İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmanət və kredit faizləri arasında uçurum dərinləşir

1161 17.09.2018 16:12 İqtisadiyyat A A

İqtisadçı-ekspert aidiyyəti qurumları vəziyyətə müdaxilə etməyə çağırdı

Bank sektorunun böhrandan çıxmağa başlamasının əsas əlamətlərindən biri də kreditləşmənin artmasıdır. Belə ki, bu il iyulun 31-nə olan vəziyyətə görə, yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatların (BOKT) kredit portfeli 3,5 faiz artaraq 12 milyard 170,7 milyon manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, bu kreditlərin1 milyard 820,4 milyon manatı dövlət payı olan banklar tərəfindən verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz az olmaqla, bütün kreditlərin 15 faizi deməkdir. Kreditlərin 9 milyard 949,2 milyon manatını özəl banklar verib. Bu, 5,6 faiz artımla bütün kreditlərin 81,7 faizi deməkdir. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

Kreditləşmə ilə bərabər Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq də getdikcə artmaqdadır.

İqtisadçı-ekpert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0,1 faiz dividend təklif edirlər.

Bəzi banklarda hətta avro depozitləri dividendsiz qəbul olunur: “Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bankın Azərbaycan üzrə orta kredit faizinin 11,9 faiz olduğunu açıqlamasına rəğmən, sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil. Bu isə o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir”.

Mərkəzi Bankın rəsmi statistikasına əsasən bu ilin iyul ayında banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb.

Bu isə o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb: “Kredit qoyluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq, fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir. Belə olan halda isə əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçurumu izah etmək çox çətindir. Əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlarına da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir. Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də, bu, heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Kreditlərin yüksək faizi bankların risklərini sığortalamır, əksinə, onlar üçün yeni risklər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir. Belə ki, Mərkəzi Bankın statistikasına görə, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib. Deməli, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir. Qeyd edək ki, problemli kreditlərin artımı yalnız xarici valyuta deyil, həmçinin manat kreditlərində də müşahidə edilir”.

İqtisadçı-ekspertin fikrincə, kredit faizlərinin tənizmlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir: “Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

DÜNYA,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR