İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Bu gün torpaq bazarı, tikinti bazarı, mənzil bazarı ölüb”

2837 29.03.2019 12:03 Gündəm A A

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa “Diqlas” ticarət mərkəzi ətrafında baş verənlərdən bəhs etdi. O, sahibkarların bu məsələdə suçsuz olduğunu vurğuladı: “Burada vətəndaşı qınayası ciddi əsaslar yoxdur. Çünki güvənli sığorta sistemi, məhkəmə sistemi formalaşdıra bilmirsənsə, burada vətəndaşın günahı yoxdur. Burada öz funksiyasını tam yerinə yetirən bir şəxs oldu, o da ölkə prezidenti. Prezident baxdı ki, başqa çıxış yolu yoxdur və vətəndaşa dəstək verdi. Amma biz niyə vaxtında addımlar atmırıq? Sığorta sistemi ilə bağlı elə güvənli sistem yaratmalıyıq ki, insanlar könüllü şəkildə sığorta ödəməlidir”.

F.Mustafa ticarət sistemində düzən yaratmağın vacibliyindən də bəhs etdi: “Adam 50-100 min verib bir obyekt alıb, amma onun adı sadəcə bir kağıza yazılıb. Biz nə vaxta qədər primitiv, feodal qaydalarla sənədləşmə işləri aparacağıq? İcarə müqaviləsi bağlanıbsa, niyə tələb olunmayıb ki, bu əmlak sığorta olunmalıdır? Bu, bir binanın yanması məsələsi deyil”.

Deputat Azərbaycan prezidentinin son islahatlarından bəhs etdi. Lakin bu islahatlara maneçiliklərin olduğunu təəssüflə vurğuladı: “Bu gün torpaq bazarı ölüb, tikinti bazarı ölüb, mənzil bazarı ölüb. İcra hakimiyyətləri aylardır ki, sərəncam verə bilmirlər, nəyisə gözləyirlər. Həyat canlanmalıdır ki, insanlar işsizlikdən qurtulsunlar, fəaliyyətlərinə davam etsinlər. Ölkə prezindeti tərəfindən vətəndaşlara “ASAN Xidmət” kimi inqilabi bir layihə təqdim olundu. Onu gözdən salmaq üçün dəxli olmayan “ASAN imza” sistemini işə saldılar, ASAN Xidmət”in yanına qoşdular. Kimsə ayda yarım milyon pul qazanacaq deyə, sahibkarlar günlərlə gözləyirlər ki, vergi sertifikatı alsınlar. Bunu yeniləmək üçün də günlərlə gözləyirlər. Növbəlilik sistemi əsasında bu proses 5-6 saat çəkir. Bu, vətəndaşa xidmət olmadı ki, vətəndaşa əzab oldu, iztirab oldu. Bu addımlarla görülən müsbət işlərə kölgə salırlar. Biz ölkədə həyata keçirilən islahatları dəstəkləyirik. Adamın heyfi gəlir ki, bu qədər dövlət vəsaiti ayrılır, vətəndaşın dirçəlməsi üçün. Amma son nəticədə belə neqativlər ortaya çıxarılır. Vətəndaş bir vergini tanımalıdır. İş yerini açmalıdır və vergisini ödəyib dövlətə töhfəsini verməlidir. Vətəndaşın inamını qaytarmaq lazımdır. Heç yerdə mal-mülk sığortasız qalmamalıdır”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR