İnsanlara hürriyət, millətlərə istiqlal!

Fahişəlik leqallaşdırılsınmı?

2861 12.09.2018 21:30 Sosial A A

Mehriban Zeynalova: “Leqallaşma istismarın yeni formasıdır

Xəbər verdiyimiz kimi, bu günlərdə ərəb blogger Ali Əthab Azərbaycana gələrək ərəb turistlərin həyat tərzi haqqında reportaj hazırlayıb. İraqın bir çox televiziyalarında yayımlanan reportaj böyük səs-küyə səbəb olub.

Belə ki, Ali Əthab reportajında qeyd edib ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS xəstəliyinə tutulur. O, digər qalmaqallı iddia ilə də çıxış edərək bildirib ki, guya Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub. Yerli rəsmilər bu məlumatın heç bir əsası olmadığını desə də, bu iddia yenidən bir mövzunu aktuallaşdırmış oldu.

Heç də gizlin deyil ki, son 2-3 ildə Azərbaycana ərəb turistlərin axınının başlamasına paralel seks biznesi ilə məşğul olanların da sayı artmağa başlayıb. Həmçinin statistika da onu göstərir ki, ölkədə SPİD və bu kimi digər qorxunc yoluxucu xəstəliklərin artma tendensiyası var. Doğrudur, bu xəstəliklər yalnız cinsi yolla keçmir, narkotik aludəçiləri də xəstəliklərin yayılma səbəbləridir. Lakin əsas daşıyıcılar yüngül əxlaqlı qadınlar, onların xidmətindən istifadə edən şəxsləridir. Azərbaycanda 8 min ərəbin SPİD-ə yoluxması informasiyası təxribat və ya əsassız ola bilər, lakin bu, bir faktdır ki, bu cür reportaj və ya məlumatlar ölkəmizin imici üçün təhlükəli ola bilir.

Qeyd edək ki, ölkəmizdə fahişəlik inzibati qaydada qadağan edilir. Eyni zamanda fahişəliyə cəlb etmə, əxlaqsız yuvaları saxlamaq da qanunvericiliyə əsasən cinayət sayılır. Hüquq-mühafizə orqanları yüngül əxlaqlı qadınları saxlayarkən, həm də onları cərimələyir.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2015-ci ildə dövlət büdcəsinə fahişəlikdən 36 min manat vəsait daxil olub. Həmin il 387 nəfər saxlanılaraq, cərimələnmişdi. Bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən əvvəllər cərimə 40-80 manat idisə, sonradan bu rəqəm 100 manata qədər artırılıb.

Buna baxmayaraq, fahişələr qeyri-leqal da olsa “qədim peşə” ilə məşğul olmaqda davam edirlər. Təkcə paytaxt Bakıda deyil, ölkənin demək olar ki, bütün bölgələrində gizlin və ya açıq şəkildə fahişəxanalar fəaliyyət göstərir. Bu isə SPİD və bu kimi xəstəliklərin getdikcə daha da artması, yayılması deməkdir.

Buna görə də bəzi rəsmilər ölkədə fahişəliyin leqallaşdırılmasının artıq vaxtının çatdığını bildirir. Xatırladaq ki, 2013-cü ildə parlamentdə bu məsələ müzakirəyə çıxarılmışdı.

Deputat Siyavuş Novruzov məsələ ilə bağlı maraqlı mövqe bildirmişdi: “Milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır. İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Ötən əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Ataturk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkələrdən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduqlarını söyləyirlər. Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq”.

Vitse-spiker Ziyafət Əsgərov Səyavuş Novruzovdan fahişəliyi leqallaşdırmaq təklifini irəli sürüb-sürmədiyini soruşmuşdu. Deputat isə bildirmişdi ki, təkliflər bir çox problemin qarşısını alacaq: “Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”. 

Əksəriyyət qeyd edir ki, Azərbaycanda fahişəliyin leqallaşdırılması mentalitet baxımından doğru olmasa da, bu sahədə olan bir çox problemlərin həlli üçün yaxşı üsul ola bilər. Hansı ki, məlum olduğu kimi bir çox inkişaf etmiş, o cümlədən Avropa ölkələrində bu cür təcrübə artıq var. Bu üsulla həm də SPİD kimi qorxunc xəstəliklərin yayılmasının qarşısı alınmış olar. Fahişəliyin leqallaşdırıldığı ölkələrdə fahişələr həkim nəzarətində olur, müvafiq qaydalarla vergi ödəyir. Bunun vasitəsi ilə eyni zamanda çirkli pulların dövriyyəsinin qarşısı alınmış olur.

Lakin bununla bağlı fikirlər birmənalı deyil. Bəziləri qeyd edir ki, fahişəliyin leqallaşdırılmasının özü insan alverinin bir qoludur, həmçinin mənəviyyata mənfi təsir göstərir, buna görə də leqallaşdırılma çıxış yolu deyil.

Beləliklə, yenidən bu sual ortalığa çıxır – ölkəmizdə fahişəlik leqallaşdırılsınmı?

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova musavat.com-a danışıb: “Ümumiyyətlə, fahişələrin özündən soruşmaq lazımdır ki, onlar leqallaşmanın lehinə, yoxsa əleyhinədir? İkinci bir tərəfdən leqallaşmış ölkələrin təcrübəsinə baxaq görək ki, onlar bu məsələdən razıdır, ya yox? Həmin ölkələrin bir çoxu leqallaşmanın heç də müsbət təsir göstərmədiyini bildirir. Biz bu təcrübələri araşdırmadan leqallaşmanı istəyirik. Qadın təşkilatları da birbaşa çıxış edərək bildirirlər ki, leqallaşma istismarın yeni formasıdır. Fahişəxanaya gələn kişidən heç bir sənəd tələb olunmur. Ola bilsin ki, fahişələr qoruyucu ilə təmin olunsun. Lakin bu, bir faktdır ki, bir çox kişilər, elə ərəblərin özləri bəzən fahişələrdən tələb edir ki, qoruyucusuz onunla münasibətdə olsun. Bununla da insanlar öz sağlamlıqlarını təhlükə altına salır. Ona görə də insanlarda öz sağlamlıqlarına olan münasibətlərini formalaşdırmaq lazımdır. Beləliklə, bu gün fahişəliyin leqallaşdırılması məsələsini ortalığa atmaqla, bu problemin həllini tapa bilmərik. Bu, başqa məsələdir ki, fahişələrdən vergi almaq istəyirlər. Bunun üçün başqa üsullar həyata keçirmək lazımdır”.

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR