İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Petro Poroşenko dönəmi rəsmən başlandı

3811 07.06.2014 22:39 Dünya A A

“Rusiya Ukraynanı işğal edib. Mən bu sözləri Normandiyada Rusiya Federasiyasının prezidentinə də dedim. Biz Krım və Ukraynanın ərazi bütövlüyündən başqa Rusiya ilə istənilən dialoqa hazırıq. Ukrayna unitar dövlətdir, bu gerçək heç bir halda dəyişməyəcək”.

Bu sözləri Ukraynanın yeni seçilən prezidenti Petro Poroşenko iyunun 7-də Ali Radada keçirilən inaqurasiya mərasimində deyib.

Səhər saatlarında başlayan inaqurasiya mərasiminə Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşşenko, Arseniy Yatsenyukun rəhbərlik etdiyi hökumət üzvləri, Ali Radanın bütün fraksiyaları ilə yanaşı, 57 ölkənin dövlət və hökumət rəsmiləri qatılıblar. Prezident seçkilərində ikinci yeri tutan, eyni zamanda Petro Poroşenkonun əsas rəqiblərindən olan “Batkivşina” Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko da andiçmə mərasiminə gəlib.

Poroşenkonun həyat yoldaşı, 4 övladı və atası Aleksey Poroşenko da inaqurasiya mərasimini izləyənlər sırasında olub.

Xarici dövlətlərin bir çoxunun rəsmiləri Kiyevin Borispol hava limanından birbaşa Ali Radaya gəliblər. Yada salaq ki, Ukrayna prezidentinin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Qonaqlar arasında Belarus prezidenti Aleksandr Lukoşenkonun 11 maşınlıq böyük korteji diqqət çəkib. A.Lukkoşenko ənənəsini pozaraq, bu dəfə səfərə kiçik oğlu ilə çıxmayıb. 

Rusiyanı isə inaqurasiya mərasimində Kremlin Kiyev böyükelçisi Mixail Zurabov təmsil edib. Protokol qaydaları M.Zurabovdan mərasimə köməkçilərinin müşayiəti ilə gəlməyi tələb etsə də, o, mərasimdə tək görünüb. Böyük ehtimalla Rusiya bu jesti ilə Ukraynadakı prezident seçkilərinə ciddi önəm vermədiyini anlatmağa çalışıb.

Qərb diplomatları isə tam fərqli ovqatda olublar. Avropa Birliyi ölkələrinin, ABŞ-ın rəsmi şəxsləri mərasimdən öncə bir-birini təbrik edərcəsinə salamlaşıblar.
 
Petro Poroşenko Ali Radanın binasına daxil olarkən gözlənilməz olayla üzləşib. Fəxri qarovulda duran əsgərlərdən biri öncə silahını əlindən salıb, sonra isə özü yerə yıxılıb. Prezident olaya fikir vermədən parlament binasına daxil olub. Halı pisləşən əsgəri qarovul rəhbəri yerdən qaldırıb və kənara çəkib.

Yeni prezident parlamentin binasında öncə əlini İncilə basaraq, and içib: “Mən, xalqın iradəsi ilə Ukraynanın prezidenti seçilən Petro Poroşenko bu ali vəzifənin icrasına başlayarkən Ukraynaya sədaqət andı içirəm. Bütün gücümlə Ukraynanın suverenliyini və müstəqilliyini qorumağı, Vətənin xeyri, Ukrayna xalqının rifahı üçün çalışmağı, vətəndaşların hüquq və azadlıqlarını qorumağı, Ukrayna Konstitusiyasına əməl etməyi, Ukraynanın dünyadakı nüfuzunu artırmağı üzərimə götürürəm”.

P.Poroşenko Ukraynaya sədaqət andı içəndən sonra həmin mətni imzalayaraq, Ukrayna Konstitusiya Məhkəməsinin sədri Yuriy Baulinə verib. Y.Baulin Ukrayna dövlətinin simvollarını – prezident nişanını, möhürü və toppuzu Petro Poroşenkoya təqdim edib və onun prezident səlahiyyətlərinə başladığını elan edib.

Ukrayna milli akademik xoru “Ukrayna dua”sını səsləndirib. Ardınca Petro Poroşenko Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini üzərinə götürməsi haqqında Fərman imzalayıb.

Prezident Poroşenko 1 saata yaxın davam edən nitqinə toplantı iştirakçılarını Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda can verənlərin xatirəsinə 1 dəqiqəlik sayğı duruşuna dəvət etməklə başlayıb: “Bəziləri elə düşünür ki, Ukrayna müstəqilliyinə rahat qovuşub. Bu, doğru deyil. Bizim azadlığımız və müstəqilliyimiz uğrunda Ukrayna vətənpərvərlərinin bütöv bir nəsli mübarizə aparıb, hərbçilər və sadə vətəndaşlar canlarını bu yolda qurban verib. Sizi həyatını Ukraynanın azadlığı və müstəqilliyi yolunda fəda edənlərin xatirəsini 1 dəqiqəlik sükutla anmağa dəvət edirəm”.

Yeni prezident Ukraynanın son aylarda qarşılaşdığı çətinliklərdən, ölkənin güneyindəki separatçı meyllərdən danışaraq, insan öldürməyən və separatçılığa maliyyə dəstəyi ayırmayan üsyançıları təslim olmağa çağırıb: “Ukrayna prezidenti kimi ölkənin bütövlüyünü qorumağı, təhlükəsizliyini təmin etməyi və möhkəmləndirməyi üzərimə götürmüşəm. Bunun üçün barış əsas şərtdir. Gözlərimizin önündə insanlar həlak olur, bu qan bir an öncə durdurulmalıdır. Bu ali kürsüdən Donbas əhalisinə səslənirəm, onları dialoqa çağırıram. Ukraynada hakimiyyətin legitim olmaması haqqında mif yaratmaqla, illərlə Donbası talan edən Viktor Yanukoviç klanı məşğul idi. Yanukoviç təkcə Donbası deyil, bütövlükdə Ukraynanı da illərlə qarət edib. Biz danışıqlara hazırıq. Ancaq quldurlarla danışıqlar masasına oturmaqdan söhbət gedə bilməz, bunun üçün legitim hakimiyyət orqanları formalaşdırılmalıdır. Donbas əhalisi bilsin ki, mərkəzi hakimiyyət yerli seçkiləri keçirməyə hazırdır”.

Petro Poroşenkonun “Krım bizimdir, bizim olacaq” sözlərini salondakılar ayağa qalxaraq, alqışlayıblar: “Rusiya Ukraynanı işğal edib. Mən bu sözləri Normandiyada Rusiya Federasiyasının prezidentinə də dedim. Biz Krım və Ukraynanın ərazi bütövlüyündən başqa Rusiya ilə istənilən dialoqa hazırıq. Ukrayna unitar dövlətdir, bu gerçək heç bir halda dəyişməyəcək”.
 
Prezident onu da bildirib ki, Ukrayna ən qısa zamanda Avropa Birliyi ilə Asossasiya Sazişi imzalaya bilər: “Avropa seçimi – əcdadlarımızın yaratdığı milli idealımızın özəyidir. Azadlıq və rifah içərisində, barış içində yaşamaq üçün nə etməli olduğumuz Avropa Birliyi ilə imzalayacağımız asossasiya sazişində yazılıb”.

Ukrayna üzrə bir sıra ekspertlər Petro Poroşenkonun Ali Radaya növbədənkənar seçkilər keçirmədən daxili və xarici siyasətə təsir imkanlarının az olacağını bildirirdilər. 

Petro Poroşenko Ukrayna prezidenti kimi ilk nitqində bu məsələyə də toxunub: “Hakimiyyətin tam yeni tərkibdə işə salınması üçün parlamentə yeni seçkilər keçirilməsi vacibdir. Hörmətli Ali Radanın bugünkü tərkibi Ukrayna toplumunun tələblərinə cavab vermir”. 

Petro Poroşenko dövlət dili məsələsinə də diqqət ayırıb: “Ukraynada yalnız Ukrayna dili dövlət dili olacaq. Bununla belə Ukrayna Konstirusiyası rusca və başqa dillərin də inkişafına şəraiti təmin edir. Azad yaşamaq insanın öz ana dilində azad danışmağından başlayır”.

Çıxışının sonunda prezident P.Poroşenko Ukraynaya barış, rifah, bütövlük arzuladığını deyib. Ali Radanı tərk edən prezident öz korteji ilə Sofiya Meydanına gəlib. Meydanda Siyahlı Qüvvələrin fəxri heyətləri ilə salamlaşan P.Poroşenko Ukrayna əsgərinin qarşısında baş əyib. Yaylım atəşinin sədaları altında P.Poroşenko və Silahlı Qüvvələrin şəxsi heyəti Ukrayna milli marşını səsləndirib.

Sonda Ukrayna prezidenti Petro Poroşenko din xadimlərinin xeyir-duasını almaq üçün kilsəyə gedib.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR