İnsanlara hürriyət, millətlərə istiqlal!

Düz adam olsaydı, eh...

2586 23.04.2018 08:40 Yazarlar A A

Yeni baş nazir, yeni komanda, vurulanlar, vuranlar... bunlar gündəmin ana mövzularıdır, bilirəm. Serial izləyirmiş kimi izləyirsiz hamısını. Həyatınıza əlahiddə bir təsiri olmayacağını bilə-bilə həm də. Personaların yox, sistemin önəm daşıdığı məmləkətlərdə əslində bu, o qədər də ciddi maraq doğurmamaıdır. Necə ki, Qərb ölkələrində belədir. Amma bizdə durum fərqlidir: bu kadr dəyişikliklərinin yenə də həyatımıza təsiri olmayacağını bilirik, amma ciddi azartla izləyirik. İçimizin yağları ərisin deyə. “Vurulanlar”ı ləzzətlə izləyək, “Sultan Süleymana qalmayan dünya...” deyib, dəhşət fəlsəfi söhbətlər edək deyə... Bu durum da ancaq bizim kimi hüquqlarının pozulmasından dolayı keyləşmiş, travmalı toplumlarda yaşana bilər.

Amma mən həftə içi hamımızın qanını qaraldan, eyni zamanda birbaşa həyatımıza təsir edən iki olaydan danışacam. Birincisi, falçı qapısına gedib, təcavüzə uğrayan qızların hekayəsidir. Olay “Yeni Müsavat” səhifələrində partladı, hər kəs dəhşətlə oxudu. Qızlar redaksiyaya gəldi, başlarına gələn bu ağır hadisəni nəql etdilər. Amma mən hadisə gün üzü görən kimi gələn reaksiyalardan daha çox dəhşətə qapıldım. Nəymiş? Yaxşı qız falçı yanına getməzmiş, ağıllı qıza bir dəfə təcavüz ediblərsə, ikinci dəfə o qapıya niyə gedirmiş və sair və ilaxır. Məlum oldu ki, bu ölkədə oğruların adətən suçu olmur. Oğurluq bir peşə növüdür, Şabanın filmlərində deyildiyi kimi, oğru namussuz namusludur. Onlar tələ qurmaqda, məsum insanları aldatmaqda sərbəstdilər. Bu, onların haqqıdır. Qoçaqlıq bu tələyə düşməməkdir. Və suçlu olan da bu tələyə düşənlərdir. Nəsə onlar “düz adam” deyillər, nəsə hoqqaları var. Bax belə bir əcaib yanaşma.   

Tamam, falçı qapısına getmək cahillik, zəiflik, bir az da maymaqlıq ola bilər. Hesab edə bilərsən ki, universitet tələbəsi olduğun halda belə işin hardasa çətinə düşüb. Ən gülməlisi, sənə imtahanda qiymət yazmayan müəlliminin dilini-ağzını bağlamaq istəyə, ya da sevdiyin oğlana ərə getməyi arzulaya bilərsən. Bəxtinin bağlandığını düşünüb, onun açılması üçün cadu yazdırmaq fikrinə düşə bilərsən... Baxın, “bilərsən” deyə bitirdim cümləni, “etməlisən, bilməlisən” deyə yox. Yəni, bu, ehtimaldır, arzuedilməz ehtimaldır. Amma suç deyil, cinayət deyil, namussuzluq, ailəyə, nəslə başaşağılığı, utanc gətirəcək bir hal isə heç deyil. Belə olsaydı, indi Azərbaycanda dağılmamış ailə qalmazdı. Evinə bərəkət duası yazdırmaq üçün falçıya gedənlərdən tutmuş, ərini evə bağlamaq üçün cadu-piti elətdirənə qədər... nə çox qadınlar var ətrafımızda.

Amma bizimkilər əziləni əzməkdə bir markadılar. Yıxılana bir təpik də biz vuraq məntiqi ilə yola davam etməyə üstünlük verirlər. Zəifi əzməyə nə var ki? “Bacarana can qurban” deyib, şərəfsizin əməlinə içdən-içə haqq qazandırmaq az qala normaya çevrilib. Halbuki pisə, pisliyə qarşı nə qədər çox mücadilə etsək, qınasaq, ona qarşı birləşib, haqq səsimizi qaldırsaq, vəziyyəti bir  o qədər tez yoluna qoymuş olacağıq. Amma bizim ellərdə hətta korrupsioner məmura da içdən-içə, gizli bir rəğbətqarışıq həsəd var.  Bacarırsa, haqqıdır tipli bir pozitiv yanaşma olur çox vaxt.

İkinci olaya keçim. Amaliya Pənahovanın uğursuz plastik əməliyyatı. Əksər qadınlar qocalmaqdan qorxur. Hələ-hələ bu qadın A.Pənahova kimi cavanlığında çox cazibədar olmuş birisidirsə. Tamam, əməliyyat uğursuz olub, botoksun dozası artıq düşüb, üzünü gərəyindən artıq gərdirib, dərman üzünə düşməyib, kremi yağlı olub.... Hər nə... Bu, bütün insanların dayanmadan onu aşağılamasına, lağlağı obyektinə çevirməsinə əsas verirmi? Ümumiyyətlə, kimin haqqı var ki, yaşlı bir qadına sırf uğursuz plastik əməliyyat keçirdi deyə təhqir yağdırsın? Siz fəsadla nəticələnən bir böyrək əməliyyatından keçmiş və ya əməliyyat nəticəsində şikəst qalmış adama lağ edirsiz, edə bilirsiz? Həkimin xətasıdır deyib, ağ xalatlını suçlayırsız da, düz deyil? O halda aktrisanı usanmadan daşlamaq niyə? Kimə, nəyi sübut etmək istəyirsiz? Burada bir suç varsa, Amaliya xanımın plastik cərrahının, kosmetoloqunundur. Dozanı ayarlaya bilmədiyi, uğursuz nəticə ortaya qoyduğu üçün.

Bu qadın bu yaşında gözəl görünmədiyi üçün sizin nifrətinizi niyə bu qədər qazanıb ki? Sizin cibinizə, yaxud dövlət büdcəsinə girib, əməliyyat etdirib? Yox. Daim gözünüzə gözəl görünmək kimi öhdəlik götürüb? Yenə yox. Üz onun, bədən onun, pul onun. Sizə nə??? Bu qədər təhqir niyə?

Bir susun ya... Lazım olanda danışa bilmirsizsə, lazım olanda da susmağı öyrənin...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR