq budur, Fransa, Belçika və Hollandiya qarışıb, bu ölkələrin küçələri savaş meydanını xatırladır. Və indi artıq D.Tramp onları ələ salmağa başlayıb.

Məsələ ondadır ki, D.Tramp twitterdə yazdığı son statusda, “sarı jiletlilər”in prezident E.Makronun istefasını tələb etməsinə eyham vuraraq, “Fransızlar məni istəyirlər. Fransanı sevirəm. Siz isə nə qədər gec deyil, NATO-ya olan borclarınızı ödəyin” deyə vurğulayıb.

Похожее изображение

Ağ Ev sahibinin bu twitindən müəyyən önəmli mənalar çıxartmaq olar. Məsələn, bu twitlə D.Tramp Fransada baş verənlərin ABŞ-dan idarə edildiyini dolayısı ilə etiraf etmiş olur. Və eyhamla hədələyir ki, “Ağıllanmasanız, istəyimizi yerinə yetirməsəniz, davamında vəziyyət daha da gərginləşəcək”.

“Sarı jiletlilər”in bəzi istəkləri, xüsusilə də, “Fransa Avropa Birliyindən çıxsın” tələbi də əslində, okeanın o tayından gələn ultimatium təsiri bağışlayır. Çünki müasir dünya düzənində Avropa Birliyi ABŞ-ın əsas rəqiblərindən sayılır.

Və Ağ Ev ABŞ-ın iqtisadi-ticari maraqları baxımından, Avropa Birliyinin iflasında birbaşa maraqlıdır. Buna misal olaraq, ən yaxın müttəfiqi ABŞ-ın istəyinə uyan Böyük Britaniyanın öz zərərinə olsa belə, Avropa Birliyindən çıxmaq barədə qərar qəbul etməsini göstərmək olar.

Похожее изображение

Göründüyü kimi, ABŞ Fransa, Belçika və Hollandiyanı cəzalandırır. D.Trampın son twitində Makron hökumətinə qarşı qıcıqlandırma əlaməti də sezilir. Belə ki, “Fransızlar məni istəyirlər” yazan D.Tramp sanki ABŞ-ın səhnəarxasından Fransada törətdiklərindən məmnundur və bundan qürür duyur. Yəni belə anlaşılır ki, D.Tramp “Fransanı ağzına atıb, çeynəyir” və aldığı “ləzzətli dad”ın keyfini çıxarır.

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, Ağ Ev sahibi son dövrlərdə tez-tez sözü tərs gələn Fransa prezidentindən öz intiqamını almaq üzrədir. Yəni D.Tramp “Parisin altına bombanı qoyub və artıq partlatmaq” ərəfəsindədir. Əgər, rəsmi Paris vaxtında geri çəkilib, Ağ Evin təlimatlarına uymazsa, böyük ehtimalla həmin “bombanın fitili” tamamilə çəkilə bilər.

Ona görə də, Fransanın Ağ Evin təlimatına uymağa üstünlük verəcəyi, yoxsa, “mən böyük dövlətəm” prinsipinə sadiq qalacağı, yəqin ki, ən yaxın günlərdə ortaya çıxmağa bağlayacaq.

Elçin XALİDBƏYLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR