İnsanlara hürriyət, millətlərə istiqlal!

Son iki əsrin ən güclü beş sunamisi (FOTOLAR)

13231 27.12.2014 03:23 Dünya A A
Dekabrın 26-da Asiya 10 il əvvəl baş vermiş sunami qurbanlarının xatirəsini dərin kədər hissi ilə yad edib. Böyük insan tələfatına və dağıntılara səbəb olmuş bu sunami öz miqyasına görə son iki əsrin ən dəhşətli təbii fəlakətlərindən biri hesab olunur. Onun zərbəsi qitənin 18 ölkəsinə dəyib. Həlak olanlar arasında 40-dək ölkənin vətəndaşı var.

AzərTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yer üzündə baş verən bütün sunamilərin 80 faizi Sakit Okeanın payına düşür.

XX və XXI əsrlərin ən güclü beş sunamisi bunlardır:


1. 2004-cü il dekabrın 26-da Hind okeanının şimal şərq hissəsində, Sumatra adası sahillərindən 30 kilometr aralıda rixter cədvəli ilə 9,5 bal gücündə zəlzələ baş verib. Bu zəlzələ müasir tarixin ən güclü sunamisinə səbəb olub. Nəticədə 300 minə yaxın insan həyatını itirib. Sunami ən çox Tailand, İndoneziya (əsasən Açex əyaləti), Hindistan, Şri-Lanka, Malayziya, Myanma, Maldiv adaları, Somali və Keniyaya zərər vurub. 10 minlərlə adamın itkin düşməsinə və 5 milyona yaxın insanın evsiz qalmasına səbəb olan təbi fəlakətin vurduğu zərər ümumilikdə təxminən 15 milyard dollar həcmində qiymətləndirilir.



2. 2011-ci il martın 11-də Mərkəzi və Şimal-şərqi Yaponiyada baş verən 9 bal gücündə zəlzələ nəticəsində yaranan güclü sunami 15 mindən artıq insanın ölümünə, 6 min nəfərin yaralanmasına, 2,7 min nəfərin isə itkin düşməsinə səbəb olub. Bundan başqa 18 min ev tamamilə dağılıb, 150 mindən artıq ev isə yararsız vəziyyətə düşüb. Bu sunaminin ən dəhşətli nəticəsi “Fukusima-1” atom elektrik stansiyasındakı qəza olub. Təbii fəlakətin vurduğu zərər təxminən 300 milyard dollar təşkil edib. Ekspertlərin fikrincə, sunaminin nəticələrinin aradan qaldırılmasına 40 ilə yaxın vaxt lazım gələcək.


3. 1960-cı il mayın 22-də Mərkəzi Çilinin cənub sahillərində baş verən 9,5 bal gücündəki zəlzələ sunamiyə səbəb olub. Nəhəng dalğalar Çili, Yaponiya və Filippinin, həmçinin ABŞ-ın Havay ştatının sahillərinə çatıb. Zəlzələnin təsirindən vulkan püskürməsi baş verib. Təbii fəlakət nəticəsində 6 min insan həyatını itirib, minlərlə ev dağılıb, yüzlərlə gəmi batıb və ümumilikdə sahilyanı ölkələrə 500 milyon dollar həcmində zərər dəyib.


4. 1976-cı il avqustun 17-də Filippində baş verən 7,9 bal gücündə zəlzələ və ardından başlanan sunami 5 min nəfərin ölümü, 9,5 min nəfərin yaralanması və 2 mindən çox insanın itkin düşməsi ilə nəticələnib.


5. 1998-ci il iyulun 17-də Papua-Yeni Qvineyanın şimal sahilləri 7,1 bal gücündə dağıdıcı zəlzələnin yaratdığı sunamiyə məruz qalıb. Nəticədə 2 mindən çox insan həlak olub, 500 nəfər itkin düşüb, 10 min insan isə evsiz qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR