İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan İraq Kürdüstanındakı referenduma etiraz

2678 27.09.2017 10:25 Gündəm A A

Vahid Əhmədov: “Kürdüstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir”

“Bu hadisələrdən ən çox əziyyət çəkən dövlət əlbəttə, Türkiyə olacaq. Ümumiyyətlə, bölgə üçün çox dəhşətli, qəbuledilməz bir məsələdir. Bu, bölgədə gərginliyi artıracaq. Həm Türkiyə, həm İran, həm İraqın özü məsələ ilə bağlı çox ciddi addımlar ata bilərlər. Ərdoğan da qeyd etdi ki, bir gecə qəfildən ora girə bilərik”.

Deputat Vahid Əhmədov bu fikirləri İraq Kürdüstanındakı “müstəqillik” referendumuna münasibət bildirərkən “Yeni Musavat”a söylədi. O, bildirdi ki, Kürdüstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir: “Bizim də Qarabağ problemimiz var. Biz onsuz da separatizmdən əziyyət çəkirik. Ona görə də bu referendum bizim üçün qəbuledilməzdir. İkincisi də Türkiyə bizim üçün ən önəmli dövlətdir, qardaş ölkədir, onun maraqlarına zidd addımlar həm də bizim maraqlarımıza qarşıdır”.

Deputat Azərbaycanda Kürdüstandakı referendum dəstəkləyən tək-tək şəxslərin olmasına da münasibət bildirdi: “İstənilən muxtar vilayətlərin özlərini dövlət elan etməsi yolverilməzdir. Ümumi siyasi vəziyyətə baxmaq lazımdır. Həmçinin orada türkmənlər var, onların vəziyyəti necə olacaq? Onlar ümumiyyətlə, bu vəziyyətlə heç vaxt barışmayacaqlar və “kürd dövləti” ideyasını qəbul etməyəcəklər, necə ki, biz razılaşmırıq. Ola bilər ki, Azərbaycanda müəyyən qruplar dəstəkləsin. Amma biz dövlət olaraq bu referendum dəstəkləməməliyik və mən millət vəkili olaraq bunu heç vaxt qəbul etmərəm”. V.Əhmədov şübhə etmir ki, məsələyə rəsmi səviyyədə reaksiyalar olacaq: “Bununla əlaqədar olaraq müəyyən narahatlıqlar var. Mən görürəm ki, mətbuatda narahatlıqlar ifadə olunur və bu, davam edəcək”. Deputat istisna etmir ki, payız sessiyasının ilk iclasında da digər vacib məsələlər kimi, bu məsələyə münasibət bildiriləcək.

V.Əhmədov İraq Kürdüstanındakı hadisələrin ardınca dünya bazarında neftin qiymətinin artmasını müvəqqəti sayır: “Neftin qiymətində bahalaşma gedir. Amma bu, qısamüddətli olacaq, daha sonra neftin qiyməti düşə bilər”.

E.PAŞASOY
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR