İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bazarında bahalaşan dollar Bakıda ucuzlaşır

6686 12.04.2017 01:52 İqtisadiyyat A A

Aprelin 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7029 səviyyəsində formalaşıb. Qeyd edək ki, Mərkəzi Bankın aprelin 11-ə olan məzənnəsinə görə 1 ABŞ dolları 1.7031 manata bərabərdir. Daha öncə, aprelin 6-da keçirilən hərracda da manat dollara nisbətən möhkəmlənmişdi. 

Bəs, görəsən manat-dollar münasibətlərindəki hazırki tendensiya nəyə dayandır? Dünya bazarında digər valyutalara nisbətdə dollar hansı mövqeni nümayiş etdirir?


“Yeni Müsavat” suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, manatın dollara olan məzənnəsi birbaşa dövriyyədəki milli valyutanın həcmindən asılıdır: “Mərkəzi Bank valyuta hərracları vasitəsilə dövriyyədə olan manat bazasının azaldılmasına nail ola bilib. Digər tərəfdən, aprelin 1-dən başlayaraq kommersiya banklarına nağdılaşdırma ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Hesablarında vəsaiti olan şirkətlər belə o vəsaiti nağdılaşdıra bilmirlər. Bu da nəticə etibarilə pul kütləsinə təsir göstərir və nağd şəkildə olan manat bazasının azaldımasına gətirib çıxarır. Manat bazasında olan milli valyutalar hesablardadır. Hesablardakı vəsaitin nağdlaşdırılmasına məhdudiyyət qoyulduğuna görə pul kütləsi azalır. Sadələşmiş vergi subyektləri üçün 15 min manat, ƏDV ödəyiciləri üçün 30 min manat aylıq limit müəyyənləşdirilib. Hətta o limitlər daxilində vəsaiti çıxaran zaman aprelin 1-dən etibarən kifayət qədər sorğu və araşdırma aparıldıqdan sonra nağdlaşdırma reallaşır. Bu da nağd pul kütləsinin azalmasına gətirib çıxarır. Nəticə etibarilə dollara tələb azalır. Bu mənada manatın dollara nisbətdə məzənnəsinin necə dəyişəcəyi birmənalı şəkildə manat bazasının necə dəyişəcəyindən asılı olacaq”.


İqtisadçı qeyd etdi ki, manat qıtlığı olduğuna görə dollara tələbin artacağı ilə bağlı proqnozlar özünü doğrultmur: “Biz aprel ayında dollara tələbin artacağını proqnozlaşdırırdıq. Əslində iqtisadi baxımdan dollara tələb artmalı idi. Lakin manat qıtlığı olduğuna görə, bu tələbin məhdudlaşmasına gətirib çıxartdı. Çünki idxal artır, Azərbaycanın hər zaman idxal məhsullarına tələbatı böyükdür. Büdcə xərcləmələri də var, buna əsasən də biz dollara tələbin artmasını proqnozlaşdırırdıq. Həmin büdcə xərcləmələrinin və hesablara köçürülən pulun əhəmiyyətli hissəsi nağdlaşdırıla bilmir. Nəticədə dollara tələbi artıracaq milli valyuta dövriyyədə yoxdur. Bu da dollara tələbin məhdudlaşdırılmasına gətirib çıxarır. Bu baxımdan, əgər Mərkəzi Bank manat bazasının məhdudlaşdırılmasını davam etdirəcəksə, nağdlaşdırma ilə bağlı limitlər qalacaqsa, dollara tələb artmayacaq. Bu o zaman müşahidə edilə bilər ki, Mərkəzi Bank artıq manat dövriyyəsinin məhdudlaşdırmasından onun optimallaşdırılması siyasətini tətbiq etsin. Çünki manat bazasının məhdudlaşdırması qısamüddətli dövr üçün effektli siyasətdir. Ortamüddətli dövr üçün manat bazasının optimallaşdırılması siyasəti həyata keçirilməlidir. Məzənnə birbaşa dövriyyədəki manat kütləsindən asılı olacaq”.

 

vüqar bayramov ile ilgili görsel sonucu


Vüqar Bayramovun sözlərinə görə, dünya bazarında son iki həftədə dollar əksər valyutalara nisbətdə bahalaşıb: “Dünya bazarında dolların məzənnəsinin necə dəyişməsinə diqqət yetirsək, görərik ki, son iki həftədə dollar avroya nisbətdə güclənib. Avropa dəyər itirib. Martın 27-də bir avro almaq üçün 1, 09 dollar ödəmək lazım idisə, hazırda 1 avro almaq üçün 1,06 dollar ödəmək lazımdır. Bu isə o deməkdir ki, martın 27-dən bu yana dollar avroya qarşı 2,8 faiz möhkəmlənib. Dolların Türkiyə lirəsi ilə münasibətlərinə nəzər salaq, qardaş ölkə valyutası da dollara nisbətdə ucuzlaşıb. Martın 27- də 1 dollar almaq üçün 3,6 lirə ödəmək lazım idi. Hazırda 1 dollar almaq üçün 3,7-dən daha çox lirə ödəmək lazım idi. Dollar digər valyutalarla nisbətdə də bahalaşıb. Dünya bazarında dollar əksər valyutalara nisbətən bahalaşıb. O baxımdan bu gün Azərbaycanda dolların məzənnəsinin aşağı düşməsi dünya bazarındakı tendensiya ilə bağlı deyil, çünki dünyada əksinə, dollar bahalaşır. Azərbaycanda yalnız Mərkəzi bank tərəfindən manat bazasının məhdudlaşdırılması ilə dollara tələb azaldılır. Dollar almaq üçün şirkətlərdə, fərdlərdə manat olmalıdır”.

 

Nərgiz LİFTİYEVA

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR