İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmanətlərin tam sığortalanması dövrü başa çatır

2079 15.01.2019 11:56 İqtisadiyyat A A

“Müddət uzadılmayacağı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq bu  məbləğdən çox olan hissəni itirəcəklər”

“Əgər hökumət  tərəfindən hər  hansı qərar verilməzsə, 50 gündən sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək“. Bu sözləri hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, 3 il öncə qəbul edilən qanunun bitməsinə 50 gün müddət qalıb: “Məlum olduğu kimi, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil. Bu sistemin cəmi 50 günlük ömrü qalıb”.

Bəs 4 mart 2019-cu il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

Ekspert qeyd edir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək: “Tutaq ki, vətəndaş 2018-ci ilin 30 mart tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 15%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2019-cu il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək”.

İqtisadçı ekspertin sözlərinə görə, dövlət başçısının müəyyən etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq bankların sağlamlaşdırılması prosesi 2018-ci ilin sonunadək başa çatdırılmadığı üçün hələ bankların bağlanması təhlükəsi qalmaqdadır. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər.

Ə.Həsənov əmanətlərin tam sığortalanmasının müddətinin uzadılacağını da istisna etmir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Vüqar Bayramov  da bu müddətin uzadılmasının daha məqsədəuyğun olduğunu vurğuladı: ““Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən bu ilin martın 1-də əmanətlərin limitsiz sığortalanması ilə bağlı maddə qüvvədən düşür. Bu isə o deməkdir ki, köhnə qaydalar tətbiq olunacaq. 30 min manata qədər olan əmanətlər sığortalanacaq. Həmçinin 30 min manatın dollar və avro ilə olan ekvivalenti sığortalanacaq. Ancaq təbii ki, hələ martın 1-nə qədər  zaman var. Müddətin uzadılması da mümkündür. Müddət başa çatanadək onun uzadılması ilə bağlı qərar qəbul edilə bilər. Biz bunu məqsədəuyğun hesab edirik. Bu müddətin uzadılmasına ehtiyac var. Əgər müddət uzadılmasa, bu, banklardan depozitlərin geri çəkilməsinə gətirib çıxara bilər. Xüsusən də böyük məbləğdə depozitlərin sığortalanması həyata keçirilməyəcək".

Vüqar Bayramov ile ilgili görsel sonucu

V.Bayramovun sözlərinə görə, əgər qanunun müddəti uzadılmasa, istənilən məbləğdə olan əmanətlərin 30 min manatdan yuxarı hissəsi sığortalanmayacaq: “Burada depozit sahiblərinin diqqət yetirməli olduğu bir neçə məqam var. Əmanətlərin sığortalanması ilə bağlı qaydalar prezidentin təsdiq etdiyi qanuna müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyənləşdirilir. Ölkə prezidentinin təsdiq etdiyi ”Əmanətlərin tam sığortalanması haqqında" Qanunda müddət göstərilir. Digər qaydalar, o cümlədən faizlə bağlı limitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyənləşdirilir. Bu baxımdan 2018-ci ildə vətəndaş  bankda 50 min manat sığortalanan əmanət yerləşdiribsə, əgər martın 1-nə qədər müddət uzadılmayacaqsa, həmin əmanətin yalnız 30 min manatı sığortalanmış olur. Bankların özü daxili sığorta mexanizmi tətbiq edilə bilər. Ancaq 2016-cı ildə qəbul edilən qanunda müddət 3 il göstərilibsə, həmin müddət çərçivəsində banklar limitsiz sığortalamaq hüququna malikdir. İstənilən məbləğdə olan əmanətlərin 30 min manatdan yuxarı olan hissəsi sığortalanmayacaq".

Ekspert riski aradan qaldırmaq üçün vətəndaşlara vəsaiti  bir neçə hissədə fərqli banklarda əmanət kimi yerləşdirməyi təklif etdi: “Bu hallarda riski aradan qaldırmaq üçün yaxşı olar ki, vəsaitlər 30 min manatadək olmaq şərtilə və ya onun xarici valyutada olan ekvivalentilə bir neçə bankda yerləşdirilsin. Bu da bütün məbləğin sığortalanmasına imkan verəcək. Əgər müddət uzadılmayacaqsa, əmanətçilərin bu addımı atması daha məqsədəuyğun olardı. Üçüncü əhəmiyyətli məqam ondan ibarətdir ki, ödəniş sığorta gününə olan məzənnə ilə aparılır. Gələcəkdə manatın məzənnəsində dəyişikliklər baş verərsə, o zaman nəzərə alınmalıdır ki, 30 min manatın ekvivalenti sığortalanır. Yəni kurs dəyişərsə, bu zaman daha az məbləğdə valyutanın sığortalanacağı anlamına gəlir. Xarici valyutada depozit yerləşdirənlər bu məqamı nəzərə alsalar yaxşı olar. Bütün hallarda biz ”Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddətinin uzadılmasının tərəfdarıyıq. Bu həm banklardan əmanətlərin çəkilməsinin qarşısını alar, həm də gələcəkdə banklara daha çox vəsaitin cəlb edilməsinə imkan yarada bilər".

Bankların bağlanmasına gəlincə, V. Bayramov qeyd etdi ki, buna MBNP qərar verəcək: “İndi Maliyyə Bazarlarına Nəzarət Palatası çalışır ki, bankların bağlanmasını deyil, sağlamlaşdırılmasını həyata keçirsin. MBNP-də idarəetmə və kadr dəyişikliklərindən sonra bankların sağlamlaşdırılmasına münasibət dəyişib. Əgər əvvəlki dövrdə problemli bankların müflisləşməsinə üstünlük verilirdisə, indi sağlamlaşdırılması prioritetdir. Ancaq bütün hallarda bizim müşahidələrimiz onu göstərir ki, problemli kreditlərin artması bank sektoruna və bəzi bankların fəaliyyətindəki mənfi tendensiyanın qalmasına gətirib çıxarır. Sözsüz ki, bankların müflis olub-olmayacağı qərarını MBNP verəcək. Vətəndaşlar istənilən halda özlərini risklərdən sığortalamalıdırlar”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR