İnsanlara hürriyət, millətlərə istiqlal!

“Reina” qətliamçısının ifadəsi: “Terror vaxtı mən də ölməli idim, lakin…”

1087 19.01.2017 07:55 Dünya A A
Yeni il gecəsi İstanbulun “Reina” gecə klubuna girərək 39 nəfəri öldürən terrorçunun polisə danışdıqları mətbuata ötürülüb.

Musavat.com-un məlumatına görə, Abdulkadir Maşaripov 45 saatdır ki, terrorla mübarizə idarəsində saxlanılır. Onun polisə verdiyi ifadələr tək-tək araşdırılır, doğruluğu yoxlanılır. 

Polis qaynaqlarından verilən məlumata əsasən, “Əbu Məhəmməd əl Xorasani” kod adlı Abdulkadir Maşaripov verilən ilk suala türkcə bilmədiyini deyərək, cavab verməyib. Daha sonra ingilis dilində suala da cavab verməyən terrorçu rus dilini bilən birinin gəlməsindən sonra hadisənin təfərrüatlarını rus dilində sürətlə danışıb. Ona verilən ilk sual, niyə “Reina”ya hücum etməsi olub. Maşaripov isə ora gedənlərin “kafir” olduğunu bildirib və məhz bunun üçün gecə klubunda qətliam törətdiyini deyib. 

Maşaripov “Qapıda duran polisi niyə öldürdün?” sualına belə cavab verib: “Əvvəlcə polis mənə atəş açdı. Onu öldürməsəydim, içəri girə bilməzdim”. 

Terrorçunun bundan əvvəl həbs olunduğu da üzə çıxıb. O, 2015-ci ildə saxta pasport gəzdirdiyi üçün İranda tutulub və 1 aylıq həbsdən sonra sərbəst buraxılıb. Həbsdən çıxdıqdan sonra, 2016-cı ilin yanvarında qaçaq yollarla İrandan Türkiyəyə keçib. Təxminən 1 il Konya rayonunda qalan terrorçu təlimat aldıqdan sonra İstanbula üz tutub. 

O, bildirib ki, Taksimdə çəkdiyi video Raqqaya göndərilmək üçün nəzərdə tutulan kəşfiyyat videosudur: “Çəkdiyim videonu Raqqaya yolladım, İŞİD-in İstanbul əmiri Hoca Aka və köməkçisi tərəfindən münasib görüldü. Gecə klubuna “canlı bomba” kimi daxil olub özümü partladacaqdım, lakin təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması səbəbindən bomba gətirən şəxslə görüşə bilmədim. Vəziyyəti Hoca Aka bildirdim, o, “səs gətirəcək yer” seçməyimi istədi. Əvvəl də adını eşitdiyim “Reina”nın qarşısına gəldim. Burada təhlükəsizlik aşağı səviyyədə olduğu üçün həmin məkanı seçdim. Təsdiq edilməsi üçün Raqqaya bildirdim”. 

Maşaripov qeyd edib ki, terror həyata keçiriləcək yer təsdiq edildikdən sonra qaldığı evə gedib, silah və əl bombası olaraq fləşbənqləri götürüb. “Reina”ya yollanan terrorçu ətrafa atəş açdıqdan sonra özünü və sağ qalanları öldürmək üçün fləşbənqləri partladıb. Terrorçu fləşbənq partladığı an onun sadəcə işiq bombası olduğunu, öldürücü gücə malik olmadığını öyrəndiyini deyib və özünü öldürə bilmədiyi üçün qaçdığını qeyd edib. 

Terror aktının baş tutduğunu Raqqaya çatdırdığını deyən terrorçu bir müddət gözləməli olub: “Verilən təlimat əsasında Əli Məhəmməd Cəmil (Terrorçu ilə birlikdə tutulan iraqlı dostu) ilə əlaqə saxladım və onun qaldığı evə yerləşdim. O, təhlükəsizlik tədbirlərinin artdığını dedi və yeni evə köçməli olduq”.



Gülnar Süleymanova
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR