İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertdən xəbərdarlıq: “Bəzi məhsullarda qıtlıq ola bilər”

2102 23.04.2018 09:10 İqtisadiyyat A A

Son zamanlar ölkə ərazisində havalar qeyri-sabit keçir. Ötən həftə aprel ayı olmasına baxmayaraq bəzi dağlıq rayonlarına qar da yağdı. Bütün bunlar isə kənd təsərrüfatı məhsullarına təsirsiz ötüşə bilməz.

Ekspertlər bildirirlər ki, kənd təsərrüfatı işləri havadan birbaşa olaraq asılıdır. Toxumun səpilməsindən becərmə və yığımadək bütün işlərdə havanın normal olması yüksək məhsuldarlığa təkan verən amildir. Hazırda isə aprel ayı soyuq keçir. Bu, məhsuldarlığa necə təsir edəcək, qıtlıq halları mümkündürmü?

Mütəxəssislərə görə, son zamanlar yağışın çox yağması, taxıl əkinləri üçün faydalıdır. Hazırda taxılın inkişafı boruya çıxma və sünbülləmə fazasının arasıdır. Bu fazada taxılın suya daha çox ehtiyacı olduğu dövrdür. Yağış torpaqda nəmliyin, rütubətin toplanmasına şərait yaradır. Yazlıq bitkilər üçün səpilmiş sahələrə də yağışların olması xeyli dərəcədə müsbət haldır. Yağış cücərtilərin tez alınmasına, bitkilərin inkişafına müsbət təsir göstərir.

Onu da qeyd edək ki, açıqlanan rəsmi rəqəmlərə görə, cari ilin yanvar-fevral aylarında 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə digər bitkilər əkilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 milyon ədəd yumurta, 16,3 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 43,8 faiz artıb.

Fikrət Yusifov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifov bildirdi ki, daha öncə belə bir hallar yaşanıb ki, havaya görə məhsuldarlıq aşağı olub: “Bölgələrdə harada sərt şaxta olubsa, həmin il məhsuldarlıq aşağı düşüb. Bu cür hallar dəfələrlə baş verib. Bir neçə il öncə Naxçıvanda ağaclar çiçəklənən vaxtı qar düşdü, şaxta oldu. Həmin il bütövlükdə Naxçıvanda meyvə olmadı. Bu il isə daha çox Quba-Xaçmaz zonasına qar yağdı. Orada da bildiyiniz kimi, meyvə bağları çoxdur. Ola bilsin ki, bu, məhsuldarlığa müəyyən qədər təsir edəcək. Ancaq yağışların yağması isə təbii ki, kənd təsərrüfatı üzrə yetişdirilən digər məhsulların, xüsusilə də taxılın inkişafına yaxşı kömək edəcək. Azərbaycanın xaricdən idxal etdiyi məhsulların  miqdarında da artım müşahidə etmirəm. Artım bir neçə il bundan öncə hansı səviyyədə idxal edirdiksə, indi də həmin səviyyədədir. Bir sıra məhsullar üzrə yerli məhsullar artıb ki, həmin məhsulların da idxalında azalma var. Çünki yerli məhsullar bazarda tələbatı ödəyə bilir. Hədəflər belədir ki, gələcəkdə meyvə-tərəvəz məhsulları ilə özümüzü təmin edək. Çünki Azərbaycanın yerləşdiyi iqlim qurşaqları imkan verir ki, burada bütün məhsullar yetişdirilsin. Hesab edirəm ki, yaxın bir neçə il ərzində buna çata bilərik. Əsas ərzaq məhsulları ilə yanaşı hesab edirəm ki, ət və ət məhsulları ilə də özümüzü təmin etməmiz mümkündür”.

Ekspert son zamanlar tərəvəz məhsullarındakı qiymət artımı barəsində də danışdı: “Əsasən pomidorun qiymətində artım var ki, bu da daha çox ixracla əlaqədardır. Ötən ilin nəticələrinə görə, ölkəyə qeyri-neft sektorunda istehsal olunan məhsullar sırasında ən çox valyuta gətirən məhz pomidordur. Azərbaycan pomidorunun keyfiyyəti fərqlidir. Keyfiyyətin yüksək olmasını isə qonşu ölkələrdə yaxşı bilirlər. Xüsusilə də böyük bazar olan Rusiyada bunu anlayırlar. Ona görə də istehsalçı da daha çox qazanc əldə etmək məqsədilə ixraca üstünlük verir. Belə olanda daxili bazarda bu məhsula olan tələbat tam ödənilmir. Yəni tələb və təklif arasında elə bir münasibət yaranır ki, burada qiymətlər bahalaşa bilir. Bu məhsulun qıtlığı deyil. Məhsul boldur, sadəcə olaraq onun böyük hissəsi xaricə gedir. İş adamını kimsə məcbur edə bilməz ki, məhsulunu mütləq Azərbaycanda satmalısan. İş adamı sərbəst və azaddır. Necə ki, sərbəst olaraq öz işini qurur, eləcə də məhsulunu bazara çıxarır. Burada başqa addımlar atılmalıdır ki, daxili bazarın tələbatı yerli istehsal hesabına ödənilsin. Yəqin ki, yaxın vaxtlarda hökumət bu məsələnin üzərinə qayıdacaq. Pomidor yetişdirən bir ölkədə bu məhsulun qiyməti çox yuxarıdır. Azərbaycanda bu dəqiqə istixanaların sayı-hesabı yoxdur. Ancaq orada istehsal olunanlar əsasən Rusiyaya gedir”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR