İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar bahalaşdıqca qızılın qiyməti də qalxdı- Bazarda durğunluq... REPORTAJ, FOTOLAR

7537 08.01.2017 18:12 Son xəbər A A
Dolların gündən-günə bahalaşması və valyuta bazarında yaşanan gərginlik istehlak məqsədilə satılan qızılın qiymətinə də təsirsiz ötüşməyib. Bu səbəbdən qızıl bazarında durğunluq müşahidə olunur. 

"Yeni Müsavat"ın müxbiri bu gün Laçın ticarət mərkəzinin qızıl satışı şöbəsinə baş çəkib  və satıcılarla həmsöhbət olub. Satıcılar da qızılın qiymətinin gündən-günə artdığını etiraf ediblər. Ticarət mərkəzində böyük bir ərazini əhatə edən qızıl şöbəsində çox az sayda alıcıya  rast gəldik. Müştəri olmadığından satıcıların  əksəriyyəti piştaxta arasında mürgüləyir. 

Uzun illər qızıl satışı ilə məşğul olan Səbinə  Hüseynova heç zaman bu sahədə hazırki qədər çətin vəziyyətlə üzləşmədiklərini bildirib: "Qızıl hədsiz sürətlə bahalaşır. Səbəb də odur ki, dollar həm rəsmi olaraq bahalaşır, həm də banklar dollar satmadığı üçüqn biz onu qara bazardan  daha baha qiymətə almağa məcbur oluruq. Bu da qızılın satış qiymətinə təsir göstərir. Hazırda ən çox tələbat olan Türkiyə qızılıdır. Çünki qadınların daha çox sevdiyi İtalyan qızılı çox baha başa gəlir. O səbəbdən Türkiyə qızılına üstünlük verənlərin sayı artıb. Rus qızılı isə ümumiyyətlə dəbdə deyil". 



Satıcının sözlərinə görə gömrük vergilərinin artması da qızılın qiymətinə təsirsiz ötüşməyib. Həmçinin Məhərrəmlik əyyamının başa çatmasından sonra toy mövsümünün başlaması da, nişan  və toy mərasimləri üçün alınan qızıla tələbatı artırıb.  Nəticədə nişan üzükləri və qızıl dəstləri 30 faizdən çox bahalaşıb. 

Qeyd edək ki, hazırda istehlak məqsədli qızılın bir qramının qiyməti 60 manatla 90 manat arasında dəyişir. Türkiyə qızılının bir qramı 65 manata təklif olunur. İtalyan qızılının qramı isə 90 manatdır. Briliant qaşlı zinət əşyalarında isə qızılın qramı ilə yanaşı briliantın karatı da qiymətə təsir edir. 

Dünyada ən bahalı qızıl sayılan ərəb qızılı isə hədsiz yüksək qiymətə başa gəldiyindən bu qızıla tələbat azdır.  O baxımdan  satıcılar risk edərək o qızılı idxal etmirlər. 

Həmsöhbət  olduğumuz satıcılar manatın üzən məzənnəyə keçməsindən sonra vəziyyətin daha pis olacağını bildirdilər. Onların sözlərinə görə, manat sərbəst üzən məzənnəyə keçərsə, qızıl da dollara paralel olaraq gündəlik bahalaşacaq. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq bu qızıl bazarının çökməsi deməkdir. 

Evlənməyə hazırlaşan cütlüklər isə artıq daha ucuz və sadə nişan üzüklərinə, alyanslara üstünlük verirlər. Satıcılar deyir ki, bu sahədəki bahalaşma toya hazırlaşan ailələrin də zinət əşyalarına ayırdıqları xərclərinə qənaət etmələrinə gətirib çıxarıb. Üzük, sırğa, boyunbağı və bilərzikdən ibarət dördlü qızıl dəstlərinin ən ucuzu isə 2 min manatdan başlayır. Halbuki, bir neçə ay öncə min manatdan başlayan qiymətlər alıcılara təklif olunurdu. Gəlinə orta səviyyəli bir qızıl dəsti almaq istəyən oğlan evi minimum 3 min manat xərcə düşməlidir. Təbii ki, bu qiymət 10 min manata qədər yüksələ bilər. 

Burada qızıl satışı ilə yanaşı qəbulu da həyata keçirilir. Qızıl alışı həyata keçirən şəxslər son zaman müraciətlərin artdığını bildirdilər və bunu əhalinin maddi vəziyyətinin pisləşməsi ilə əlaqələndirdilər: "Əksəriyyətinin imkanı yoxdur və nə vaxtsa yığdığı qızılları gətirib satır. Bəziləri də qızıllarını satıb həmin vəsaiti dollara çevirib saxlamağa üstünlük verirlər. Bu mənada son aylarda müraciətlər artıb". 

Satıcı bildirdi ki, qızılın alış qiyməti 40-50 manat arasında dəyişir. Bu baxımdan qızıl investisiya üçün faydalı yatırım vasitəsi hesab olunmur. Çünki alış qiyməti ilə satış qiyməti arasındakı ciddi fərq alıcının zərər etməsinə səbəb olur. 

Qızıl almağa gəlmiş bir neçə cütlüyün də fikrini öyrəndik. Onlar sadə alyans dəsti almağa gəldiklərini bildirdilər. Qeyd etdilər ki, toy xərcləri arasında ən böyük yeri məhz qızıl tutduğundan onu mümkün qədər ixtisar etməyə və ya daha aşağı əyarlı ucuz qızıl almağa çalışırlar. 

Qeyd edək ki, qızılın kreditlə satışı da həyata keçirilir. Bu da əhalinin alıcılıq qabiuliyyətinin aşağı düşməsinə hesablanmış bir addımdır. Nağd satışla kredit satışı arasındakı yeganə fərq kreditlə verilən qızılın qiymətinin dollarla hesablanmasıdır. Manat-dollar məzənnəsi gündəlik olaraq dəyişdiyindən satıcılar bu yolla riskləri sığortalamağa çalışırlar. 

Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR