İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Yıldırım seçimi

2600 20.05.2016 02:09 Foto fakt A A
Baş nazirliyə Binəli Yıldırımın namizədliyinin irəli sürülməsi yeni hökumət komandasının sosial-iqtisadi ağırlıqlı olacağını göstərir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bazar günü keçiriləcək qurultayında seçiləcək yeni sədrin adı artıq bəllidir. Hakim partiyanın Mərkəzi İdarə Heyətinin mayın 19-da keçirilən toplantısında məlum olub ki, deputatlar və mərkəzi aparat işçiləri arasında keçirilən seçkilərdə böyük çoxluq sədr olaraq rabitə və nəqliyyat naziri Binəli Yıldırımı görür. 
Xatırladaq ki, mayın 16-də AKP baş qərargahında keçirilən toplantıda 81 vilayətdən gəlmiş yerli təşkilat sədrləri, gənclər və qadınlar təşkilatları, eləcə də əyalət bələdiyyə sədrləri və vilayət partiya məclisi sədrlərinin qatıldığı toplantı zamanı da iştirakçıların çoxu Binəli Yıldırımı partiya sədrliyi və baş nazirliyə əsas namizəd olaraq görmüşdü. 

Beləliklə, Türkiyənin hakim partiyası içərisində keçirilən daxili səsvermə Binəli Yıldırımın qələbəsi ilə bitib. Yeri gəlmişkən, Binəli Yıldırım 2015-ci ilin payızında AKP qurultayı zamanı 1300 nəfərlik qurultay nümayəndəsindən 900-dən çoxunun dəstəyini alsa da, sonradan prezident Ərdoğanla baş nazir Davudoğlu arasında anlaşma əldə olunması nəticəsində sədr ola bilmədi. 



İndi isə artıq Davudoğlu gedəcəyini elan edib  və AKP fəalları partiya sədri və baş nazir olaraq Yıldırımın adı üzərində dayanıblar. Böyük inqilabi dəyişiklik baş verməsə (görünür ki, baş verməyəcək – K.R.) AKP-nin 3-cü sədri və Türkiyənin 65-ci hökumət kabinetinin rəhbəri – baş nazir Binəli Yıldırım olacaq. Bu seçim həm də prezident AKP-nin qurucusu Rəcəb Tayyib Ərdoğanın seçimidir. Bir il əvvəl baş nazir və partiya sədrliyinə bir addım məsafədən geri çəkilən və istefası gözlənildiyi halda komandasına sadiq qalan B.Yıldırımın zamanının gəldiyi də deyilə bilər. 


B.Yıldırım 1955-ci ildə Ərzincan vilayətinin Refahiyə rayonunda dünyaya gəlib. İstanbul Texnik Universitetində Gəmi İnşaatı və dənizçilik fakültəsində oxuyub, daha sonra eyni bölümdə magistr təhsili alıb. Dünya Dənizçilik Universitetində ixtisas təhsili də keçib. Gəmi tərsanəsində mühəndis olaraq çalışıb. Daha sonra İstanbul Bələdiyyəsində dəniz sərnişin nəqliyyatı idarəsinə rəhbərlik edib, dəniz nəqliyyatını inkişaf etdirib. Onun işlədiyi dövrdə İstanbulda 29 liman-terminal açılıb. Bu dövrdə hazırkı prezidentlə dostluğunun yarandığı bildirilir. 

AKP-nin quruluşunda iştirak edib və partiyanın ilk seçkilərdə namizəd siyahısında olub, İstanbuldan deputat seçilib. Eyni zamanda 58-ci hökumətdə (baş nazir Abdullah Gül) nəqliyyat naziri vəzifəsini tutub. Daha sonra 2007-ci ildə Ərzincan, 2011-ci ildə İzmirdən deputat seçilib. 2014-cü il bələdiyyə seçkilərində İzmir şəhər bələdiyyəsi sədrliyinə namizəd olsa da, seçilə bilməyib. 36 faiz səs qazansa da “CHP-nin qalası” adlandırılan İzmirdə siyasi situasiya dəyişməyib. Ancaq bununla belə AKP-nin İzmirdə mövqeləri möhkəmlənib, qazandığı bələdiyyə sayı 1-dən 6-ya çatıb.

Ərdoğanın 22 illik dostu


Bələdiyyə seçkilərindən sonra yenidən nazir postuna qayıtmasa da, prezident Ərdoğan onu seçkilərdən sonra prezident müşaviri təyin edib. Son seçkilərdən sonra isə yenidən keçmiş vəzifəsinə - nəqliyyat və rabitə naziri postuna geri dönüb. 


Binəli Yıldırım Türkiyə tarixində nəqliyyat və rabitə naziri vəzifəsində ən uzun müddət - 11 il çalışmış şəxsdir. 

Binəli Yıldırım İstanbul Bələdiyyəsindən bu yana prezident Ərdoğanla bir yerdədir. Türkiyənin AKP hakimiyyəti dönəmində əldə etdiyi ən böyük uğurlardan biri məhz nəqliyyat sahəsindəki inkişafdır.  Nazir olaraq çalışdığı 12 il ərzində Türkiyədə nəqliyyat və rabitə sahəsinə 140 milyard lirə pul yatırılıb. Bunun 64 faizi asfalt yollarına xərclənib. Ümumilikdə 3668 layihə həyata keçirilib, davam edən layihələrin həcmi 168 milyard dollardır. 
Ancaq eyni zamanda haqqında bir neçə dəfə ittihamlar, istefa çağırışları olsa da, bunların heç birinə etina etməyib. 

Yeni dönəmin ideal baş naziri


Hər kəsə aydındır ki, Türkiyə prezident üsul-idarəli dövlət sisteminə keçidə hazırlaşır. Hələlik qarşıda konstitusiya dəyişikliyi zərurəti olsa da, indiki şərtlərdə prezidentə yeni dəyişikliyi həyata keçirmək üçün uyğun bir baş nazir lazımdır. Yeni dövrdə AKP-nin sədri və baş nazir postunu tutacaq şəxs prezident Ərdoğana sadiq, eyni zamanda AKP içərisində böyük nüfuzu olan və nəhayət, siyasi iddiası olmayan bir şəxs olmalıdır. 


Bu mənada AKP-nin yeni sədri postuna ən uyğun namizəd məhz Binəli Yıldırımdır. Çünki Binəli Yıldırım prezidentə çox yaxın şəxs olmaqla birlikdə, siyasi proseslərə adətən qarışmayan, iddiaları olmayan bir hökumət adamı kimi tanınıb. O,  nəqliyyat və rabitə sahəsində çalışan, təsərrüfatçı bir kabinet üzvü kimi bilinir.

Düşünürəm ki, Yıldırım seçiminin əsas səbəbi də məhz budur.  Yeni baş nazir daha çox iqtisadi və təsərrüfat ağırlıqlı çalışmalar aparacaq, bütün siyasi təşəbbüslər prezidentə keçəcək. Bu kombinasiyada baş nazirliyə ən ideal namizəd məhz Yıldırım ola bilərdi, bunu ən yaxşı Ərdoğan fərq etdi. 

Beləliklə, Türkiyənin yeni baş naziri daha çox iqtisadi və sosial sahədə çalışacaq, siyasətə məsafəli olacaq. Bu isə həm də prezidentli sistemə keçidin bir addımı hesab oluna bilər. 


Kənan Rövşənoğlu
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR