İnsanlara hürriyət, millətlərə istiqlal!

Ət tələbatımızın nə qədəri idxal hesabına təmin olunur?

1351 24.01.2019 18:53 Ölkə A A

Rövşən Ağayev: “Hökumət diri heyvan idxalını hesaba almır”

Azərbaycana Braziliyadan qırmızı ət idxalında artım var. Paytaxtın restoran şəbəkələri ilə yaxından əlaqəsi olan şəxsin redaksiyamıza verdiyi məlumata görə, Cənubi Amerika ölkəsindən gətirilən ətin öz müştəriləri var. Belə ki, bır sıra restoranlarda ət xüsusi alətlər vasitəsilə emal olunaraq ondan çox ləzzətli təamlar hazırlanır. Kifayət qədər baha qiymətə təklif edilən bu təamların sifarişçiləri də getdikcə artır.

Rəsmi məlumatlardan isə aydın olur ki, Azərbaycana Braziliyadan mal ətinin idxalında ciddi artım nəzərə çarpmır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabrında Braziliyadan Azərbaycana 347,54 min dollar dəyərində 107,89  ton dondurulmuş, sümükdən ayrılmış,qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüş halda iribuynuzlu heyvan əti gətirilib. Bu isə ətin kiloqramının təxminən 3,2 dollara idxal olunması deməkdir. 2017-ci ilin 12 ayında isə Braziliyadan cəmi 409,18 min dollar dəyərində 131,73 ton iribuynuzlu heyvan əti gətirlib – kilosu 3,1 dollara. Bu məlumatlar göstərir ki, Braziliyadan ət idxalında artım olmasa da, restoranlarda ondan istifadə artır. Və bu artımı stimullaşdırmaq üçün piar kampaniyası da qurulmaqdadır.

Yeri gəlmişkən, Azərbaycanda ət istehsalı və idxalı ilı bağlı proseslər xeyli maraq doğurur. Məlumdur ki, son illərdə ölkədə əkinçiliyin genişləndirilməsi nəticəsində heyvandarlıq ciddi şəkildə məhdudlaşdırılır. Düzdür, yeni və iri heyvandarlıq təsərrüfatlarının yaradılmasına da start verilib. Lakin onlar yaradılmamış mövcud heyvandarlıq təsərrüfatlarının kütləvi şəkildə sıxışdırılması xaricdən mal əti və diri heyvan idxalını xeyli artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycana müxtəlif ölkələrdən 38 milyon 622,41 min dollar dəyərində 33 min 591,14 ton ət gətirilibsə, 2017-ci ildə bu göstərici 40 min 101,81 tona(63 milyon 128,12 min dollar dəyərində), ötən il isə 47 min 399,29 tona(70 milyon 75 min dollar dəyərində) çatıb.

Bundan əlavə, ölkəyə diri heyvan idxalında da ciddi artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə,  2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıq üçün nəzərdə tutulmayan digər diri iribuynuzlu heyvanlar (25 milyon 250.92 min  dollar dəyərində), 131 min 867 baş diri qoyunlar (7 milyon 834.6 min dollar dəyərində) gətirilib. 2018-ci ilin 9 ayında isə ölkəyə 73 min 965 baş(18 milyon 94,41 min dollar) digər diri iribuynuzlu heyvanlar, 76 min 868 baş diri qoyunlar(4 milyon 881,77 min dollar) idxal olunub.

Ötən ilin 9 ayında diri qoyunların böyük hissəsi – 40 223 başı Gürcüstandan, 36 min 400 başı isə Rusiyadan gətirilib. 2017-ci ildə isə Rusiyadan 107 min 947 baş, Gürcüstandan 22 min 470 baş diri qoyun idxal olunmuşdu.

Digər diri iribuynuzlu heyvan idxalının istiqamətində də Gürcüstanın xeyrinə dəyişiklik baş verib. Belə ki, 2017-ci ildə bu heyvanların 7161 başı Rusiyadan, 34 564 başı Ukraynadan, 41 269 başı Gürcüstandan gətirilmişdisə, 2018-ci ilin 9 ayında bu rəqəmlər müvafiq olaraq 2137 baş, 10 420 baş və 61 033 baş təşkil edib.

Göründüyü kimi, həm ümumilikdə, həm də Gürcüstandan diri heyvan idxalında böyük artım var.

Onu da qeyd edək ki, rəsmi statistika Azərbaycanın ətlə təminatında idxaldan asılılığın artdığını etiraf etmir. Belə ki, rəsmi məlumata görə, ölkənin ətə olan tələbatı 90 faiz daxili istehsal hesabına təmin olunur. Lakin iqtisadçı-ekspert Rövşən Ağayev bu rəqəmlə razılaşmır. Onun sözlərinə görə, yerli və xarici informasiya mənbələrini araşdıranda ətə tələbatın ödənilmə təminat səviyyəsi ilə bağlı səslənən "90 faiz" rəqəmi real görünmür: “Milli Statistikaya görə, bütün növə ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min ton, 2018-ci ildə 48 min ton ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13 faizi qədər ət idxal olunduğu görünür. Bu məlumat “Comtrade” bazasının rəqəmi isə üst-üstə düşür. Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Bu ixracın təxminən 60 faizi Ukraynanın payına düşüb”. 

Ekspert bildirir hökumət diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakını nəzərə almır: “Belə çıxır ki, diri heyvanlar ancaq damazlıq və südlük məqsədlə gətirilir. Amma idxal olunan heyvanların sayı kifayət qədər çoxdur və onların hansısa hissəsinin ətlik məqsədlə ölkəyə idxalına şübhə yoxdur. Məsələn, Comtrade-in bazaında 2017-ci ildə Almaniya və Avstriyadan Azərbaycana 4500 baş iribuynuzlu mal ixrac edildiyi bildirilir və bu heyvanların damazlıq məqsədlərlə gətirilməsi real görünür.  Amma iş orasındadır ki, diri heyvan idxalında “Comtrade” və milli statistika arasında ciddi fərq var. Məsələn, Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə ölkəyə 88 min baş iribuynuzlu, 132 min baş isə qoyun-keçi idxal edilib.

“Comtrade”də isə bu rəqəm fərqlidir- ixracatçı ölkələrin məlumatına görə, Azərbaycana 126.3 min baş iribuynuzlu, 116 min baş isə qoyun-keçi ixrac edilib. Gürcüstan tərəfin məlumatına görə, təkcə elə onlardan Azərbaycana 77 min başa yaxın iribuynuzlu mal-qara göndərilib. Ukrayna isə 36 min baş göstərir”. 

R.Ağayevin fikrincə, ətlik məqsədlərlə gətirilən heyvanların kəsimə gedən hissəsi də dəqiq araşdırılsa, ətə tələbatın ödənilməsində idxaldan asılılığın10 faiz deyil, daha çox olacağı aydın görünər.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR