İnsanlara hürriyət, millətlərə istiqlal!

“Enerji sistemi alman şirkətinə verilir” iddiası

2309 02.11.2018 09:40 İqtisadiyyat A A

“Uniper” şirkəti ilə enerji təchizatı sahəsində əməkdaşlıq nəzərdən keçirilir, amma...

İyul ayında baş vermiş ciddi enerji qəzasından sonra hökumət enerji sistemində bir sıra addımlar atmağa başlayıb. “Azərenerji” ASC-nin rəhbərliyində aparılan dəyişiklikdən  sonra qəzanın bilavasitə baş verdiyi “Azərbaycan” İES-də təmir və yenidənqurma işlərinə dövlət büdcəsindən 48 milyon manat ayrılıb.

Qəzanı araşdıran komissiyanın yaydığı açıqlamalarda qeyd olunurdu ki, ölkənin enerji sistemində araşdırmaların aparılması üçün Almaniya və Rusiyadan mütəxəssislər cəlb olunub. BBC-Azərbaycanın yazdığına görə isə söhbət yalnız mütəxəssislərin cəlbindən deyil, enerji sistemində idarəetməyə xarici şirkətin daxil edilməsindən gedir. Belə ki, Azərbaycan hökumətinin Bakı və Abşeron yarımadasında “müasir elektrik enerjisi təchizatının qurulması” üçün Almaniyanın “Uniper” şirkəti ilə əməkdaşlıq edə biləcəyi qeyd olunur: “Energetika Nazirliyi ”enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstəyin verilməsi" üçün “Uniper” şirkətinə təklif verib, qurumdan BBC News Azərbaycancaya bildirilib".

Məqalədə qeyd olunur ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın sözlərinə görə, indilik, sadəcə, “Uniper” şirkəti ilə enerji təchizatı sahəsində əməkdaşlıq nəzərdən keçirilir, ortada konkret heç nə yoxdur. Bununla belə, “Uniper”ə artıq təkliflər göndərilib: ““Uniper” şirkətinin sərmayəçi və yaxud sərmayə qoyaraq, idarəetmə proseslərində məqbul şərtlər daxilində (məsələn, səhmdar cəmiyyətdə müəyyən paya sahib bir şirkət kimi) iştirakı nəzərdən keçirilir. Hazırda enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstəyin verilməsi “Uniper” şirkətinə rəsmi olaraq təqdim edilmiş təkliflər sırasındadır".

Maraqlıdır ki, “Uniper” Azərbaycanda yeni deyil. 5 illik əməkdaşlıq təcrübəsi ilə şirkət SOCAR-la bir sıra layihələrə imza atıb. Məsələn, 2012-ci ildə Abşeronun qazpaylayıcı şəbəkəsinin yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb: “SOCAR-la ”Uniper"in qaz tədarükü haqqında bağladığı müqaviləyə əsasən, 2045-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya hər il 1,5 milyard kub metr qaz ixrac ediləcək. 2016-cı ilin mayında imzalanmış sazişə görə isə enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərən “SOCAR-Uniper” MMC yaradılıb. Müəssisədə SOCAR 51, “Uniper” 49 faiz paya malikdir. Hökumət adıçəkilən şirkətlə daha bir sahədə əmədaşlıq etmək niyyətindədir - “texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan” ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatın məsələsində də “Uniper”in məsləhətindən yararlanmaq istəyir".

“Uniper” Azərbaycandan elektrik enerji təsərrüfatının idarə olunması ilə bağlı təklifi şərh etməyib. Şirkət həm də Rusiyada böyük biznesə malikdir: böyük bir ərazidə enerji hasilatı, ötürülməsi və paylanmasını həyata keçirir. Bu baxımdan, dövlət komissiyasının açıqlamalarında məhz “Uniper”in mütəxəssislərindən bəhs olunduğunu söyləmək  olar.

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın nəinki dövlət, hətta özəl şirkətlərinin belə dünyada tətbiq olunan müasir texnologiyalara çıxış imkanları yoxdur: “Buna görə də xarici şirkətlərin bu sahədə Azərbaycana yardım etməsində fayda var. Azərbaycanın enerji sistemində hazırda iki böyük problem var. Bunlardan birincisi istehsal xərclərinin, yəni maya dəyərinin həddindən artıq yüksək olmasıdır. Halbuki Azərbaycanda həm mazut, həm qaz, həm də su elektrik stansiyalarında maya dəyəri bu qədər yüksək olmamalıdır. Buna görə də ilk növbədə enerji istehsalında maya dəyəri aşağı salınmalıdır. Yeni texnologiyaların tətbiqi ilə buna nail olmaq mümkündür. Məsələn, Azərbaycanda mazutla işləyən elektrik stansiyalarında 1 Kvt/saat enerji əldə etmək üçün istifadə olunan mazutun həcmi orta Avropa göstəricisindən 2 dəfə çoxdur. Bunun kəskin şəkildə azaldılmasına ehtiyac var”.

Ekspertin sözlərinə görə, ölkənin enerji təsərrüfatında ikinci böyük problem itkilərin yüksəkliyidir: “Bu sahədə də uzun illərdir hökumət ciddi nəticəyə nail ola bilmir. Bunun üçün də yeni texnologiyaların tətbiqinə ehtiyac var. Bütün bunlar göstərir ki, xarici şirkətlərin enerji sektoruna cəlb edilməsi artıq zərurətə çevrilib. Bunun iki yolu var. Birincisi özəlləşdirmədir - hansı ki, hökumət hələ buna hazır deyil. Düşünmürəm ki, yaxın zamanlarda da hazır olsun. Digər yol isə idarəetməyə verilmədir. Buna qanunvericilik də imkan verir, Azərbaycanda bunun təcrübəsi də var”.

Ekspertin fikrincə, Azərbaycanın enerji sektoruna gələcək xarici şirkət dövlətdən ciddi təminatlar istəyəcək: “Ümumiyyətlə, ciddi təminatlar olmasa heç bir şirkət enerji sahəsinə gəlməz. Məsələn, Azərbaycanın neft sahəsindəki xarici şirkətlər bura konstitusiya qanunu statuslu müqavilələrlə gəliblər. Hökumət istəsə belə o qanunları dəyişə bilmir, bilməyəcək də. Çox güman ki, enerji sisteminə dəvət ediləcək şirkətlər də ciddi zəmanətlər istəyəcəklər”.

N.Cəfərli hesab edir ki, kifayət qədər rentabelli bir sahə olduğu üçün istənilən şirkət Azərbaycanın enerji sektorunda işləmək istəyər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR