İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ən yaxın ətrafı da ABŞ kəşfiyyatının “qara siyahı”sına salınıb

3281 20.01.2017 16:10 Dünya A A
Bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimidir. Respublikaçı prezident öz siyasətini, fikirlərini və proqramlarını həyata keçirmək üçün hər cür imkana malikdir. Konqresin hər iki palatasına onun partiyasının nümayəndələri nəzarət edir. ABŞ-ın 50 ştatından 38-i partiyanı təmsil edən qubernatorların əlindədir.

Lakin bu, gözlə görünən rəqəmlərdir. Çünki nə qədər qəribə olsa da, Donald Trampın öz partiyasında dayaqları xalq içərisindəki populyarlığı qədər möhkəm deyil.

Donald Trampın hələ seçkiqabağı dövrdən partiyanın elitar təbəqələri ilə arası yoxdur. Bu isə ekspertlərin fikrincə, prezidentlə qanunverici orqan arasında siyasi gərginlikləri vaxtaşırı su üzünə çıxaracaq.

Respublikaçılar Konqresdə səsçoxluğu qazanmalarına rəğmən mövqeləri əvvəlki qədər güclü görünmür. Son ayların ən populyar mövzusu sayılan, Rusiyanın hakerlər vasitəsi ilə “Amerika demokratiyasını sındırmaq” cəhdlərinə görə partiya və onun liderlərinin ittiham edilməsi onları seçicilərin gözündən bir qədər düşürüb.

Hər halda Donald Tramp müəyyən vədlərini icra etməkdən ötrü ən azı hakimiyyətinin ilk 100 günündə öz partiyadaşları, həmçinin azlıqda qalan demokratlarla dil tapmalıdır.

Çünki yeni prezidentin müəyyən məsələlərdə fikirləri bir çox respublikaçı ilə üst-üstə düşmür. Əsas ziddiyyətlər isə səhiyyə, vergi islahatları və büdcə xərclərinin azaldılması ilə bağlıdır.

Bundan başqa Respublikaçıların Konqresdəki iki lideri, Nümayəndələr palatasının spikeri Pol Rayan və partiyanın Senatdakı fraksiyasının rəhbəri Mitç Makkonnel seçkiqabağı dövrdə Donlad Trampa qarşı müxalif mövqedə duran insanlar olublar.

Xüsusilə Makkonnel Donald Trampın qadınlar haqqında işlətdiyi ifadələrə görə gələcək prezidneti sərt şəkildə tənqid etməsi ilə yadda qalmışdı.

Gələcək prezidentin Konqresin hər iki palatasında dəstək qazanması yolunda ən böyük əngəl təkcə ona qarşı şəxsi münasibətlə bağlı deyil. Demokratların heç biri, respublikaçıların isə müəyyən qismi D.Trampın vəd etdiyi proqramları qəbul etmək istəmir.

Xüsusilə demokratlar D.Trampın təklif etdiyi yeni vergi islahatını sərt şəkildə tənqid edirlər. Respublikaçılar arasında da vergilərin azaldılması ilə bağlı yekdil rəy mövcud deyil.

Ekspertlərin rəyinə görə, sosial və müdafiə siyasəti sahəsində aparılacaq dəyişikliklər də Amerikanın siyasi elitası içərisində kəskin mübahisələri özü ilə bərabər gətirəcək.

Siyasi analitiklərin fikrincə, Tramp tərəfindən Barak Obamanın prezidentliyi dövründə ən böyük layihəsi sayılan və ABŞ-da Obamacare (Omabakeyə) kimi tanınan sosial sığorta proqramının ləğv edilməsi də cəmiyyətdə ciddi parçalanmaya səbəb ola bilər. Çünki Trampın əlində bu proqramı əvəz edəcək analoji layihə mövcud deyil. Bundan başqa yeni prezidentin müdafiə sahəsində həyata keçirmək istədiyi layihələr maliyyə çatışmazlığı problemləri ilə üzləşə bilər. 

ABŞ mətbuatından verilən son məlumatlar D.Trampın başının ölkənin təkcə qanunvericilik hakimiyyəti ilə deyil, hüquq-mühafizə orqanları ilə də ağrıyacağını göstərir. Hazırda ABŞ-ın xüsusi xidmət strukturları yeni prezidentin və onun yaxın ətrafının Rusiyanın rəsmi şəxsləri ilə əlaqələrini ciddi surətdə araşdırır. Bundan başqa ələ keçirilən danışıqlar və maliyyə əməliyytları da diqqətlə incələnir.

“New York Times” qəzetinin yazıdğına görə, FTB-nin diqqəti D.Trampın yaxın dostu və müşaviri Pol Manafortun üzərinə yönəlib. Pol Manafortun vaxtilə hazırda Rusiyada gizlənən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın məsləhətçisi olduğu  heç kimə sirr deyil. Onun Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiyi barədə yaranan şübhələrlə əlaqədar hazırda ABŞ Milli Təhlükəsizlik Agentliyində ciddi təhqiqat həyata keçirilir.

Xüsusi xidmət orqanları Manafortdan başqa prezidentə yaxın digər şəxslərlə bağlı araşdırmaları davam etdirirlər. Bunlar biznesmen və Trampın seçki qərargahında xarici siyasət məsələləri üzrə müşaviri olmuş Karter Peyc, həmçinin seçki qərargahının digər üzvü, siyasi analitik Rocer Stoundur.

Vaqif Hüseyn, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR