İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əmanətlərin tam sığortalanması davam etməlidir” - ekspert

1756 08.11.2018 09:40 İqtisadiyyat A A

Ekspertlər deyir ki, müvafiq qanunun müddətinin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər

Neftin dünya bazar qiymətlərində kəskin enişin baş verməsindən ən çox zərər görən sahələrdən birincisi bank sektorudur. İqtisadiyyatın inkişafında mühüm rol oynamalı olan banklar bu gün də 3 il əvvəl yaranmış problemlərdən tam qurtula bilməyiblər.

Qeyd edək ki, bank sektoruna inamın azaldığı, əhalinin öz əmanətlərini banklardan çəkdiyi bir vaxtda hökumət məsələyə müdaxilə edərək bütün əmanətlərin qorunmasını nəzərdə tutan qanun qəbul etmişdi. 2016-cı ilin martından qüvvəyə minən qanuna əsasən faizləri “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Sənədə görə, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə, onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində, bu qanunun 3-cü maddəsinə uyğun olaraq, müvafiq dəyişikliklər edilməlidir.

Müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Banklara dəstək mexanizmlərindən birini nəzərdə tutan bu qanunun qüvvəsi gələn ilin martında bitir. Qanunun qüvvədə olduğu müddətdə əmanətlərin banklardan kütləvi çəkilməsi prosesi dayanıb, yerləşdirilən əmanətlərin həcmində  artım müşahidə olunub. Mərkəzi Bankın rəsmi məlumatına görə, bu il yanvarın 1-nə əhalinin banklarda olan əmanətlərinin həcmi 7 milyard 561.2 milyon manat təşkil edib. Oktyabrın 1-nə isə əmanətlərin həcmi 8 milyard 114,9 milyon manata çatıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı hesabata görə, yalnız sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2 faiz (175 milyon manat) artıb. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6 faiz artıb.

Əmanətlərlə bağlı müşahidə olunan daha bir müsbət dinamika xarici valyutada olan əmanətlərin həcmindəki artım dinamikasının zəifləməsidir. Belə ki, bu ilin 9 ayında belə əmanətlər cəmi 2 faiz artaraq 5 milyard 128,9 milyon manat təşkil edib. Son nəticədə xarici valyutada olan əmanətlərin həcmi ümumi əmanət portfelinin 62,5 faizini tutub. Halbuki 2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5 faiz təşkil edirdi.

2018-ci ilin yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi isə 21,2 faiz - 3 milyard 70,2 milyon manatadək artıb. Bu isə bütün əmanət portfelinin 37,5 faizi deməkdir.

Ä°lgili resim

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti artırılmalıdır. Bu barədə parlamentin iclasında danışan millət vəkili qanunun gələn ilin mart ayıında qüvvədən düşəcəyini qeyd edib: “Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmasını nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər”.

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, 2016-cı ildə sözügedən qanunun qəbul olunması düzgün atılmış addım idi: “Həmin vaxt vəziyyət çox gərgin idi, əmanətlərin kütləvi şəkildə banklardan çəkilməsi prosesi başlanmışdı. Buna görə də hökumət həm bütün əmanətlərin sığortalanması, həm də sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin 12-dən 15-ə qaldırılması istiqamətində addımlar atdı. Düşünürəm ki, çox yerində və düzgün addımlar idi. İndi bank sektorunda bir sabitləşmə müşahidə edilməkdədir. Bağlanma prosesi dayanıb. Əgər qanunun qüvvəsi uzadılmasa, əvvəlki kimi həcmi 30 min manata qədər olan əmanətlər sığortalanacaq”.

Ekspert hesab edir ki, qanunun qüvvədə olma müddəti uzadılmaqla bərabər, ona müəyyən dəyişikliklər də olunmalıdır: “İlk növbədə illik faiz dərəcələri 12-10 faizə endirilə bilər. Çünki ölkədə əmanət faizləri kəskin azalıb, 10 faizin altındadır. Bankların bu faizləri daha da aşağı salacağı gözlənilir,çünki yığdıqları əmanətləri yerləşdirməkdə çətinlik çəkirlər. Dünyada tək-tək faizə münasibətdə sığorta sistemi var. Əksər ölkələrdə sığorta əmanətin həcminə görə müəyyənləşir. Bizdə isə həm əmanətin həcminə görə, həm də faizinə görə tətbiq edilir. Düşünürəm ki, minimal hədd qoyulmalıdır. Yəni əmanət faizi artdıqca bankların Əmanətlərin Sığortalanması Fonduna ödədikləri üzvlük haqqı da artırılmalıdır. Bu, bankları əmanət faizləri ilə bağlı daha məsuliyyətli olmağa vadar edər”.

S.Əliyevin fikrincə, əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanunun müddəti ən azı 1 illik uzadıla bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR