İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəm qazı yenə can almağa başladı

2292 28.11.2017 08:50 Ölkə A A

“Gözəgörünməz qatil”dən necə xilas olaq...

Havalar soyumağa başlayan kimi dəm qazı yenə də can almağa başladı. Ötən gün dəm qazından iki ölüm hadisəsi qeydə alınıb. Noyabrın 26-da Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yaşayan, 2 azyaşlı uşaq anası olan Cəbrayılova Günay Yunis qızı dəm qazı zəhərlənməsindən ölüb. İsmayıllıda isə Mican kənd sakini 1987-ci il təvəllüdlü Yusifov Emil Tanrıverdi oğlu hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən evə daxil olan dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Məlum olduğu kimi, Azərbaycanda yol qəzalarından sonra ən çox can alan iki faktor var ki, bunlar da mövsümlə bağlıdır. Yayda dəniz, qışda isə dəm qazı onlarla can alır. Bu iki faktor ölüm səbəbləri arasında ciddi yer tutur.

Ekspertlər bildirirlər ki, qaz boğulmalarının əksəriyyəti qaz cihazlarının  istismarı zamanı vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda da  baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi, yuxarıdakı faktlardan da göründüyü kimi, əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Bəs nə etmək lazımdır ki, dəm qazından ölüm halları azalsın?

Image result for İbrahim Kərbalayev

“Yeni Müsavat”ın sualını cavablandıran “Azəriqaz” İB-ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev  vurğuladı ki, təbii qazdan istifadə edən bütün abonentlər texniki təhlükəsizlik qaydalarına riayət etməlidirlər: “Həm fərdi yaşayış evlərində, həm də binalardakı mənzillərdə yaşayan istehlakçılar tüstü bacalarının işlək vəziyyətdə olmasına əmin olmaq üçün ən azı ildə iki dəfə tüstü bacasını təmizlətməlidirlər.  Təbii qazla işlədilən su qızdırıcı quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2,2 metrdən az olmamalıdır. Vanna otağının qapısı çölə açılmalı, qapının aşağı hissəsində nəfəslik olmalıdır. Fərdi yaşayış evlərində tüstü bacası quraşdırılarkən damın səthindən ən azı 50-70 sm hündürlükdə olmalıdır. Bu kimi texniki təhlükəsizlik qaydalarına riayət olunarsa, dəm qazından zəhərlənmə hallarına  rast gəlinməz. ”Azəriqaz"  İB-nin  aidiyyəti qurumlarla birgə apardığı maarifləndirmə-təbliğat işlərinə baxmayaraq, əfsuslar olsun ki,  qış aylarında dəm qazından zəhərlənmə hallarına rast gəlinir".

İ.Kərbalayev texniki təhlükəsizlik qaydalarından danışarkən, standartdan kənar qaz sobalarının quraşdırılmasının qadağan olunduğunu da diqqətə çatdırdı: “Mənzillərdə qaz cihazları quraşdırılarkən mütləq mütəxəssisin iştirakı olmalıdır. Mətbəxdə qaz cihazından istifadə zamanı üzərinə hər hansı maye daşdıqda alovu söndürməməsinə nəzarət olunmalıdır. Təbii qazdan istifadə zamanı sobanı yanılı qoyub yatmaq  və ya mənzili tərk etmək olmaz. Bu cihazlardan istifadə etdikdən sonra qaz kranının üstündəki vintillər bağlı saxlanılmalıdır. Qaz cihazları və sobalar yandırılmazdan əvvəl kibriti yandırıb odluğa yaxınlaşdırdıqdan sonra vintili açmaq lazımdır. Onu da qeyd edim ki, sertifikatı olmayan cihazlardan, kustar üsulla hazırlanmış sobalardan istifadə yolverilməzdir. Standarta uyğun olmayan sobaların  istifadəsi qadağandır, aidiyyəti qurumlarla birgə aparılan maarifləndirmə və təbliğat işlərinə baxmayaraq belə hallara rast gəlinir”.

“Azəriqaz” sözçüsü bildirdi ki, dəm qazından zəhərlənmə bütün növ yanacaq məhsullarının natamam yanması səbəbindən baş verir: “Ona görə də hər hansı bir mağazadan qaz sobası alarkən,  onun texniki pasportu və sertifikatı ilə tanış olmaq lazımdır. Kustar üsulla hazırlanmış qaz sobasından istifadə yolverilməzdir”.

Belə iddialar var ki, dəm qazının qış mövsümündə daha çox  can almasına səbəb qazın tərkibinin normal olmamasıdır. Bu iddiaları cavablandıran İbrahim Kərbalayev bildirdi ki, qazın tərkibi  dövlət standartına uyğun tənzimlənir və xüsusi laboratoriyalarda yoxlanılır: "Qazın  tərkibi təmizdir, içində hər hansı zəhərli bir maddənin olmasından söhbət gedə bilməz. Sadalanan texniki parametrlərə  riayət olunarsa, hər hansı bədbəxt hadisənin baş verməsindən söhbət gedə bilməz. Bütün istehlakçılarımızın diqqətinə çatdırırıq ki, qarşıdan soyuq havalar gəlir. Belə aylarda  təbii qaza olan tələbat da artır.  Ona görə də bütün istehlakçılar  təbii qazdan istifadə zamanı diqqətli olsunlar, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər".

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR