İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuq və adamsız şəhər- Bıdqoşç - reportaj (FOTOLAR)

8317 16.01.2017 13:30 Dünyanın bu üzü A A
Bakıdan ənənəvi Gürcüstan marşrutu ilə Polşaya doğru yol aldım. Əvvəlcədən bilirdim ki, qarşıdakı iki gün yatmayacam. Mənzil başına daha ucuz yetişmək istəyim üzündən yolum yenə dağa-daşa düşmüşdü. Bakı-Varşava bileti 600 manat civarındadırsa, başqa bir yolunuz qalmır. Onsuz da Azərbaycan vətəndaşı olaraq gəlirimizin çoxu ölkədə məmur təyfasını bəsləməyə gedir, dedim, heç olmasa buna qənaət edim. Beləcə, bütün yol boyu "xeyir-dua" eləyə-eləyə gəlib çatdım Varşavaya, ordan da Bıdqoşça. 

Bakıda olanda dost-tanış işgüzar məqsədlə getdiyim bu şəhərin adını eşidəndə heç bir məlumatı olmayan insan reaksiyası verirdilər. Polşada yaşayan azərbaycanlıların bu şəhərin adını eşitməsi normaldır, amma Azərbaycanda və dünyada çox az adam bu şəhərin adını eşidib. Ad demişkən, şəhərin adı da qeyri-polyak biri üçün qəribə gəlir. Polyak dilində olan yazılı versiyası isə əməlli-başlı wi-fi şifrəsidir - Bydgoszcz.

Lakin hər nə qədər də gözdən uzaq bir şəhər olsa da Bıdqoşçun özünəməxsus maraqlı bir tarixi var. Şəhərə aid ilkin yaşayış izləri e.ə IX minilliyə aiddir. Yazılı mənbələrdən şəhərin adı ilk dəfə XIII əsrdə çəkilib. Bir əsr sonra isə Bidqoşç rəsmən şəhər statusunu alıb.

Polşanın bölüşdürülməsindən sonra şəhər Prussiyanın tərkibinə qatılıb. I dünya müharibəsindən sonra isə yenidən Polşanın olub. II dünya müharibəsi başlayanda isə Bıdqoşç ilkin hadisələrin mərkəzində qalıb. Şəhər almanlara qarşı ciddi müqavimət göstərsə də, sonradan təslim olub. Polşanın digər şəhərləri kimi Bıdqoşç da qətliamla üzləşib, nasistlər şəhərin 20 minə yaxın yəhudi və polyak sakinini (şəhərin 14%-i) ölüm düşərgələrində məhv edib. Ümumilikdə şəhər müharibə zamanı 40 minə yaxın qurban verib. Nasistlərə qarşı müqavimətinə görə şəhər sonradan Qrünvald Xaçı ordeni ilə təltif edilib.
İndi Bıdqoşç Polşanın Kuyovsko-Pomorskie əyalətinin paytaxtı və böyüklüyünə görə Polşanın səkkizinci şəhəridir. Polşanın monoetnik tərkibi olan digər şəhərləri kimi, Bıdqoşçda da demək olar ki, yalnız polyaklar yaşayır. Əhalisinin sayı 400 min nəfərə yaxındır. Şəhərdən Brda və Visla çayları, bir də onları birləşdirən kanal keçir. Coğrafi mövqeyinə görə burda bir çox şosse və dəmir yolları kəsişir. Bıdqoşç getdikcə su hövzələrinə daha çox önəm verir və buna görə də şəhərin əsas tədbirləri, festivalları, idman yarışları Brda çayının kənarında olur. 

Adamsız və soyuq şəhər

Norveçdə yaşayan bir tanışım deyirdi ki, burda iki kilometrdən bir kimisə görə bilərsən, ya yox. Avropanın soyuq iqlimə malik şəhərləri üçün bu xarakterik haldır. Hələ şəhər turistik cəhətdən çox az önəm daşıyırsa, demək olar ki, mənzərə bu cür olur. 

Bıdqoşça çatdığım vaxt bu şəhərdə yaşamağın asan olmayacağını düşündüm. İki ildir Polşada yaşamağıma baxmayaraq, soyuğu bu qədər dərindən hiss etməmişdim. Əlimi açıq havada saxlaya bilmirdim, -15 dərəcə ilə birlikdə kəskin bir külək əsirdi. Baxdım ki, avtobusların, maşınların şüşələri buz bağlayıb. Başqa şəhərlərdə -25 dərəcəyə qədər soyuq görmüşdüm, amma buranın soyuğu nədənsə çox kəskin idi. 

Növbəti gün şəhəri gəzməyə çıxanda isə mənzərə "lələ köçüb, yurdu qalıb" oldu. Elə bil, şəhərə xəbər gəlmişdi ki, tezliklə bura atom bombası atılacaq, hər kəs yığışıb qaçmışdı, bir mən yeni gəldiyim üçün bu elandan xəbər tutmamışdım. Küçələr bomboş, şəhərin mərkəzi meydanında isə demək olar ki, beş-altı nəfər vardı. Olan-qalan insanlar restoranlara, kafelərə doluşmuşdu. Bəlkə də hər il 7 milyon turistin gəldiyi Krakovdan sonra bu təəssürat normaldır. Bəlkə də elə şəhərin özü mən gördüyüm kimi adamsız deyil. 

Düzdür, bu şəhərə qısa olmayan bir müddətdə yaşamaq üçün gəlmişəm, amma bir daha əmin oldum ki, Avropa şəhərlərinin bir çoxunu gəzmək üçün ən yaxşı fəsil yaydır. Gözəl qar mənzərəsi, qış turizmi üçün xarakterik olan bir çox gözəlliklər zövq verə bilər, amma bu zövqü altdan-üstdən geyinmiş cəngavər kimi yaşamaq heç də xoş deyil. 

Turistik yerlər

Şəhərdəki turistik yerlərindən danışanda gərək ilkin sətirləri taxil anbarlarına həsr edəsən. Çünki bu anbarlar Bıdqoşçun əsas simvollarından biridir. Şəhərin gerbində və ona aid şəkillərdə də bu anbarları görmək olur. İndi muzey olaraq fəaliyyət göstərən bu anbarlar XVIII-XIX əsrlərə aiddir. Əvvəllər onların sayı beş olub, lakin 1960-cı ildəki yanğında ikisi yanıb. İki ildən sonra Brda çayının sahilindəki salamat qalan üç anbar təmir edilərək muzeyə çevrilib. 

Anbarların düz qarşısında, çayın üzərində isə "Çayı keçən adam" heykəli var. O da Bıdqoşçun əsas simvollarından biri sayılır. Bu qeyri-adi əsər heykəltaraş Jarzi Kedziora tərəfindən yaradılıb. Heykəlin ip üzərində necə durmasını mənə izah etdilərsə də tam anlaya bilmədim. Səbəb tarazlığı təmin etmə və yerin cazibə qüvvəsindən istifadə etməkmiş.  
XVIII əsrdə inşa edilmiş Bıdqoşç kanalı beynəlxalq E70 su nəqliyyatının bir parçasıdır. Bu kanal Vislanı Brda, Notec və Varta çayları vasitəsilə Polşanın ikinci çayı olan Odra ilə bağlayır. Bir çoxlarına görə, Bıdqoşç bir şəhər kimi öz varlığını bu kanala borcludur. Çünki bu kanalın sayəsində şəhər daxili sularda ən böyük mərkəzlərdən birinə çevrilib. 
Şəhərdə görülməyə dəyər digər bir yer isə Dəyirman adasıdır. Ona Bıdqoşçun yaşıl ürəyi də deyirlər. Burada indi qarla örtülmüş olsa da yaşıllıqlar, tarixi binalar, su tramvayı və modern yaxta dayanacağı, amfiteatr, hətta şəhər sakinlərinin çox sevdiyi çimərlik də var. 

Bıdqoşç dünyada yeganə "Sabun və kir tarixi" muzeyinin olduğu yerdir. Muzeyin adı şəhərin adı kimi qəribə gələ bilər, amma içərisi çox maraqlıdır. Bu muzey Bıdqoşç ilə sıx əlaqəsi olan sabun istehsalının göstərildiyi interaktiv bir səyahət deməkdir. Bıdqoşçda sabun istehsalının tarixi XVIII əsrə dayanır.

Digər bir maraqlı yer isə Wieza Cisnien yəni Su qülləsidir. Su qülləsinin içində lokal su təsisatı və kanalizasiya sistemi haqqında məlumat verən sərgi var. Bu sərgini ziyarət etdikdən sonra isə qüllədən Bıdqoşçun geniş panoramını görmək olar. 

Bıdqoşçda həmçinin indi muzey kimi fəaliyyət göstərən keçmiş nasist zavodu da var. Zavod 1939-1945-ci illərdə nasist Almaniyasının nitroqliserin, trotil və tüstüsüz barıt ehtiyacını ödəyib. Zavod sonradan muzeyə çevrilib və Exploseum adı ilə ziyarətə açıq elan edilib. Beton divarları olan muzeydə turistlərə müharibə haqqında bir çox məlumatlar verilməklə yanaşı, bəzi əşyalar, silahlar, posterlər sərgilənir.

Son olaraq, Bıdqoşçda mütləq gediləsi əsas yerlərdən biri Mışlensinek parkıdır. 830 hektar ərazisi olan bu park Polşanın ən böyük şəhər parkı sayılır. Burada lunapark, "İtirilmiş dünya" adlı dinozavr parkı, botanika bağı və zoopark var. 

Ümumiyyətlə, Avropa şəhərlərindən hər hansı birinə səyahət etdikdə orada gedilməsi vacib olan yerləri mütləq tapırsan. Xüsusən də əgər tarixlə və ətraf aləmlə maraqlanan birisənsə. Çünki iki dünya müharibəsi bəlkə də yüzilliklər boyu baş verəcək böyük bir tarixi, iki onilliyə sığdırıb. Üstəlik, baş vermə ehtimalı çox zəif olan və hətta olmayan hadisələri də. 

İqtisadiyyatın, elmin, təhsilin inkişaf etdiyi, bu sahələrdə ənənəsi olan xalqlar kiçik və soyuq şəhərlərdə belə mədəniyyət yarada bilirlər. Ən əsası onu qoruyub saxlamağı və onu başqalarına gözəl bir şəkildə təqdim etməyi bacarırlar. Bu zaman şəhərin böyük və ya kiçik olması, orada az və ya çox insanın yaşaması bir əhəmiyyət daşımır. Eynilə Bıdqoşçdakı kimi. 

Araz Bayramov
Polşa, Bidqoşç

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR