İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dedim ki, kəlimeyi-şəhadətini gətir və əzab çəkməməsi üçün boğdum" - dəhşətli qətlin TƏFƏRRÜATLARI

3730 20.04.2018 15:50 Kriminal A A

Dostunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq, onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq, onu boğmağa başlayıb. Kafedə olanda Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq, əlindən bıçağı almaq istəyiblər. Amma Amal Zülfüqarov onlara da bıçaq zərbəsi endirərək, yenidən Qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.

Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci, 120.2.4-cü, 120.2.9-cu və 221-ci maddələri ilə ittiham irəli sürülüb.

Amal Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıqla adam öldürdüyünü etiraf edib. Məhkəmədə Amal Zülfüqarova sərbəst ifadə vermək təklif edilib. Amal deyib ki, öldürdüyü Qismətlə dost kimi yaxşı münasibətləri olub, amma son zamanlar dostu ona qarşı dəyişib.

O, söyləyib ki, hadisədən bir neçə gün əvvəl Qismət və daha iki dostu onu iş yerindən götürərək "Atlant" istirahət mərkəzinə gediblər. Bu zaman dostu Qismətin ona qarşı münasibətinin tam dəyişdiyinin şahidi olub: "Yolda mənə qarşı fərqli şəkildə davrandıqlarını hiss edirdim. Sözümü kəsirdilər, danışdırmırdılar. Qismət də qayıtdı ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma sıxacaqlar. Mənim də ürəyimə xal düşdü. Getdik istirahət mərkəzinə... Qismət mənə tərs-tərs baxdı. Səbəbini soruşanda söyüşlə dedi ki, yaxşı edirəm. Mən də uşaqlardan səbəbini soruşdum. Onlar da heç nə demədilər. Artıq mən də əsəbləşməyə başladım".

Amal qeyd edib ki, məsələni araşdırmaq üçün bir neçə dəfə Qismətlə danışmaq istəyib: "Qisməti tapa bilmirdim. Onunla təkbətək görüşə bilmirdim. Bir dəfə görüşdük. Mənə qayıtdı ki, get qazı aç, evdə özünü öldür. Mən də səbəbini soruşdum. Dedi ki, hamının içində deyəcəm. Mən ona dedim ki, səninlə qardaş kimi olmuşam, amma mənə qarşı nəsə söhbət olsa, səni öldürərəm. Hamının içində də bunu dedim. Növbəti dəfə Qobustanda kafedə görüşdük. Həmin sözü orada da dedi. Amma orada olan Nicat dedi ki, söhbəti açma... Mən də əsəbləşdim. Oturanda arxadan ona yaxınlaşdım. Qalxmaq istəyəndə çiynindən tutdum. İlk dəfə orada sinəsindən vurdum. Qalanı da yazıldığı kimidir".

A.Zülfüqarov digər şəxsləri də bıçaqlamasının səbəbini belə izah edib: "Mən Haldunla, Tələtlə dost olmuşam. Çörək kəsmişəm. Onlara zərbə endirməmişəm. Ola bilər ki, məni aralayanda dəyib".

Məhkəmədə o da məlum olub ki, A.Zülfüqarov kafeyə gələn təcili yardım işçilərini də içəri buraxmayıb: "Mən onu xüsusi amansızlıqla öldürmüşəm. Etiraf edirəm. Onunla çox yaxın olmuşam. Amma etdiyi səhvi bağışlaya bilmirdim. Ona vurduqca bilirdim ki, əzab çəkir. Mən özüm də əzab çəkirdim. Bıçağı vuranda gördüm ki, xırıldayır. Dedim ki, ölürsən, kəlimeyi-şəhadətini gətir. Gördüm ki, Allah, Allah deyir. Əzab çəkməsin deyə boğub öldürdüm. O, əzab çəkdikcə mən də əzab çəkirdim. Həkimlər içəri girəndə qoymadım, yaxınlaşsınlar. Artıq ölmüşdü, qadınların da yaxınlaşmasını istəmədim".

Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində baş verib. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb. Amal Zülfüqarov ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR