İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən sevilməz adamın “rəhmətlik” və “fenomen” olması...

2950 22.03.2018 17:23 Yazarlar A A

8-9 il öncə işdə çoxları Feysbuk şəbəkəsinin üzvü olanda mən özümü bu sosial şəbəkədən kənarda saxlamışdım. Hesab edirdim ki, bu şəbəkə vaxtımı çox aparacaq, işimə mane olacaq. Ancaq xəbərlə işlədiyimizdən, yalan-doğru, dezo-mezo, hər cür informasiyaların aşıb-daşdığı Feysbuk ailəsinə qatılmaq lazım gəldi.

İlk vaxtlarda təcrübəsiz idim, dostluq təklifi göndərənlərin hamısını ağına-bozuna, ağlına-qazına baxmadan qəbul etdim və tezliklə limit doldu.

Bir də baxdım ki, şəbəkə saatlarla müxtəlif polemikalara girişirəm. Xüsusilə də axşamlar, gecə saat 1-ə qədər, bütün istirahət saatlarım qəzetimizin siyasi kursu ilə bağlı irad bildirənlərə cavab yazmağa, partiyamızı xəyanətdə günahlandıranlarla “elə deyil axı, əslində belədir”, “ona qalsa, sizinkilər də o vaxt belə eləmişdilər” rədifli söz savaşına, Allah-təalanın seçkiqabağı təbliğat-təşviqat qrupunun üzvləriymiş kimi məni Yaradanın böyüklüyünü qəbul edərək ona tərəfdar olmağa çağıranlarla mübahisəyə gedir.

İşdə 8 saat kompüterin qabağında otur gəl, hələ bir 6-7 saat da mənasız polemikalara giriş – işgəncə kimi bir şey idi.

Üstəlik, uzun-uzadı mübahisəyə tablaşmayanlar vardı. Təvazökarlıqdan Mark Eliot Zukerberqin ana vətəni Nyu-York qədər uzaq olsa da, deyim ki, özüm saatlarla, hətta günlərlə polemika aparan və bir dəfə opponentinin ünvanına ağır söz işlətməyən biri olaraq iki cümlədən sonra müdafiə etdiyim adamlara, yaxud da şəxsimə yönəlik təhqiramiz ifadə, açıq söyüş yazan adamlara təhəmmül edə bilmirdim.

Bir də açıq-aşkar böhtan atanlar, iftira söyləyənlər vardı. Belə adamlarla mübarizənin tək yolu bu idi: dostluqdan çıxarmaq, blok etmək.

Əvvəlcə söyüş yazan, adamı durduğu yerdə media terroruna məruz qoyan trollar getdi. Sonradan xəbər tutdum ki, bəziləri onlarla “dostluğ”a son qoymaq qərarım haqqında belə bir status yazıblar ki, bu da özünü demokrat sayan yazar, polemikaya dözmədi, bizi blok etdi.

Belə çıxırdı ki, adam demokratiya və haqq-ədalət tərəfdarıdırsa, dünyası zəhərə dönməlidir, gecə-gündüz mənasız mübahisələr aparmalı və eyzən söyülməlidir.

Sonra Yaxın Şərqdəki teokratik dövlətlərin tərəfdarı olan, eyzən öz məzhəblərinin Allahla qarşılıqlı münasibətlər qurmaq baxımından daha effektiv və ötə olduğunu sübut etməyə çalışan, əks fikir söyləyən kimi söyüşə əl atan, arada qarğışa keçən, cəhənnəm əzabıyla bağlı hədələr səsləndirən “dindarlar” dostluq siyahımdan kənarda qaldılar.

Növbə seksual partnyor tapmaq ümidi ilə öz səhifələrində düşük-düşük paylaşımlar edən, “bomba oğlan” olduqlarını göstərmək üçün açıq-saçıq, biədəb statuslar yazanlara çatdı. Onlar da getdilər.

Bir də baxdım ki, sakitlikdir, daha nə əttökən, düşük paylaşımlar görürəm, nə məni intriqaya, uzun-uzadı mübahisəyə çəkən var.

Bəlkə də bu demokrata yaraşmaz, amma qulaq dincliyi çox önəmlidir. On illərlə aparılan mübahisə “dediyim dedikdi” modunda danışan adamın ən adi fikrini dəyişməyəcəksə, nə faydası var?

İndinin özündə də arada öz fikrini biədəb kəlmələrlə, söyüşlə ifadə edən adamlar görürəm. Ərkim çatanlardan bəzilərinə daxili poçtla yazıb təveqqə edirəm ki, belə şeylər yazmasınlar. Eşidənlər olur, sağ olsunlar, amma ərkim çatmayanlar da yavaş-yavaş, rəislər demişkən, tərəfimizdən kənarlaşdırılır.

Məndən sizə əmanət, söyüş yazan, ağır ifadələr işlədən adamlar öz nifrət oxlarını bu gün sizin zəhləniz gedən şəxslərə, hətta düşmənlərinizə ünvanlayıblarsa belə, onlara güvənməyin. O oxlar bir gün ən adi səbəbdən, hətta boş bir şeyə görə sizə yönələcək. Görə-görə gəlirik.

Adi bir misal. Bir zamanlar həmişə siyasi rəqbilərini ağır sözlərlə, açıq söyüşlərlə təhqir etdiyinə görə ölkə müxalifətçilərinin ən zəhləsi gedən adam bu gün sosial şəbəkə fenomenidir, özünü demokrat sayan, haqq-ədalət carçısı hesab edən çoxları onun söyüş dolu videosunu paylaşır, “Allah rəhmət eləsin”dən nəyi var, döşəyirlər. Hardan-hara?

Söyüş isə gerçəkdən nifrəti aşıb-daşan, əlindən başqa bir şey gəlməyən, üstəlik, hiddətini ifadə etmək üçün yetərli söz baqajına malik olmayan acizlərin, cahillərin silahıdır.

Prinsipcə, dünyada yeni başlanmış kampaniyaya qoşulub Feysbuk hesabını bağlamaq da olar – söyüşmələrdən canımız qurtarar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR