İnsanlara hürriyət, millətlərə istiqlal!

“Exchange”lərin açılmasını ləngidən səbəblər

1216 14.02.2019 10:10 İqtisadiyyat A A

Rəşad Həsənov: “Prosedurlar sadələşdirilsə də ”Exchange"lərə maraq azalıb, çünki..."

Xəbər verdiyimiz kimi, parlament Azərbaycanda “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsini qəbul etdi. Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanuna görə, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır. Bununla da Milli Məclis valyutadəyişmə obyektlərinin fəaliyyətinə “yaşıl işıq” yandırmış oldu.

Bu dəyişikliyi qiymətləndirən iqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda prosedurların mürəkkəb olması valyutadəyişmə məntəqələrinin yeni şərtlər daxilində fəaliyyətə başlaması üçün müəyyən çətinliklər yaradır: “Ancaq düşünmürəm ki, hazırda faktiki olaraq maliyyə bazarlarında ”Exchange"lərin  iştirak etməməsi və yeni  təşəbbüslərin olmaması məhz bu kimi prosedurların çətinliyindən qaynaqlanır. Düzdür, prosedurlar müəyyən qədər prosesə təsir göstərsə də, burada əsas məsələ faktiki olaraq sektorda mənfəət normasının çox aşağı olmasından qaynaqlanır. Hazırda banklar çox kiçik marjalarla valyutadəyişmə əməliyyatlarını həyata keçirirlər. Burada çox az gəlir norması var".

Rəşad Həsənov ile ilgili görsel sonucu

R.Həsənov onu da vurğuladı ki, “Exchange” açmaq üçün 50 min manat vəsaitin tələb olunması sahibkarların bu işə marağını azaldan əsas amildir: “Yeni qaydalara görə, paytaxtda fəaliyyət göstərmək istəyən VDM-lər üçün 50 min manat həcmində depozitlərin yerləşdirilməsinə ehtiyac var. Bu kifayət qədər böyük vəsaitdir və indiki halda onu dövriyyədən kənarda saxlamaq hər hansı investorun, sahibkarın maraqlarına ziddir. Xüsusilə də marjanın bu qədər az olduğu şərtlər daxilində maraq azalıb. Həmçinin VDM-lərə qoyulan texniki tələblər çox yüksəkdir. Yeni qaydalarda xüsusi məkanların tələb olunması, mühafizə sisteminin daha etibarilə formada qorunması və sair əlavə xərc formalaşdırır”.

İqtisadçı onu da qeyd etdi ki, son 1  ildə qanunvericilik bazası formalaşıb və yeni VDM-lərin fəaliyyət başlaması üçün şərait yaradılıb: “Ancaq təşəbbüslərin olmamasının əsas səbəblərindən biri şərtlərin ağır olmasıdır. Prosedurların sadələşdirilməsi müsbət addım olsa da, bununla yanaşı, digər məqamlar da gözdən keçirilməlidir. İstənilən halda ölkədə valyuta əlçatanlığı təmin olunmalıdır. Bu həm biznes mühiti, hə də turizm sektoru üçün xüsusilə əhəmiyyətlidir. Çünki son 3 ildə ölkəyə valyuta axınının təmin edilməsində əsas sektorlardan biri kimi turizm sektoru götürülür. Bəzi hallarda biz faktiki olaraq, müşahidə edirik ki, xarici turistlər valyutanın dəyişdirilməsi ilə bağlı ciddi çətinliklərlə üzləşirlər. Bu isə onların ümumi xərcləmələrinin həcminə təsir etməklə son nəticədə ölkəyə valyuta axınlarının gözlənildiyindən az olmasına səbəb olur. Bu baxımdan sözügedən şərtlər yumşaldılmalıdır. Uyğun investisiya mühiti formalaşdırılarsa, biz qeyd edilən istiqamətdə yeni təşəbbüslərin ortaya çıxmasına, yeni ”Exchange"lərin   yaranmasına səbəb olar. Beləliklə də bayram və şənbə-bazar günlərində, eləcə də qeyri-iş saatlarında valyutadəyişmə ilə bağlı problem aradan qaldırılmış olar".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR